|
|
|
|
Bu gün xaricdə işləmək arzusunda olan insanlarla, yəqin ki, hər birimiz qarşılaşırıq. Müasir dövrdə ölkədən kənara çıxmaq o dərəcədə asanlaşıb ki, insanlar bu məsələdə qarşılarına çıxan hər fürsəti dəyərləndirməyə çalışırlar. Bəs bu fürsətləri yaxşı dəyərləndirmək, xaricdə işləmək şansını qaçırmamaq üçün nə etmək lazımdır? "Amazon" şirkətinin biznes analitiki Yaşar Əhmədli ilə söhbətimiz də elə bu mövzudadır.
Qeyd edək ki, Yaşar Əhmədli 1990-cı ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olub. 2007-ci ildə Orta Doğu Texniki Universitetində Sənaye mühəndisliyi üzrə bakalavr təhsili almaq üçün Ankaraya gedib. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq sərhəd qoşunlarında bir il hərbi xidmət keçib. 2013-cü ildə Finlandiyada Sənayenin idarəolunması üzrə magistratura dərəcəsi alıb...
Bundan sonrasını isə Yaşar Əhmədlinın öz dilindən eşidək.
***
- Finlandiyada təhsil alanda "Erasmus proqram"ı vasitəsilə Madriddə müəyyən qədər vaxt keçirmə imkanım oldu. Bu təcrübələr mənə dərsdən əlavə, həyatla bağlı fərqli mühit və fərqli mədəniyyətlərlə tanış olmaq, fərqli insanlarla necə işləməyi öyrənmək imkanı yaratdı. 2015-ci ildə yenidən iş həyatına atılaraq iki il SOCAR-ın karbamid zavodu layihəsində işlədim. Şirkətimiz finlərin "Nestle" şirkəti tərkibində SOCAR üçün konsultasiya xidməti göstərirdi. Daha sonra məni almanların BASF adlı nəhəng kimya şirkətlərinin Azərbaycandakı zavoduna istehsalat şöbəsinin müdiri vəzifəsinə dəvət etdilər. Qısa müddət orada işlədikdən sonra məni həmin şirkətin Dubaydakı zavoduna göndərdilər. 2019-cu ilin ortalarına qədər Dubayda istehsalın idarəolunması kimi işlərlə məşğul oldum. Elə 2019-cu ildə "Linkedin" tətbiqi üzərindən Lüksemburqda "Amazon" şirkətində biznes analitik kimi işləmək imkanı olduğu haqda mənə mesaj gəldi. Bu, mənim üçün maraqlı göründü. Müəyyən intervülərdən keçdikdən sonra iş təklifi aldım. Viza işlərini həll etdikdən sonra Lüksemburqa köçdük. Köçdükdən 2-3 ay sonra burada da pandemiya başladı. Pandemiya "Amazon"a pis yox, əksinə, yaxşı təsir elədi. Onlayn satışlar və işlər həddən artıq çoxaldı. Pandemiyadan sonra hamımız daha sürətli və dinamik tempdə evdən işləməyə başladıq. Hazırda il yarımdır ki, Lüksemburqda "Amazon" şirkətinin Avropa Birliyi üzrə mərkəzində işləyirəm.
Vəzifəmin adı biznes analitik gedir, amma işimizə bir çox fərqli tapşırıqlar daxildir. Gün ərzində Avropa Birliyi ərazisində beş, on, iyirmi, bəzən 25 milyon sifariş olur. Komandamız əsasən Avropa Birliyi ərazisində "Amazon"nun sifarişlərini optimal və ən az xərclə çatdırmaqla bağlı işləyir. Prosesin səmərəli qurulması və idarəolunması, hansı ambardan hansı tır və kuryer şirkəti ilə müştəriyə necə çatacağı ilə bağlı məsələlərin planlaşdırılmasını edirik. Düzü, xaricə gedib işləmək mənim üçün əsas hədəf deyildi. Amma oxuduğum zaman bakalavr və magistr dərəcəsi ilə Azərbaycanda istədiyim mövqeyə gələ bilməyəcəyimi göstərdi. Bütün sənaye mühəndisliyi, istehsalat, eləcə də elektron ticarət üzrə, demək olar, bütün nəhənglər qərb şirkətləridir. Belə olan halda, Azərbaycanda potensialımı istifadə edə biləcəyim böyük şirkətlər məhdud idi. Ona görə də, xaricə çıxmağı qərara aldım.
