525.Az

İsa Həbibbəylinin "Mollanəsrəddinçilik təlimi konsepsiyası" - Yazı


 

İsa Həbibbəylinin "Mollanəsrəddinçilik təlimi konsepsiyası" - <b style="color:red">Yazı</b>

Azərbaycan milli mətbuatının ilk satirik orqanı olan "Molla Nəsrəddin" jurnalı çoxəsrlik Azərbaycan ədəbiyyatının yeni mərhələsini formalaşdıran, ədəbi-ictimai fikri, milli düşüncə tərzini, ümumbəşəri dəyərləri böyük hadisəyə çevirən və yüksək müstəviyə qaldıraraq xalqa çatdıran monumental söz abidəsidir.

Satirik mətbuatımızın zirvəsini fəth edən "Molla Nəsrəddin" jurnalı mühitin və zamanın ictimai-fəlsəfi mahiyyətini açmaqla, professional şəkildə satirik publisistika, nəsr, satirik poeziya və karikaturanı inkişaf etdirməklə Azərbaycan ədəbiyyatı tarixində yeni realist ədəbi məktəbin - mollanəsrəddinçilik təliminin əsasını qoydu. Ədəbi məktəb səviyyəsinə yüksələn "Molla Nəsrəddin" jurnalı Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə və mədəniyyətinə töhfələr verdi, hətta Şərq və Qərb qovşağında sivilizasiyanın təkamülünə, təşəkkülünə və formalaşmasına güclü təsir göstərdi.

Milli mətbuatımızın yaranması, təşəkkülü və inkişaf mərhələlərini, tarixi epoxanı ardıcıl və sistemli izləmək, "Molla Nəsrəddin" jurnalının bu sferada yerini müəyyənləşdirmək, Üzeyir bəy Hacıbəylinin ilk dəfə "mollanəsrəddinçilər" adlandırdığı ədəbi nəslin yaradıcılığını bütövlükdə aşkara çıxarıb təhlil süzgəcindən keçirmək ədəbiyyatşünaslığın ən ümdə vəzifəsi kimi bir əsrdən artıqdır ki, aktuallıq kəsb edir. Problemin dərinliyi, rəngarəngliyi və çoxplanlılığı mövzunun çağdaş dövrümüzdə, müstəqillik işığında araşdırılması, öyrənilməsi və tədqiq edilməsi zərurətini ortaya çıxarır. Bu ensiklopedik dərgi hələ nəşr olunduğu zamandan tədqiq olunmağa başlamış, jurnalla bağlı çoxlu sayda tədqiqatlar, monoqrafiyalar, məqalələr yazılmış və böyük bir ziyalı nəsli bu araşdırmalardan yararlanmışdır. Ancaq bu tədqiqatların əksəriyyəti keçmiş Sovetlər Birliyi zamanında yazıldığı üçün həmin araşdırmalarda sosializm ruhunun təsiri də qaçılmaz olmuşdur. Bu cür yanaşma tərzi müstəqillik dövründə mollanəsrəddinçilik təliminə yenidən qayıtmağı gündəmə gətirmişdir. Bu baxımdan akademik İsa Həbibbəylinin "Mollanəsrəddinçilik təlimi" ötən əsrin 90-cı illərində tamamilə orijinal, yeni baxış müstəvisində yaradılmış monumental bir araşdırma kimi diqqəti cəlb edir. Alim öz sələfləri olan Əli Nazim, Mirzə İbrahimov, Əziz Şərif, Mir Cəlal, Firudin Hüseynov, Qulam Məmmədli, Əziz Mirəhmədov, Abbas Zamanov, Nazim Axundov, Yaşar Qarayev, Kamran Məmmədov və başqa görkəmli ədəbiyyatşünasların dəyərli, qiymətli tədqiqatlarını oxuyub fikir süzgəcindən keçirmiş, əxz etmiş və özünün yeni, bənzərsiz, orijinal ədəbi-mədəni baxışlar sistemini formalaşdırmışdır. Buna görədir ki, İsa Həbibbəylinin 1996-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında azərbaycançılıq təfəkkürü və çoxsaylı yeni arxiv sənədləri əsasında yazılmış "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatşünaslıq elmində böyük dönüşün mühüm bir başlanğıcı kimi qəbul edilmişdir.

