525.Az

Axına qarışıb yox olmaq - Akifə Abbas yazır


 

Axına qarışıb yox olmaq - <b style="color:red">Akifə Abbas yazır </b>

Ailə nədir? Dünyaya gəldiyimizdə gözümüzü açıb ilk gördüyümüz insanlarmı? Bizi    birləşdirən hansısa qan bağımı? Eyni soyadı bölüşdüyümüz şəxslərmi? İlk addım atmağı öyrədib gələcəkdə yeriyəcəyimiz yolda bizə bələdçilik edənlərmi? Bizdən birilərimi? Yoxsa eyni dam altında yaşamağa məcbur olduğumuz insanlarmı? Evin quru divarlarımı? Səssiz, soyuq hiss etdirən, tərpənməz laqeydlilikmi? Ailə nədir?

Ailə daha çox sevgidir.

Üç nəfərdən ibarət bir ailə canlandırın gözünüzdə. Adı ailə, özlüyündə soyuq daş parçası. Laqeyd ata, heç nədən başı çıxmayan sakit, səssiz ana, sevgisiz böyüyən qaraqabaq bir uşaq. Dörd divar arasında yaşayan canlı ev əşyaları.

Mingəçevir şəhəri. Avarçəkmə yarışlarına hazırlaşan Əli müəllim və komandanlıq etdiyi qrupda "kapitan" rütbəsində olan oğlu. "Ərin səni aldadır" - deyən qonşu qadın. Ərinə güvənən biçarə həyat yoldaşı. Və Əlinin məşuqəsi polşalı qadın. Tipik ailə dramı. Sevginin nə olduğu bilməyən boş bədənlər. Onu başqa bədənlərdə axtaran Əli. Və bu sevgisizlikdə axına qarışıb yox olan övlad. Öldümü? Yaşayırmı? Yaşayırsa, haradadır? Ölübsə, bəs meyiti? O cansız bədəni hansı bataqlıqdadır?..

 

Asif Rüstəmovun 2014-cü ildə ekranlara gətirdiyi "Axınla aşağı" filminin adını ilk eşitdiyim andan bəri çox cəlb etmişdi. Hər hansı sənət əsərinin adı onun ideyasına işarə vurmalıdır. İnqmar Berqmanın "Persona"sı kimi. Fellininin "Səkkiz yarımı" kimi. Və bir çox dadı damaqda qalan sənət əsərləri kimi. "Axınla aşağı" filminin hansısa Azərbaycanlı ziyalısından bəhs etdiyini düşünmüşdüm. Kefli İsgəndərin tipajında bir nəfərin cəhalət bataqlığında axınla üzü aşağı məhv olmasından bəhs edərdi uzaqbaşı. Ancaq film valideynlərini yoxluğu ilə cəzalandırmaq istəyən bir nəfər yeniyetmənin göldə itkin düşməsindən danışır. Bir az birbaşalıqla. Çox da dərin qatlara enmədən. Bir az üzdən. Film sanki sonlara yaxın daha axıcı olmağa başlayır. Aciz ana tipajını meydan oxuyan güclü qadın əvəz edir. Laqeyd ata gedir, yerinə oğlunu itirdiyi üçün peşman ata tipajı gəlir. Rollar dəyişir. Polşalı qadın da hardasa gözə dəymir. Ancaq oğul tapılmır. Tapılacağına dair ümid də yoxdu. Bir müddətdən sonra axtarış məcburiyyətə çevrilir. Nə oğul tapılmaq istəyir, nə də ata tapmaq. Üstündən bu müddət keçdikdən sonra tapılacaq olan yalnız ölü bədəndir. Bəlkə də sonlara yaxın atanın üzünü görmədiyimiz cəsədə baxanda qopardığı fəryad onun axtarışını dayandırmaq istədiyini bildirirdi. Bəlkə oğul ölüb, bəlkə artıq haradasa başqa yerdədi. Axın onu başqa dünyalara aparıb? Lap nağıllardakı kimi. Amma məqsədinə çatıb. Dörd divar arasında lal-dinməz əşyalara çevrilən ata və ana sevgi damı altında birləşirlər. İtkin oğlun geyinilməmiş təzə ayaqqabılarına tamaşa edərək.

Filmin əvvəlində Əlinin oğluna "mənə uşaqların içində Ata demə!" deyə dayanmadan irad tutması gülünc görünmüşdü. Niyə axı? Guya ki, obraz sərt ata tipajıdı? Sizcə sərt, laqeyd ata budur? Həm də uşaqlar onun atası olduğunu bildiyi halda. Evdə həyat yoldaşına qarşı gərəksiz qışqırıqlar, daim qaraqabaq rəftar, qadının sakit dözməyə çalışması. Bütün bunlar ikrah hissi oyandırır. Rejissor sanki ailə dramı yaratmaq üçün ailə dramı yaratmışdı. Daha bir aspektdən baxsaq, filmin əsas hədəfi bəlkə də laqeydlik olmalı idi. Əli meyitə baxmaq üçün içəri girərkən, çöldə onu gözləyənlərin adi məişət dialoqları əslində, içəridə yatanın yox, ölüm kimi ciddi bir məsələyə də biganə olanların da cəsədə çevrildiyinə işarə idi.

 





07.04.2021    çap et  çap et