525.Az

Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsi yekunlaşıb


 

Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsi yekunlaşıb<b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ötən ilin fevral ayında elan olunan "Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə" adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən yekun tədbirdə hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmi təmsilçiləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, respublikamızın TÜRKSOY təşkilatındakı nümayəndəsi, rəssamlar iştirak ediblər.

AMM-in direktoru Samir Abbasov sərgi haqqında məlumat verərək müsabiqədə hər iki ölkənin gənc rəssamlarının Qarabağa dair duyğu və düşüncələri, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs və ədəbiyyat nümunələrinin əks edildiyini bildirib.

S.Abbasov Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi tarixən türk dünyasına və bəşəriyyətə verdiyi töhfələrdən danışıb, dünyanın heç bir şəhərinin bu qədər mədəniyyət, sənət adamı yetişdirmədiyini, tarixi abidələrə malik olmadığını qeyd edib. O, Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevdən sitat gətirib: "Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir".

Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan danışıb, AMM-in keçirdiyi bu layihəni yüksək qiymətləndirib, sərginin yalnız rəsm müsabiqəsindən ibarət olmadığını, xalqlarımız arasında möhkəm dostluq əlaqələri və körpü yaratdığını bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təmsilçisi, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov hər iki ölkənin gənc rəssamlarının iştirak etdiyi müsabiqənin əhəmiyyətini qeyd edərək, nümayiş olunan rəsmlərdə Azərbaycanın Qarabağ bölgəsinin qədim tarixi, zəngin mədəni irsi, yetişdirdiyi dahi şəxsiyyətlər, gözəl təbiətinin canlandırıldığını vurğulayıb.

Özbəkistan Mədəniyyət Nazirliyinin təmsilçisi Marufjon Yuldashev çoxəsrlik Azərbaycan-Özbəkistan dostluğunun uğurla inkişaf etdiyini qeyd edərək, eyni soy-kök, mədəniyyət, adət-ənənələri bölüşən xalqlarımızın qardaş olduğunu söyləyib. O, yaradılmış rəsm əsərlərində Azərbaycanın incisi olan, təkrarsız mədəniyyətə, təbiətə malik Qarabağın türk dünyası üçün də əvəzolunmaz müqəddəs bir məkan kimi əks olunduğunu vurğulayıb.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Özbəkistandakı səfirliyinin Mədəniyyət-Mətbuat məsələləri üzrə müşaviri Alparslan Akıncı, şair-publisist Əkbər Qoşalı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Türk dünyası arasında birliyə xidmət edən layihəni yüksək qiymətləndirərək xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildiriblər.

Sonra S.Abbasov rəsm müsabiqəsində seçilən əsərləri və qalibləri elan edib.

Müsabiqədə Azərbaycan tərəfdən gənc rəssam Fərəh Babayevanın qrafika üslubunda çəkdiyi "Qarabağ musiqiçilər məclisi" əsəri birinci, Lalə Hüseynovanın yağlı boya ilə Azərbaycan bayrağı fonunda çəkdiyi "Qarabağa qayıdış" kompozisiyası ikinci, Gülşən Baxşəliyevanın "Şuşanın panoraması" əsəri isə üçüncü yerə layiq görülüb. S.Abbasov bildirib ki, ölkəmizdən Aytən Məmmədova, Sara Qədimova, Arzu Abduləzizova, Türkan Babayeva xüsusi mükafata layiq görülüblər.

Özbəkistan tərəfdən gənc rəssam Gulnoz Calalovanın çəkdiyi "Qarabağ kəndi" əsəri birinci, Husniya Azadovanın "Qarabağlı qadın" obrazı ikinci, Abrorcan İzzatullayevin "Qarabağ təbiəti: kükrəyən dağ çayı" əsəri üçüncü yerə layiq görülüb. Özbəkistan tərəfindən Xudayar Atamuradova, İroda Xudayberqanova, Mircalol Xoliqova, Firangiz Komilcanova, İlgiz Hakimov mükafat alıblar.

Tədbirin yekununda müsabiqəyə təqdim olunan əsərlərin əsasında yaradılan videoçarx Qarabağ şikəstəsinin sədaları altında nümayiş etdirilib.

 





07.04.2021    çap et  çap et