Akademik İsa Həbibbəylinin C.Məmmədquluzadə və Azərbaycan mollanəsrəddinçilərinə həsr edilmiş çoxsaylı tədqiqatları - "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tarixləri" (1986), "Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığının əsas tarixləri" (1987), "Cəlil Məmmədquluzadə və ədəbi mühiti" (1990), "Zamanın dühası" (1992), "Cəlil Məmmədquluzadə: mühiti vəmüasirləri" (1997), "Cəlil Məmmədquluzadə" (2002), "Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq" (2002), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (təkmilləşdirilmiş nəşri, 2009) "Cəlil Məmmədquluzadə" (Tanıtma kitabı, 2009), "Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi" (2012) və s. kitabları XX əsr Azərbaycan ədəbiyyatının, satirik mətbuatımızın, xüsusilə C.Məmmədquluzadə irsinin, "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilərin yaradıcılığının dərin elmi təhlilinin verilməsində və bu təlimin köklü özüllər əsasında yaradılmasında mühüm rol oynayır.

Bunlarla yanaşı, İsa Həbibbəylinin təlimin əsas bazasını, dayaq nöqtələrini, sütunlarını təşkil edən tezis xarakterli müddəa və açıqlamaları, hər biri ayrıca bir tədqiqatın mövzusuna çevrilən məqalələri - "Cəlil Məmmədquluzadənin ailə və təhsil mühiti" (1996), "Molla Nəsrəddin" dərgisində Nəsrəd-din Xoca ənənələri" (1996), "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi" (1999), "Alman rəssamları "Molla Nəsrəddin"də" (2001), "Məktubların işığında Mirzə Cəlil və məmmədquluzadələr" (2003), "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə" (2004), "Molla Nəsrəddin" ədəbi məktəbində dil məsələləri" (2004), "Böyük demokrat Cəlil Məmmədquluzadə haqqında söz" (2005), "Molla Nəsrəddin" ədəbi məktəbi və mollanəsrəddinçi epoxa" (2005), "Molla Nəsrəddin" ədəbi məktəbi və mollanəsrəddinçilik" (2006), "Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" ənənələri" (2006), "Mollanəsrəddinçilik təlimi və müasirlik" (2009), "Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilik" (2017) və s. yeni elmi təfəkkürü formalaşdırmış, ən müasir konsepsiyanın müəyyən olunmasında müstəsna rol oynamışdır. Akademik İsa Həbibbəylinin fundamental tədqiqatları ilə yanaşı, "Molla Nəsrəddin" jurnalı, mollanəsrəddinçilər və bütövlükdə XX əsr Azərbaycan ziyalılarının əsərlərinin toplanması, nəşri və tərtibi sahəsindəki uğurlu fəaliyyəti də bu təlimin üzvi tərkib hissəsidir və Azərbaycan xalqına, onun çoxsaylı oxucularına dəyərli töhfədir: "Məhəmməd Tağı Sidqi. Əsərləri. (Bakı, "Çaşıoğlu", 2004, 280 s.); "Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri" (Bakı, "Çaşıoğlu", 2006, 272 s.); "Məhəmmədağa Şahtaxtlı: Taleyi və sənəti" (Bakı, "Nurlan", 2008, 166 s.); "Əziz Şərif. "Molla Nəsrəddin" necə yarandı" (Naxçıvan, "Əcəmi NPB", 2009, 382 s.); "Qulam Məmmədli. Molla Nəsrəddin: Salnamə (Naxçıvan, "Əcəmi NPB", 2009, 518 s.); "Cəlil Məmmədquluzadə: taleyi və sənəti" (Bakı, "Elm", 2010, 196 s.); "Əliqulu Qəmküsar: taleyi və sənəti" (Bakı, "Elm və təhsil", 2011, 140 s.); "Məmməd Səid Ordubadi. Həyatım və mühitim" (Naxçıvan, "Əcəmi NPB", 2012, 336 s.); "Eynəli bəy Sultanov. Məqalələr"  (Naxçıvan, "Əcəmi NPB", 2017, 260 s.); "Məhəmməd Tağı Sidqi. Məktəb hekayələri" (Naxçıvan, "Əcəmi NPB", 2017, 60 s.) və s.

