525.Az

Sirli və qorxulu rəsmlərin əbədi cazibəsi - Şahanə Müşfiqin araşdırması


 

Sirli və qorxulu rəsmlərin əbədi cazibəsi - <b style="color:red">Şahanə Müşfiqin araşdırması </b>

Dünya rəssamlıq tarixində özünün fərqli hekayəsi, mistikaya yaxın əfsanəviliyi ilə məşhurluq qazanan rəsm əsərləri az deyil.

Belə əsərlər, adətən, olduğu yerə və ya sahiblərinə uğursuzluq gətirmələri, müxtəlif bədbəxtliklərə yol açmaları ilə bilinir. Həmin incəsənət nümunələrini fərqli və maraqlı edən əsas səbəblərdən biri də məhz budur. Bu yazıda onların bəziləri haqda söz açacağıq. 

Gözəl və cazibədar "Naməlum qadın" 

Klassik rus rəssamlığının görkəmli nümayəndəsi İvan Kramskoy 1883-cü ildə bir portret çəkdi. Əsərdə təsvir olunan dəbdəbəli qara xəzdə, məxmər paltarda olan, başına xəz papaq, əllərinə nazik dəri əlcək taxmış, sakit ruha malik, cəsarətli baxışlı, məğrur duruşlu bu gözəl qadın baxan hər kəsə tanış gəlirdi. Sanki onlar bu qadını hardasa görmüşdülər, amma heç cür xatırlaya bilmirdilər. Olan isə bu idi ki, bu naməlum qadını kimsə tanımırdı. Beləcə, qısa müəddətdə əsər ətrafında söz-söhbət yayılmağa başladı. İnsanlar bu qadının kimliyiylə maraqlansalar da, rəssam inadla susur və heç bir açıqlama vermirdi. Əsər rus rəssamlığının ən məşhur işlərindən olmasına baxmayaraq, tənqidçilər rəssamı əxlaqsız, lovğa qadını təsvir etməkdə ittiham edirdilər.

Əsər Tolstoyun "Anna Karenina" romanının nəşrindən sonra ortaya çıxmışdı. Bir çoxları rəssamın ehtirasa qapılan və sosial statusunu itirən əsas obrazı - Annanı canlandırdığını deyirdilər. Başqa bir qrup isə naməlum cazibədar qızın Dostoyevskinin "İdiot" əsərindəki Nastasya Filippovna ilə oxşarlıqlarını tapırdı.

Rus jurnalist və yazıçı İ.Obolenski heç bir versiya ilə razılaşmır, naməlum qadının əsərlərdəki yox, həyatdakı prototipini axtarırdı. Onun fikrincə, prototip Çar İsgəndərin sevimlisi Varvara Türkestanişvili idi. Bu gürcü şahzadəsinin qeyri-adi bir qız olmasını müasirlərinin xatirələri də sübut etdi. Bütün bu fərziyələrə baxmayaraq, həqiqət olan budur ki, İ.Kramskoyun əsərinin qəhrəmanı günümüzə qədər sirrini qoruyub-saxlayır.

Əsərin üzə çıxdığı ilk vaxtlardan ətrafını saran söz-söhbətə görə dövrünün məşhur qalereyaçısı olan Pavel Tretyakov ilk vaxtlar onu almaqdan imtina edir. Buna görə də "Naməlum qadın" başqa birinin şəxsi kolleksiyasına daxil olur. Maraqlıdır ki, tablonun sahibini tezliklə həyat yoldaşı tərk edib. Baş verənlərin səbəbini tabloda görən kolleksioner tələsik onu satıb. Çox keçmir ki, ikinci sahibinin evi yanır və o, bu yanğında bütün mülkünü itirib. Ancaq portret salamat qalıb. Beləliklə, portret getdiyi hər evə uğursuzluq, hər yeni sahibinə bədbəxtlik gətirib. Ta ki, 1925-ci ildə Rusiyaya qayıdıb Tretyakovun qalereyasına düşənə qədər. Bundan sonra "Naməlum qadın" öz istəyinə çatmış kimi "rahatlıq tapıb".

Gənc qadınları dəli edən əsər... 

Qəribə olsa da, bu əsərin də müəllifi İ.Kramskoydur. Onun növbəti "mənfi şöhrət" qazanmış əsəri "Su pəriləri" tablosudur. Bu da ətrafında ən çox əfsanələr dolaşan rəssamlıq nümunəsidir. "Su pəriləri" əsərinin ideyası Qoqolun "May gecəsi və ya boğulan qadın" hekayəsindən gəlir. Məşhur inanca görə, suda boğulan qızlar öləndən sonra su pərisi olurlar. Rəsmin qəhrəmanı da məhz onlardır. Qoqolun əsərlərini çox sevən rəssam realist sənətkar olmasına baxmayaraq, öz yaradıcılığı üçün də yeni və gözlənilməz mövzuya müraciət etmişdi.