- Çox vaxt deyirlər ki, xaricdə təhsil alan adam üçün də oralarda iş tapmaq çətindir. Bunu necə izah edərdiniz?
- Çətin olduğu doğrudur. Çünki Avropa Birliyi ölkələrində belə bir qanun var ki, bir pozisiya açılırsa, ilk növbədə oranın yerli vətəndaşlarından həmin pozisiyaya uyğun işi göməyə hazır olan insanların olub-olmadığına baxılır. Əgər varsa, onu işə götürürlər. Tapılmasa, başqa Avropa ölkələrindən həmin pozisiyaya uyğun insan olub-olmadığına baxırlar. Əgər orda da tapılmasa, 3-cü ölkələrdə axtarırlar. Ancaq oxuduğun ölkədə iş tapmaq nisbətən asandır. Onun üçün də yerli dili öyrənmək, mədəniyyətə və düşüncə tərzinə uyğunlaşmaq lazımdır. Misal üçün, bir çoxları səhv olaraq, Fransaya gəlib fransız dilini bilmədən iş axtarmağa çalışırlar. Belə olan halda, təbii ki, iş tapmaq şansı azdır. Şəbəkələşmə çox vacibdir. Evdə kompüter qarşısında oturub hər yerə CV göndərməklə də olmur. Yerli dili yaxşı öyrənmək, dayanmadan sənəd vermək, tədbirlərdə iştirak edib insanlarla ünsiyyət qurmaq, "Linkedin" platformasından aktiv şəkildə istifadə etmək, intervülərdə olmaq lazımdır.
- Xaricdə işləyərək həyatlarını orada qurmaq istəyənlərin öz məqsədlərinə çatması üçün ilk edəcəkləri şey nə olmalıdır?
- Birinci məsələ yenə də təhsildir. Tutaq ki, siz Niderlandda işləməyi qarşınıza məqsəd qoymusunuz. Azərbaycanda oturub Niderlandda sənəd vermək mümkündür, ancaq işə qəbul ehtimalı həddən artıq aşağıdır. Əvəzində magistratura üçün də olsa, həmin ölkəyə getmək lazımdır. Çünki bir çox ölkə təhsilinizi bitirdikdən sonra iş axtarmaq üçün birillik viza verir. Həmin vizadan istifadə edərək rahat iş axtarmaq olar.
- Bəs bu zaman hansı çətinliklər və risklər var?
- Bayaq da qeyd etdiyim kimi, bir çox problemlər var. Ölkə, mədəniyyət, dil, mühit, insanların davranışları fərqlidir. Ona görə də, çox vaxt yeni gələn insanlar mədəniyyət fərqliliyi ucbatından şok yaşayırlar. Risk odur ki, iş tapmaya bilərlər. Ancaq məqsədyönlü şəkildə çalışdıqdan, əlindən gələn hər şeyi etdikdən sonra bu, mümkündür. İlk zamanlar hər şey çətin olsa da, öyrəşmək lazımdır.
- "Amazon" kimi hegemon şirkətdə işləyə bilmək üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
- "Amazon" kimi böyük şirkətlərdə işləmək üçün onların iş, yəni korporativ mədəniyyətini bilmək və ixtisasın üzrə usta olmaq lazımdır. "Amazon"un işə götürmə prinsipi çox fərqlidir. Şirkətin iş kültürünə uyub-uymadığını ölçüb ona əsasən işə götürürlər. Şirkətin bütün sahələrə tədbiq etdiyi 14 liderlik prinsipi var ki, ona uymağını istəyirlər. Vakansiya açılanda ora beş yüz min nəfər fərqli yerdən sənəd verirsə, məsələnin bir hissəsi kompüter alqoritmlərinin üzərinə düşür. Çünki bir pozisiya üçün 1000 dənə CV-ə baxmağa insanların vaxtı yoxdur. Kompüter ələkdən keçirdikdən sonra sona qalan 3-5 CV-yə insan baxır. Ona görə də CV göndərəndə nəzərə almaq lazımdır ki, "Applicant Tracking System" (ATS) deyilən proqramları keçmək vacibdir. Əks halda, CV-nı insan görmədən rədd cavabı gəlir.
