525.Az

Milli Kitabxanada “Molla Nəsrəddin – 115” adlı sərgi təqdim olunub


 

Milli Kitabxanada “Molla Nəsrəddin – 115” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Aprelin 7-də ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in nəşrə başlamasının 115 ili tamam olur. Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazmışdır. Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanmış və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynamışdır. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunmuş və öz layiqli qiymətini alıb.

“Molla Nəsrəddin” jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınmış poeziya nümunələri ilə yanaşı dura biləcək karikaturaları da mühüm rol oynayıb.

525.az xəbər verir ki, bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Nəsrəddin – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar yazılmış kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Nesreddin_115/index.htm linkindən istifadə edə bilərlər.

 





07.04.2021    çap et  çap et