Tənqidçilər bu mövzunun nə qədər fantastik olduğuna inansalar da, Kramskoy özünün realist əsər yaratdığına əmin idi. Bir müddət insanları da inandıra bilmişdi. Amma elə ilk sərgidən sonra əsər ətrafında miflər yaranmağa başladı. Belə ki, "Mermaids" adlı ilk sərgidə əsər A.Svrasovun "Rooklar gəldi" tablosunun yanında asılır. Gecə qəfildən tablo asıldığı yerdən yıxılır. İnsanlar su pərilərinin belə bir qonşuluğu sevmədikləriylə bağlı zarafatlar da edirlər. Lakin zarafatlar az sonra ciddiləşməyə başlayır.

 

P.Tretyakov sərgidən sonra hər iki əsəri alıb qalereyasına daxil edir. "Rookslar gəldi" tablosu üçün dərhal yer tapılır və rahatlıqla asılır. Amma "Su pəriləri" üçün heç cür yer tapa bilmirlər, tablo otaqdan-otağa "keçir". Məsələ burasındadır ki, əsərin asıldığı salondan gecələr həzin mahnı səsi eşidilir və su sərinliyi əsirdi. Bir müddət sonra xaidmələr binaya girməkdən imtina edirlər.

İnanclara elə də etibar etməyən Tretyakov əvvəlcə bunlara məhəl qoymur, ancaq bir dəfə özü bu tablonun yanında çox yorğun düşdüyünə diqqət verir. Qalereyanı ziyarət edənlər də bu şəkilə uzun müddət baxmağın mümkün olmadığından şikayətçi idilər. Tezliklə, "Su pəriləri"nə uzun müddət baxan gənc xanımların dəli olduqları və hətta onlardan birinin özünü Yauzada boğduğu barədə şayiələr yayılır. Təbii ki, hadisənin bu tabloyla bağlılığına dair ciddi dəlil yox idi.

Tretyakov ailəsində yaşayan qoca dayə rəsmi gün işığı düşməyən küncə qoymağı tövsiyə edir: "Günəş işığı altında su pəriləri üçün çətindir, onlar gecələr də sakitləşə bilmirlər. Kölgədə bütün bu narahatlıqlar dərhal dayanacaq". Tretyakov nə qədər xürafatdan uzaq olsa da, məsləhəti dinləyir və əsəri gün işığı düşməyən yerə qoyur. O vaxtdan bəri qalereya ziyarətçiləri daha "Su pəriləri"ndən şikayətçi deyillər.  

"Ağlayan uşağ"ın sirri... 

1950-ci illərdə italyan rəssam Bruno Amadiona tərəfindən çəkilən rəsm İngiltərədə 250000-dən çox satılmışdı. Sağlığında Venesiyadakı turistlərə rəsm sataraq yaşayan Amadionun tanınan 27 rəsm əsəri var. Daha çox Giovanni Bragolin kimi tanınan sənətkar əsərlərində bəziləri "qaraçı uşaqlar" kimi xatırlanan ağlayan uşaqların rəsmini çəkirdi. 1950-ci illərdən etibarən bütün dünyanı dolaşmağa başlayan rəsmin yüzlərlə fərqli versiyasi yayılıb. Rəsmlərdə dəyişməyən tək şey isə uşağın göz yaşları və məsum baxışları idi.

 

Əsər ilk dəfə təqdim olunanda hər kəs heyrətə gəlmişdi. Çünki portret çox real görünürdü. İnsanlar bunun təsadüf olmadığına inanırdılar. Deyilənə görə, rəssam bu tablonu öz oğlunu qorxudaraq çəkib. Belə ki, oğlunun oddan qorxduğunu bilən müəllif onun üzünə yaxın məsafədən odu tutarmış, uşaq da qorxub ağlayarmış.

