525.Az

"Özümü kitablarla, musiqi ilə daha rahat ifadə edirəm" - Anar Rzayev


 

"Özümü kitablarla, musiqi ilə daha rahat ifadə edirəm" - <b style="color:red">Anar Rzayev</b>

Uşaqlara verilən adlar çox vaxt onların şəxsiyyətinə, xarakterinə də təsir edir. Eyni adı daşıyan babalarla nəvələri isə daha fərqli, xüsusi bağlar birləşdirir. Bəzən babalar nəvələrinə baxanda öz gəncliyini xatırlayır, nəvələr üçün də babaları kumirə çevrilir.

Belə nəvələrdən biri də Anar Rzayevdir. Anar Rzayevin bir babası Xalq yazıçısı Anar, digər babası da mərhum kinorejissorumuz Tofiq İsmayılovdur. Çox az adam bilir ki, Anar adaşı olan babasının fəaliyyət yolunu, yaradıcılıq istiqamətini, müəyyən anlamda, davam etdirir.

Anar Rzayev 1993-cü il, dekabrın 25-i Bakıda anadan olub. 1-ci sinifdən 5-ci sinifə qədər Türkiyənin Ankara şəhərindəki "Kavaklıdere İlköğretim Okulu"nda, 6-cı sinifdə "George C.Marshall High School"da, 7-ci sinifdən 10-cu sinifə qədər Ruminiyada yerləşən "İnternational School of Bucharest"də, 11-ci sinifdə isə Bakıdakı 7 nömrəli məktəbdə təhsil alıb. 2010-2012-ci illərdə Küveyt Universitetində İngilis dili filologiyası  ixtisası, 2012-2015-ci illərdə Amerika-Küveyt universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə oxuyub, 2016-2017-ci illərdə Qafqaz Universitetində təhsil alıb. Üç kitab və mahnılar müəllifidir. Mahnıları yerli və xarici radio dalğalarında səslənir.  

***

- Anar bəy, bu adı, soyadı daşımaq nə qədər qürurvericidirsə, yəqin ki, bir o qədər də məsuliyyətlidir. Bu barədə nə düşündüyünüz maraqlıdır...

- Əlbəttə, bu adı, soyadı daşımaq çox qürurvericidir. Məsuliyyətə gəldikdə isə, bu məsuliyyəti daşımaq həm çətindir, həm də yox. Çünki mən bu adın ağırlığını özüm hiss eləmirəm. Dostlarım heç vaxt mənə adımın ağırlığına görə yanaşmayıblar. Ailədə də bizə heç vaxt deyilməyib ki, "siz filankəsin nəvəsisiniz ha!" Tanışlarımın əksəriyyəti bundan xəbərsizdir. Bəzən deyirlər ki, "Yazıçı Anar Rzayevlə adın, soyadın eynidir, tanıyırsan?" Deyirəm ki, yaxşı tanıyıram, babamdır. Ağlım kəsəndən həmişə belə düşünmüşəm ki, Xalq yazıçısı Anar mənim üçün sadəcə babamdır.

- Hər bir kəsin həyatında ədəbiyyatı dərk mərhələsi olur. Bu mərhələdə kimləri oxudunuz, sizə ədəbiyyatı kim sevdirdi?

- Mən Küveytdə yaşayan zaman universitetə - ingilis dili fakültəsinə daxil oldum. Sonra ixtisasımı dəyişdim. Amma 2 il ingilis dili filologiyası üzrə təhsil aldığım vaxtda bir müəllimim mənə "Qraf Monte Kristo" kitabını məsləhət gördü. O kitabı alıb oxuyandan sonra həmin əsərin mənə çox təsiri oldu, həyata baxış tərzim dəyişdi. Həmin kitab mənə başa saldı ki, əgər bir insan pisdirsə, nə qədər yaxşı hadisələr baş versin, o, yenə də pis olaraq qalacaq və ya bir insan yaxşı insandırsa, bütün pisliklərə rəğmən, olduğu kimi yaşayacaq. İkinci dəfə mənə təsir edən əsər "Böyük Getsbi" oldu. Onun filmini izlədim, sonra əsərin özünü oxudum. Kasıb bir yazıçı olub, bir qızı sevib, ailə həyatı qurmaq istəyirmiş, amma pulu olmayıb. Əsərdə də göstərilir ki, bu adam kitab yazmağa başlayır ki, kitabları satılsın və evlənə bilsin. O kitabı oxuyandan sonra gördüm ki, bəzi insanlar özlərinə qapanırlar və bunu rahatlıqla yazı ilə ifadə edirlər, bir növ, terapiya kimi. Babamın əsərlərini də mütaliə eləmişəm. Xüsusən "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri mənə çox təsir elədi. Mənim gözümdə hisslərlə bağlı gözəl bir kitabdır, onu çox xoşlayıram.

- Anar müəllimi yazıçı kimi oxucu kütləsi çox yaxşı tanıyır, siz isə bizə Anar babadan bəhs edin.

- Anar baba kənardan çox ciddi, soyuqqanlı bir insan kimi görünsə də, əslində, çox zarafatcıl bir insandır. Nəvələrini həddindən artıq çox sevir. Həmişə mən qardaşımla mübahisə edəndə babam qardaşıma deyir ki, bax, o, mənim adımı daşıyır... Yəni beləliklə, guya mənim tərəfimi tutur, təbii ki, bunu zarafatla deyir. Hamımızı eyni şəkildə çox istəyir, əslində.

- Bu günlərdə Rəsul Rzanın vəfatından 40 il ötdü. Heç görmədiyiniz ulu babanız haqqında nə kimi təsəvvürünüz var?

