525.Az

Bolqarıstanda parlament seçkiləri


 

ÖLKƏDƏ TÜRK AZLIĞININ DƏSTƏKLƏDİYİ "HÜQUQ VƏ AZADLIQLAR UĞRUNDA HƏRƏKAT" PARTİYASI CİDDİ SİYASİ QÜVVƏYƏ ÇEVRİLİR

Bolqarıstanda parlament seçkiləri<b style="color:red"></b>

Aprelin 4-də Bolqarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Boyko Borisovun rəhbərlik etdiyi QERB Partiyası rəqiblərini qabaqlayaraq seçkidən birinci partiya kimi çıxdı. Bu isə Boyko Borisova növbəti hökuməti formalaşdırmaq imkanı verir.

Doğrudur, QERB Partiyasının təkbaşına hökumət qurması mümkün deyil. Baş nazirin rəhbərlik etdiyi partiya bütün rəqiblərini üstələsə də, seçicilərin əksəriyyətinin dəstəyini qazana bilməyib. Məlumatlara görə, QERB Partiyası seçicilərin 25 faizinin dəstəyini qazanıb. Buna görə də növbəti hökuməti qurmaq üçün Boyko Borisov parlamentdə təmsil olunmaq hüququ qazanmış digər dörd partiyadan ikisinin dəstəyini almalıdır. Məlumatlara görə, baş nazirin partiyası ilə yanaşı, parlamentdə ən azı 4 siyasi təşkilat təmsil olunmaq hüququ qazanıb. Rəsmi nəticələr açıqlanandan sonra parlamentdə təmsil olunan partiyaların sayının artması da istisna deyil.

Seçkidən əvvəl əsas müxalifət təşkilatının - Bolqarıstan Sosialist Partiyasının da mövqelərini itirdiyi haqqında məlumatlar var idi. Qeyri-rəsmi məlumatlara görə, sosialistlər ikinciliyi əldən verərək üçüncü ola biliblər. Ötən il yaradılmış populist "Belə bir xalq var" partiyası isə ciddi uğur qazanaraq seçkidə iştirak edən seçicilərin 17 faizinin dəstəyini qazanıb. Türk azlığının dəstəklədiyi "Hüquq və azadlıqlar uğrunda hərəkat" partiyasının ötən seçkilərlə müqayisədə daha uğurla çıxış etdiyi aydın görünür. Qeyri-rəsmi məlumatlara görə, türklərin partiyası hətta milliyyətçi "Bolqarıstan milli hərəkatı" partiyasını da qabaqlaya bilib. 

Təhlilçilər isə diqqəti son illər Avropanın əksər ölkələrində müşahidə olunan populist siyasətçilərin uğur qazanması prosesinin Bolqarıstanda da təkrarlanmasına çəkirlər. "Belə bir xalq var" Partiyası ötən il teleaparıcı və şoumen Slavi Trifonov tərəfindən yaradılıb. Slavi Trifonov populist mövqeyi ilə diqqət çəksə də, Avropanın digər ölkələrindəki populist siyasətçilərdən fərqlənir. Buna görə də Slavi Trifonovu daha çox Ukrayna prezidenti Vladimir Zelenski ilə müqayisə edirlər. Səsvermənin ilkin nəticələri bəlli olduqdan sonra Slavi Trifonov bəyanatla çıxış edərək hakim partiya ilə yanaşı, müxalif Bolqarıstan Sosialist Partiyası ilə əməkdaşlıq etməyəcəyini açıqlayıb. Əgər Trifonov yaxın günlərdə mövqeyini dəyişməsə, Boyko Borisov hökumət qurmaqda çətinlik çəkəcək. "Belə bir xalq var" partiyasının gözlənilməz uğuru siyasi səhnədə elə vəziyyət yaradıb ki, son seçkiyə kimi bir-birinin qatı müxalifəti olan QERB Partiyası ilə sosialistlər yeni hökumət üçün ya anlaşmalı, ya da növbəti seçkini göz önünə almalıdırlar. Hətta seçkinin rəsmi nəticələri açıqlanan zaman "Ayağa qalx! Mafiya rədd ol" və "İradə" partiyalarının parlamentdə təmsil olunduqları aydınlaşsa da, bu hal da vəziyyəti kəskin dəyişməyəcək.

Bolqarıstanda belə vəziyyətin yaranması siyasətçilərin adının tez-tez korrupsiya və rüşvət olaylarında hallanması ilə izah edilir. Bolqarıstan Avropa Birliyi ölkələri arasında korrupsiyanın yüksəkliyinə görə fərqlənir. Bolqarıstan "Transparency İnternational" Beynəlxalq Təşkilatı tərəfindən də korrupsiyanın səviyyəsinin yüksək olduğuna görə sərt tənqid olunur. İş o yerə çatıb ki, prezident Rumen Radev də korrupsiyaya görə hökuməti tənqid etməkdən çəkinmir. Cavab olaraq baş nazir Borisov isə prezident Radevanı dron vasitəsilə onu izləməkdə ittiham etmişdi.

Belə görünür ki, son 12 ildə üç dəfə dayanaqlı hökumət qurmağı bacarmış Boyko Borisov bundan sonra ən yaxşı halda koalisiyalı hökumətin başçısı olacaq. Geniş tərkibli koalision hökumətin isə ömrünün uzun olmayacağını da proqnozlaşdırmaq mümkündür.

Təhlilçilər Bolqarıstanda siyasi səhnədə vəziyyətin kəskin dəyişməyəcəyini, əksinə, koronavirus pandemiyasının və iqtisadi münasibətlərin zəifləməsinin təsiri altında sosial-iqtisadi vəziyyətin daha da pisləşəcəyini ehtimal edirlər.

Son parlament seçkilərindən sonra Bolqarıstanda diqqət çəkən yeganə məqam türk azlığının dəstəklədiyi "Hüquq və azadlıqlar uğrunda hərəkat" partiyasının ciddi siyasi qüvvəyə çevrilməyə başlamasıdır. Hətta bundan sonra türklərin istənilən hökumətdə təmsil olunma ehtimalları da çox real görünməyə başlayır. Siyasi səhnədə hansı siyasi partiyanın önə çıxmasından asılı olmayaraq türklər Bolqarıstanın siyasətinə təsir edən faktora çevrilmək ərəfəsindədirlər.

 





07.04.2021    çap et  çap et