www.science.gov.az 

Akademik İsa Həbibbəylinin araşdırmalarında mollanəsrəddinçilik təliminin elmi-nəzəri əsasları bütün parametrlərdə öz inikasını tapmışdır. Görkəmli alimin sanballı tədqiqat əsərləri XX əsrin 90-cı illərindən başlayaraq çağdaş dövrümüzə qədər "Molla Nəsrəddin" tədqiqatçıları üçün böyük stimul vermiş və verməkdə davam edir. İsa Həbibbəylinin işləyib hazırladığı mollanəsrəddinçilik təlimi konsepsiyası ilə mollanəsrəddinçiliyin başlıca xüsusiyyətləri, mahiyyəti, ideya istiqamətləri, estetikası və poetikası müəyyənləşdi və insan idrakının dərk edəcəyi, anlayacağı dərinliklər, qatlar aşkara çıxarıldı. Yeni təfəkkür işığında araşdırılan və ən yüksək dəyərini alan bu nəzəriyyənin hər sözü, hər cümləsi neçə-neçə tədqiqatların açarı rolunu oynaya biləcək bir funksiyanın daşıyıcısına çevrildi. Görkəmli tədqiqatçı fundamental araşdırmalarında Şərq dünyasında ilk rəngli, satirik dərgi kimi şöhrət qazanan "Molla Nəsrəddin" jurnalının bu xalqların həyatına güclü təsirindən bəhs edir, milli intibaha, dirçəlişə, azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə təkan verən əvəzsiz rolunu xüsusi nəzərə çarpdırır, "Şərqlə Qərbin sintezindən yoğrulmuş ilk Avrasiya dərgisi" kimi tarixləşməsini konkret faktlara istinad edərək şərh edir. Akademik "Molla Nəsrəddin" jurnalını "Azərbaycanda və ümumən türk-müsəlman dünyasında milli istiqlal hərəkatının önündə gedən" və "milli demokratik mətbuatın bayraqdarı" kimi səciyyələndirir. XX əsrin əvvəllərində Azərbaycanın mütərəqqi dünyagörüşlü ziyalılarının jurnalın ətrafında birləşərək "Molla Nəsrəddin" ordusu" yaratdığını və bu demokratik, milli ziyalı ordusunun "Baş komandanı"nın məhz görkəmli realist yazıçı Cəlil Məmmədquluzadə olduğunu diqqət mərkəzində saxlayır. O göstərir ki, "Molla Nəsrəddin" jurnalı Azərbaycanda tənqidi-realist ədəbiyyatın formalaşmasına və inkişafına böyük stimul vermiş və "mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildlik külliyyatı"nı yaratmışdır. Tədqiqatçı "Molla Nəsrəddin" jurnalının ədəbi hərəkata çevrilməsində, ədəbi məktəb səviyyəsinə yüksəlməsində xalqımızın zəngin folklorunun əhəmiyyətindən bəhs edir, xüsusilə şifahi xalq ədəbiyyatımızda Molla Nəsrəddin kimi müdrik, hazırcavab bir obrazın müstəsna rolunu qeyd etməklə yanaşı, böyük mütəfəkkir, tənqidi-realizmin banisi "Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin ağsaqqalı, sözün geniş mənasında görkəmli Azərbaycan Molla Nəsrəddinidir" - deməklə jurnalın redaktorunun milliliyə, xalq ədəbiyyatına, onun mənəvi irsinə nə qədər yaxından bələd olduğunu və öz varlığında yaşatdığını bir daha təsdiqləyir.

"Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim baxışlar səviyyəsində səslənir" fikri "Molla Nəsrəddin" ədəbi hərəkatına, "Molla Nəsrəddin" ədəbi məktəbinə və onun yaradıcılarına verilən ən yüksək dəyərdir. Bu iki məfhumun eyniləşdirilib bir-birinin ekvivalentinə çevrilməsi prosesi ucalıq, alilik və təsəvvürə sığmayan bir bərabərliyin simvollaşmasıdır. Bu təşbeh mollanəsrəddinçiliyi elə bir mərtəbədə qərarlaşdırır ki, ideoloji aspektdə bundan yüksək zirvə görünmür.

Akademik İsa Həbibbəyli yazır: "Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin" ədəbi məktəbinin anayasası, nizamnaməsi və əsasnaməsidir". Şübhəsiz ki, "anayasa", "nizamnamə" və "əsasnamə" dövlət əhəmiyyətli rəsmi sənədləri xarakterizə edən, terminoloji səciyyəli ifadələr kimi olduqca əhəmiyyətlidir. Müəllif müqəddəs qanunları özündə əks etdirən sözləri təsadüfən seçməmişdir. Çünki "Molla Nəsrəddin" və mollanəsrəddinçilərin ideoloji mübarizəsinin, strategiyasının ən yüksək zirvəsində Azərbaycan dövləti, onun azadlığı, müstəqilliyi, ərazi bütövlüyü, dili, mədəniyyəti, təhsili və s. önəmli və ictimai xarakterli problemləri dayanırdı. Zülmətin "dərin", qaranlığın nəhayət dərəcədə "qalın" olduğunu bütün aydınlığı ilə dərk edən Mirzə Cəlil ilk növbədə "rişədən" başlayaraq bütün yaradıcılığı boyunca maarif və mədəniyyətin tərəqqisinə rəvac vermişdir. Buna görə də İsa Həbibbəyli məhz bu mübarizə xəttinin əsas parametrlərini, konturlarını cızaraq, onun cahanşümul əhəmiyyətini doğru-dürüst səciyyələndirir. Akademik fikrinin mabədində deyir: "Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.

Mollanəsrəddinçilik xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir.

Mollanəsrəddinçilik müstəqil dövlətçilik idealına və azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etmək deməkdir.

Mollanəsrəddinçilik daim hərəkətdə və inkişafda olan əbədiyaşar ictimai fikir və ədəbiyyat təlimidir. "Molla Nəsrəddin" ədəbi məktəbinin azərbaycançılıq idealları müstəqil Azərbaycanda milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə, ədəbi-ictimai fikrin inkişaf etdirilməsinə xidmət göstərir".

Bu cür sərrast, lakonik və dərin mənalı aforizmlər kimi səslənən müddəalar Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilərin yaradıcılığına dərindən bələd olan, yarım əsr onu öz fikir süzgəcindən keçirən istedadlı alimin ardıcıl, sistemli şəkildə araşdırdığı tədqiqatların yekunu və gəldiyi qənaətlərin məntiqi nəticəsidir. Təlimin hər sözünə, hər mətləbinə diqqət kəsilincə, hər bir aforizmin alt qatında Azərbaycan sevgisini, Azərbaycan ucalığını və Azərbaycan bütövlüyünü görürük. Çünki alimin çoxsaylı, sanballı tədqiqatlarının əsas predmetinə çevrilən mollanəsrəddinçilərin vətən, millət, azadlıq, istiqlal uğrunda mübarizələrinin ruhu elə bu araşdırmaların da canına, qanına hopmuşdur.