- Xaricdə yaşayan azərbaycanlı milyoner və milyarderlər orada biznes qurmaq və ya işləmək istəyən həmyerlilərinə nə dərəcədə dəstək olurlar?
- Düzü, xaricdə yaşayan azərbaycanlı milyoner və milyarderlərin adını xəbərlərdə və televiziyada eşitmişəm, amma üz-üzə görüşmək imkanım olmayıb. Bir-iki şirkətdən başqa, dəstək olan eşitməmişəm. Ümumiyyitlə, belə şirkətlər olduqca azdır və hər ölkədə olmur. Lüksemburqda belə bir azərbaycanlı yoxdur. Amma Türkiyədə "Palmali" şirkətinin azərbaycanlılara yardım etdiyini görmüşəm.
- Bəs Azərbaycan diaspor təşkilatları yerlilərimiz tərəfindən qurulan bizneslərə təbliğat baxımından yardım edirlər?
- Diaspor məsələsi qəlizdir. Qəbul etmək lazımdır ki, bizim diasporlar çox da effektiv deyil. Mən belə bir şey eşitməmişəm, görməmişəm. Diasporların özlərinin böyük büdcəsi yoxdur. Müəyyən vaxtlarda Azərbaycan dövləti tərəfindən maliyyə vəsaitləri hesabına ayaqda durmağa çalışıblar. Ölkədə neftin qiyməti düşəndən sonra onlar da böyük ölçüdə kəsilib. Ən azından mən olduğum ərazidə Azərbaycan diasporunun nə elə böyük maddi qüvvəsi var, nə də o yöndə hansısa işlər görürlər. Burada olan yerlilərimizin çox az hissəsi sahibkarlıqla məşğul olur, digərləri şirkətlərdə işləyir, onlar da öz başlarının çarəsinə baxırlar.
- Xaricdə işləmək istəyənlərə nələr tövsiyə edərdiniz?
- İlk növbədə hansı ölkədə işləmək istədikləri ilə bağlı qarşılarına hədəf qoymalıdırlar. Məsələn, Skandinaviya ölkələrimi, Qərbi Avropamı, Benilüks ölkələrimi, Almaniya və ya İtaliyamı və s. Hansı ölkəni istədiyini qərarlaşdırmaq, əvvəlcədən həmin ölkənin dilini, mədəniyyətini öyrənməyə hazırlaşmaq lazımdır. Daha sonra ən azından magistratura oxumaq üçün həmin ölkəyə getmək, fiziki olaraq orada olmaq, gedən gündən tədbirlərdə iştirak etmək, könüllü də olsa, yerli cəmiyyətlə müəyyən əlaqə qurmaq və aktiv olmaq lazımdır. Diplomu alacağınız gün yox, daha əvvəldən CV göndərməyə və intervülərdə iştirak etməyə başlamaq lazımdır. Pandemiyadan öncə iş yarmarkaları olurdu, belə fürsətlərdən yararlanmaq və diplom aldıqdan sonra iş axtarmaq üçün verilən vizanı dəyərləndirərək kiçik, böyük, ya da orta səviyyəli şirkət olmasından asılı olmayaraq, hardasa işə başlamaq vacibdir. Qərbdə bunun elə də böyük fərqi yoxdur. Maaşlı işçi olursunuzsa, sığortanız, təqaüdünüz, hər şeyiniz qayda-qanunla olur. Ona görə də, qarmaq atıb mütləq bir yerdən başlamaq lazımdır. Zaman gələr, özünüzü inkişaf etdirib daha böyük yerlərə keçərsiniz.
Aytac ASLAN