- Danışılan söhbətlərdən, gördüyüm şəkillərdən Rəsul Rzaya daha çox qardaşımı oxşadıram. Qardaşım onun adını daşıyır. Ad insanın xasiyyətinə də təsir edir. Qardaşıma baxanda onu  görürəm: oxşar boy-buxun, bir az sərt xasiyyət, amma sevgidən gələn sərtlikdir bu. Hərdən fikirləşirəm ki, kaş sağ olaydı, onu görə biləydim.

 

- Bildiyimiz qədərilə, sizin xaricdə kitablarınız işıq üzü görüb və əsərlərinizi birbaşa ingilis dilində qələmə almısınız. İndiyə qədər neçə kitabınız çap olunub və bu əsərlərdə ortaya qoyulan əsas mövzular nədir?

- Üç kitabım çap olunub: "Wealth. Love & Respect", "Summer and Me", "Pastless". 2016-cı ildə Bakıya gəldim və bu kitabları Bakıda yazdım. Kitab yazmaq fikri çoxdan beynimdə var idi. Əslində, sonuncu kitab ilk yazmaq istədiyim idi. Fikirləşdim ki, birdən-birə bunu yazmaq çətin olacaq. Bura qədər bu obrazın həyatında nələr olub görəsən?! Birinci kitabı yazmağa başladım: sərvət, eşq və hörmət. O üçünün bir anda olmağı çox çətin məsələdir. Eşqlə hörmət varsa, sərvət olmur, pulla hörmət varsa, eşq olmur. Əsərdə bunu çatdırmağa çalışmışam ki, bir insanın sevgisi varsa, digər iki amil ona tərəf gələcək. İndiki işlədiyim yerdə təcrübə keçirdim. Günorta nahar fasiləsində hamı yeməyə getdi, mən isə ac deyildim. Başladım xırda-xırda fikirlərimi yazmağa, bir gün, iki gün, üç gün bu qaydada davam elədi. Evə gedən kimi ardını yazmağa can atırdım. Çünki yazdıqca hadisələrin axarı özümə xoş gəlirdi. Yatanda belə hadisələrin davamını fikirləşirdim. Yazıb bitirəndən sonra bir-iki xarici dostuma yolladım ki, nə fikirləşirsiz? Özüm yazdığımı bəri başdan demədim. Gördüm, kitab onlara çox maraqlı gəldi, başladılar soruşmağa ki, müəllif kimdi, bunu hardan almaq olar? Dedim ki, kitab hələ satılmır, bu kitabı mən yazmışam. Dostlarım dedilər ki, mütləq davam elə. Kitabı "Amazon"a yerləşdirdim və gördüm ki, kitab alınmağa başladı. Bakıdakı dostlarım da kitabı aldılar. Mənim özümə də qəribə gəldi ki, birdən-birə dostlarımın arasında mənə yazar dedilər. Daha sonra ikinci kitabı yazdım. Hər yazanda kitaba yanaşma hissim fərqli idi. Hər kitabda ayrı-ayrı hadisələr baş verib, amma hər üç kitabda eyni obrazlarla qarşılaşırıq. Bir dünyanın içində yaşayan obrazlardır və tale sonda hamısını birləşdirir. Bunları yazdım və mənə gələn reaksiyadan sonra daha çox yazmaq istədim və üçüncü kitabı da yazıb bitirdim. Bir az qapalı insan olduğum üçün özümü kitablarla, sözlərlə, musiqi ilə daha rahat ifadə edə bilirəm.

- Yerli oxucular üçün kitabları ana dilimizə tərcümə etdirmək fikriniz varmı?

- Əslində, kitablar yazılandan sonra hamı, xüsusilə babam mənə demişdi ki, bunları tərcümə etdirmək lazımdır. Elə hissələr var ki, tərcümə olunanda çox fərqli olacaq, yəni o fikir orijinal mətndə dəqiq ifadə olunur. O baxımdan ehtiyat elədim, ona görə 2-3 il gözlədim. Bu yaxınlarda babam yenidən tərcümə barədə söhbət açdı, mən də razılaşdım. Tərcümə prosesi artıq başlayıb. Fikrim var ki, bundan sonra həm ingiliscə, həm Azərbaycan dilində yazmağı davam etdirim. İngilis dilində təhsil alsam da, dostlarımın çoxu xarici olsa da, adamın öz doğma dili fərqlidi.

- Bildiyimə görə, musiqi ilə də məşğul olursunuz. Bu məşğuliyyət nədən qaynaqlandı?

- Küveytdə olanda bir ifam radioda səsləndi. Mən heç gözləmirdim ki, bu ifa radioya verilə. Eşitdim ki, çox xoşları gəlib. Bundan sonra rep stilində özümçün mətnlər yazmağa başladım. Bu mətnlərin sayı 60-a yaxınlaşdı. Bakıya gəldim, "Formula-1" yarışlarında hansısa xarici müğənni oxuyurdu. O mahnı heç xoşuma gəlmədi. Amma gördüm ki, insanların hamısı bu mahnını bir ağızdan oxuyur. Yanımdakı dostuma dedim ki, mən bundan daha yaxşısını yazaram. Bir melodiya tapdım və 1 saatın içərsində sözləri yazdım. Bir studiya tapdım və getdim. İki dəfə oxudum və bitdi. Soruşdum ki, elə bu qədər? Dedilər ki, hə, daha sənə ehtiyac yoxdu. İki-üç gün keçəndən sonra dedilər ki, hazırdı. Mən o mahnını yayımlamadım, dedim ki, xatirə kimi saxlayım. Sonra bir mikrofon aldım, kompüterə qoşdum və mahnılar yazmağa başladım. Mətnlərin hamısı melodiyadan doğur. O melodiya mənə nə duyğu verirsə, ona uyğun yazıram.

Nadir RZALI

 





07.04.2021    çap et  çap et