Akademik İsa Həbibbəylinin "Mollanəsrəddinçilik təlimi ilk növbədə "Molla Nəsrəddin" ədəbi məktəbinin, tənqidi realizmin nizamnaməsi və əsasnaməsidir" fikri bu təlimin ümumbəşəri dəyərini verir, onu dünya ədəbi-nəzəri düşüncəsinin təmərküzləşdiyi sistemdə qərarlaşdırır və Azərbaycan xalqının tarixindəki əbədi yerini müəyyənləşdirir. Çünki bu sözün siqləti onun daxili məna qatında özünü ehtiva edir, xalqa əsl həqiqətin haradan qaynaqlandığını göstərən bir idarəedicilik gücünü və qüdrətini aşkara çıxarır.

Görkəmli tədqiqatçı mollanəsrəddinçilik təlimini yaradarkən "Molla Nəsrəddin" jurnalının proqram və nizamnaməsini, onun strateji və ideoloji mübarizə xəttini əsas götürmüş, bu satirik mətbuat orqanında əksini tapan bütün məsələləri təlimin süjet və kompozisiyasında, mövzu və problematikasında, ictimai-siyasi, ədəbi-mədəni və sosioloji mətnində sistemləşdirmişdir. Bununla da, bütövlükdə "Mollanəsrəddinçilik nədir?" anlamının bütün parametrlərdə öz fikir yükünün, məna tutumunun, batini ideoloji məqsəd və funksiyasının nədən ibarət olduğunu ifadə etməyə müvəffəq olmuşdur. Təlimdə Cəlil Məmmədquluzadə yeni tipli ədəbiyyatın və mətbuatın yaradıcısı kimi səciyyələndirilir və böyük realist yazıçının ədəbi-tənqidi görüşlərinin, estetik ideallarının mahiyyəti açıqlanır.

Cəlil Məmmədquluzadənin hekayə janrının etalonuna çevrilən "Poçt qutusu" Azərbaycan hekayənəvisliyinin sonrakı inkişafına güclü təsir göstərərək kiçik nəsr əsərlərində böyük mətləblərin, ciddi problemlərin qoyulması və bədii həllinə geniş imkanlar açdı. Bu baxımdan, İsa Həbibbəylinin "Molla Nəsrəddin" jurnalının "Poçt qutusu" adı altında ardıcıl olaraq verilən məsləhətlər və qeydlər tənqidi-realist ədəbiyyatın, geniş mənada mollanəsrəddinçilik təliminin dərsləridir" - tendensiyası bütövlükdə mollanəsrəddinçilərin yaradıcılıq istiqamətinin nəzəri aspektdən doğru, dürüst şərhidir. "Molla Nəsrəddin" dövrünün yaradıcısı" olan Cəlil Məmmədquluzadənin möhkəm özüllər üzərində ucaltdığı mollanəsrəddinçilik təlimini müəllif həm də "Azərbaycan ədəbiyyatının strategiya və taktikası" adlandırmaqla bu təlimin əhatə dairəsinin, miqyasının genişliyini, mahiyyətinin dərinliyini və çoxşaxəliliyini açmağa nail olmuşdur.

İsa Həbibbəyli mollanəsrəddinçilik təliminin aparıcı qüvvələrini, onların yaradıcılıq istiqamətlərini, XX əsrin tarixi zəmini fonunda yetişən ədəbi cərəyanın bir ideya ətrafında təmərküzləşərək böyük "Molla Nəsrəddin" ədəbi məktəbinin təşkilatçıları kimi formalaşmasını tədqiqatının əsas leytmotivinə çevirir. Bu ədəbi məktəbin çoxşaxəliliyini nəzərə çarpdıraraq, onun daxilində yaranan şeir, nəsr, satirik publisistika, karikatura məktəblərini bir sistem halında birləşdirir. Hətta "Molla Nəsrəddin" ədəbi məktəbinin "Sabir satira məktəbi", "Əzim Əzimzadə karikaturaçılıq məktəbi"nin yaranmasına, təkamülünə və formalaşmasına stimul verdiyini və bununla da bu ədəbi məktəbin zənginləşməsinə, əhəmiyyətinin artmasına güclü təsir göstərdiyini diqqət mərkəzində saxlayır.

"Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin "mollanəsrəddinçilik təliminin yaradıcısı" olması faktını ön plana çəkən tədqiqatçı jurnalın ilk sayında dərc edilmiş "Sizi deyib gəlmişəm..." məqaləsini "mollanəsrəddinçi ədəbiyyatın manifesti", Oskar Şmerlinqin "Müsəlman dünyasının oyanışı" karikaturasını isə həm jurnalın, həm də "satirik təsviri sənətin proqramı" adlandırır.

Mollanəsrəddinçilik təliminin əsas prinsiplərini göz önündə canlandıran alim öz sələflərinin, keçən əsrin ilk onilliklərində yaşayan və xalqımızın tarixində silinməz izlər qoyan böyük söz adamlarının - ədəbiyyatşünas, yazıçı, tənqidçi, filosof və digər mütəfəkkirlərin dəyərli fikirlərinə istinad edərək, bu təlimin möhkəm dayaqlar üzərində qərarlaşdığını faktlar əsasında aydınlaşdırır. O, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin "nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etmək" istilahını "mollanəsrəddinçi təlimin baş xəttini müəyyən edən" fikir kimi xarakterizə edir. Cəlil Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin"in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan cahilanə adətlərimizə acı-acı gülüb, millətin səadətinə çalışmaqdır" tendensiyasını mollanəsrəddinçiliyin əsas ideoloji mübarizəsinin tərkib hissəsi olduğunu qədirşünaslıqla xatırladır.

"Molla Nəsrəddin" jurnalının qarşısında duran ən vacib, prioritet mövzulardan biri də ana dilimizin saflığının, təmizliyinin qorunması məsələsi idi. Buna görə də jurnal ilk sayında "müsəlman qardaşları"na ünvanladığı proqram xarakterli "Sizi deyib gəlmişəm..." məqaləsində bu taleyüklü problemin önəmliyini satirik bir eyhamla, ezop dili ilə, vətəndaş yanğısıyla izhar edərək yazırdı: "... məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir". Fəaliyyəti boyunca öz əqidəsinə sadiq qalan "Molla Nəsrəddin" jurnalı sonadək ana dilimizin keşiyində ayıq-sayıq dayandı. Jurnalda əksini tapan çoxsaylı məqalə, felyeton, satirik şeir, teleqraf xəbərləri və başqa janrlı yazılarda və karikaturalarda Azərbaycan dilini ərəb, fars, rus və qeyri dillərlə korlayanlar satirik ittihamla üz-üzə qalır və tənqid hədəfinə çevrilirdilər. Mollanəsrəddinçilər mənəvi sərvətimiz olan, kimliyimizi isbat edən doğma dilimizin yad dillər içərisində əriyib yox olmasına qarşı çıxırdılar. Dil problemini aktuallaşdıran mollanəsrəddinçilər bu önəmli məsələni elə azərbaycançılığın üzvi tərkib hissəsi kimi ön plana çəkir və bütün təzyiq və təsirlərdən qoruyurdular. Bu təxirəsalınmaz və aktual məsələ akademik İsa Həbibbəylinin də tədqiqat orbitindən kənarda qalmamışdır. O, "Molla Nəsrəddin"in ardıcıl və prinsipial mübarizəsinin əsas leytmotivini təşkil edən ana dili probleminə xüsusi önəm verir və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif  Vəzir Çəmənzəminlinin mollanəsrəddinçilərin "geniş kütlənin anlayacağı bir dildə" yazmağın zərurətindən bəhs edən mülahizəsini dəstəkləyir. Eyni zamanda, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 1910-cu ildə Cəlil Məmmədquluzadə ilə Tiflisdə görüşərkən söylədiyi "açıq yazmağı da bacarmaq lazımdır" kəlamını mollanəsrəddinçilərin dil siyasətinə bu qədər yüksək qiymət verməyin, həssas münasibət bəsləməyin bariz nümunəsi hesab edir.