Otuz il müddətində İngiltərənin yoxsul məhəllələrində daha çox məşhur olan tablonun 50 min nüsxəsi həmin məhəllələrdə satılmışdı. İngilis qəzeti "The Sun"-ın 4 sentyabr 1985-ci ildə yayımladığı xəbərdə mədən qəsəbəsi Yorkşirdəki bir yanğınsöndürənin bütünlüklə yanan evlərdə bu rəsmlərin heç zərər görmədiyini iddia etdiyi yazılmışdı. Bu xəbər rəsm sahiblərini təşvişə salıb. Qəzetin elanından sonra 2500 oxucu evlərindəki rəsmləri qəzetə göndərir və rəsmlər toplu şəkildə yandırılır. Bundan sonra minlərlə insan qəzetə zəng edərək öz yaşadıqlarını danışırlar. "Ağlayan uşaq" rəsmindən gecələr ağlama səsi gəldiyi, göz yaşlarının qan rənginə dönüşdüyü, rəsmin öz-özünə titrəməyə başladığı deyilirdi. Beləcə, rəsmə "lənətli" damğası vurulur. Sonralar onun "lənət"i Çilidə davam edir. Bu ölkənin mətbuatının yazdığına görə, 80 nəfərə yaxın insan həmin rəsmin yer aldığı afişa üzündən başlarına pis hadisələr gəldiyini, boşandıqlarını, işlərindən qovulduqlarını, evlərində yanğın çıxdığını iddia ediblər. 

Uşaqların kabusu... 

Amerikalı rəssam Bill Stouhnemin 1972-ci ildə çəkdiyi "Əlləri ona qarşı çıxır" tablosunu isə uşaq olan evdə saxlamaq olmaz. İddia edilir ki, tablonun bir çox sahiblərinin uşaqları əsər alındıqdan sonra xəstə düşüblər və kabuslar görməyə başlayıblar. Onların bir çoxu şəkildəki uşaqların onların yanına gəldiyini, ya da bir-biriylə mübahisə etdiklərini deyirdilər. 2000-ci illərin əvvəllərində tablo bir neçə dəfə auksiona çıxarılıb və bir milyon dollara satılıb. Bu məbləğə özü də təccüblənən rəssam maraqlanaraq əsər ətrafındakı miflərdən xəbərdar olub.

 

Araşdırmalar əsər ətrafındakı silsilə ölümləri üzə çıxarır. Belə ki, 1978-ci ildə Billin əsərlərini aşadıran "Los-Anceles Times" qəzetinin əməkdaşı Henri Seldis intihar edir. Dostları onun ağır depressiyada olduğunu deyirlər. Ondan üç il sonra əsərin başqa sahibi - kolleksiyaçı Çarlz Feingarten vəfat edir. O, ölməzdən öncə əsəri aktyor Con Marleyə satmışdı. Con da onu 1984-cü ildə başqa birinə verir və özü əməliyyat masasında ölür. Beləliklə, bu əsərə bir dəfə baxan hər kəsin öldüyü iddia olunur. Rəssam özü isə bu iddialara sadəcə gülür. Ona bu əsəri yenidən çəkmək təklif olunsa da, razılaşmır, əvəzində 2004-cü ildə silsilənin 2-ci rəsmini - "Eşikdə müqavimət"i çəkir. Fərq o idi ki, oğlan uşaq yox, orta yaşlı kişi idi, kukla havada üzü və söküldüyü görünür. 2012-ci ildə rəssam silsilənin 3-cü rəsmini çəkir - "Vəhylərin astanasında". Burada 100 yaşlı qoca təsvir olunub. Kukla isə artıq canlı qızdır, əlində kukla tutub. Kuklanın "canlanmağının" səbəbi isə budur ki, uşaqlıqdan kimsəsiz böyüyən rəssam 50 ildən sonra heç görmədiyi bacısını tapmışdı. Təəssüf ki, o, rəsmi bitirdiyi il bacısı vəfat edir.

Silsilənin son və ən qəribə şəkli 2017-ci ildə üzə çıxdı. "Əllər ixtira etdi" adlanan rəsmdə ilk şəklin bir hissəsini görürük, ancaq fərqli bucaqdan. Mavi köynəkli oğlan pəncərənin bu üzündədir. O biri üzdə bir uşağın silueti və "Əllər ona qarşı çıxır" tablosundakı kukla görünür.

***

Ətrafında miflər, əfsanələr dolaşan, bu günə kimi də sirrini qoruyub-saxlayan bu cür əsərlər kifayət qədərdir. Maraqlı olan odur ki, bu cür vahiməli hekayələrinə rəğmən, insanlar onlardan vaz keçmir, yenə də evlərinin, qalereyalarının ən gözəl yerində sərgiləməyə davam edirlər. Sənətin gücü də məhz budur, yəqin ki...

 





07.04.2021    çap et  çap et