Mollanəsrəddinçilik təlimində diqqət çəkən məqamlardan biri də Cəlil Məmmədquluzadənin yaradıcılığında önəmli yer tutan "kiçik adamın böyük obrazı"nın ədəbiyyata gətirilməsi məsələsinin xüsusi vurğulanmasıdır. C.Məmmədquluzadə Novruzəli ("Poçt qutusu"), Usta Zeynal ("Usta Zeynal") və başqalarının timsalında əsl ədəbiyyatın mənbəyinin məhz sadə xalqın arasında olması ideyasını təsdiqlədi və bütün dünyaya bəyan etdi. O göstərdi ki, insanları acınacaqlı duruma salan, onları əzən, məhv edən, elmsizliyə, savadsızlığa, cahilliyə sürükləyən məhz elə dövr, zəmanə, cəmiyyət və onun idarəediciləri olan despot qüvvələrdir. Cəlil Məmmədquluzadə real həyat gerçəkliklərini, həyatın dibinə endirilən zavallı insanların acınacaqlı taleyini gündəmə gətirməklə öz həmvətənlərini fəal mübarizəyə səslədi, zülm və haqsızlığa boyun əyməməyi təlqin etdi. Bütün bunlar Mirzə Cəlil dühasının, onun daxili dünyasının böyüklüyünü göstərən məqamlar kimi diqqətəlayiqdir. Akademik İsa Həbibbəyli "kiçik adamlar" deyərkən bu önəmli məsələləri gözlərimiz qarşısında canlandırır.

Görkəmli alim XX əsr Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi tənqidin və ədəbi fikir tarixinin mollanəsrəddinçilik təliminə bəzən keçmiş Sovet ideologiyasının prizmasından yanaşdığını, onu "ilk növbədə çarizmə, yerli istismarçılara, imperializmə qarşı çevrilmiş inqilabi demokratizm ideologiyası"na məxsus bir təlim və yaxud "... fəhlə hərəkatına yaxınlaşan, ona dərin rəğbət bəsləyən ədəbi-ictimai fikir cərəyanı" kimi dəyərləndirməyin obyektiv yanaşma olmadığını göstərir. Bununla bərabər, köhnə stereotiplərdən uzaqlaşmağın, mollanəsrəddinçiliyə Azərbaycançılıq, millilik ruhunda yaradılmış, ümumbəşəri dəyərlərə söykənən və möhtəşəm fəaliyyət proqramına malik bir təlim forması kimi baxmağın zəruriliyini aktuallaşdırır. Akademik mollanəsrəddinçiliyə yeni ədəbi-estetik ideallarla yanaşmağın labüdlüyünü ən incə məqamlarına qədər açıqlayır və bütün bunlar bir nöqtədə birləşərək böyük Mollanəsrəddinçilik təliminin əsasını, özülünü təşkil edir.

Cəlil Məmmədquluzadənin əsərlərinin və "Molla Nəsrəddin" jurnalının beynəlxalq aləmdə tanıdılması, oxunması və təbliği istiqamətində mühüm işlər görən akademik İsa Həbibbəyli "Mollanəsrəddinçilik təlimi konsepsiyası" ilə də dünya ədəbiyyatşünaslıq elminə orijinal baxışlar sistemi və novatorluq gətirdi. Maddə-maddə, bənd-bənd, sətirbəsətir yazılan, forma və məzmun zənginliyinə, bədii mündəricəsinə, məna və fikir yükünün çəkisinə, "Molla Nəsrəddin"lə bağlı bütün elmi mülahizələri, çağdaş baxışlar sistemini özündə ehtiva etdiyinə, aktuallıq və müasirliyinə görə bu mükəmməl və orijinal təlimi "Azərbaycan Mollanəsrəddinçiliyinin elmi  Konstitusiyası" adlandırmaq doğru olardı.

"Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilərin adı Azərbaycan mətbuatı və ədəbiyyatı tarixinə həkk olunduğu kimi, akademik İsa Həbibbəylinin "Mollanəsrəddinçilik təlimi konsepsiyası" da Azərbaycan ədəbiyyatşünaslığında əbədi yaşayacaqdır.

 





07.04.2021    çap et  çap et