525.Az

Sülhyaratma: Sınaq və qınaq arasında


 

Sülhyaratma: <b style="color:red">Sınaq və qınaq arasında</b>

İnsan zəkasının qüdrətindən qaynaqlanan cəhdlər keçmişdə də, indi də muharibə və münaqişələrdən qurtulmağın yollarının axtarışları ilə müşayiət edilib. Beynəlxalq münasibətlər nəzəriyyəsində  özünə yer alan "Həll olunmayan münaqişə yoxdur" qənaəti də təsdiqləyir ki, beynəlxalq təşkilatlar, regional dövlətlər  kollektiv şəklində, müstəsna hallarda isə tək-tək dövlətlər müharibələrin dayandırılmasında vasitəçilikdən yan ötməyib.

Son dərəcə əhəmiyyətli və xeyirxah  addım olmasına baxmayaraq, vasitəçilik  və sülhyaratma həmişə fikir ayrılıqlarına  səbəb olub. Birinci Dünya müharibəsindən əvvəl hər hansı bir təşkilat olmadığından, sülhyaratma addımlarının yalnız  1945-ci ildə BMT-nin yaranmasından  sonrakı dövrdən başladığına diqqət yetirməliyik. Bunu rəqəmlərin dili ilə ifadə  etsək, daha anlaşıqlı olar. BMT-nin movcud olduğu illər ərzində 80 dövlətin hərbi birləşmələri və digər təyinatlı mütəxəssislər sülhyaratmada iştirak ediblər.

Müstəqil Azərbaycan dövləti də bu  istiqamətdə müəyyən təcrübəsi olan  dövlətlərdən sayılır. Qeyd edək ki, Azərbaycan da 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir.

Dünyanın digər dövlətləri kimi, Rusiyanın da bu istiqamətdə kifayər qədər təcrübəsi var. Məlumatlarda bu dövlətin  12 min hərbçisinin BMT-nin mandatı  altında sülhməramlı əməliyyatlarda iştirakı əks olunur. Sonuncu addım isə hələ  bu statistikaya daxil edilməyib. Söhbət 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın imzaladığı birgə Bəyanata əsasən Dağlıq Qarabağ ərazisinə göndərdiyi 1960 nəfərlik sülhyaratma  qüvvələrindən gedir. Digər tərəfdən, ictimai dairələdə bu hadisə ətrafında müxtəlif və əsaslı düşüncələr səslənir və proqnozlar ortaya qoyulur. Zənnimizcə, son iki ay ərzində Qarabağda baş verənlərə bir qədər geniş elmi yanaşma tələb  olunur.

Sülhyaratmanın münaqişəni tamamilə aradan götürmə vasitəsi olmasına  elmi-nəzəri müstəvidə də tam əminlik öz  təsdiqini tapmır. Böyük dövlətlərin silahlı qarşıdurmaya son qoymaq səmtində  atdığı bu tipli addımlarla dünyanın siyasi  arenasında öz imicini möhkəmləndirmək məqsədini güdür. Gerçəkdə isə sülhyaratmanın özü də münaqişənin qeyri-ənənəvi davamına bənzəyir. Xatırladaq ki,  diplomatiyanı da müharibələrin qeyri-hərbi vasitələrlə davamı adlandırırlar. Məhz ona görə də sülhyaratma prosesinə  siyasi bir proses və yaxud dövlətlərin, beynəlxalq təşkilatların əlaqələndirilmiş  formada davranışı kimi də baxmaq olar.

Britaniyalı tədqiqatçı Ç.Dobbi sülhyaratmanın mövcud formalarını sistemləşdirərək beş qrupda baxılmasını təklif  edir.

1. Münaqişənin qabaqlanması: Bu zaman hadisələr ardıcıllıqla izlənilir və  böhran vəziyyətindən açıq münaqişəyə  keçəcəyi ehtimalı yüksəldiyi şəraitdə diplomatik səylərlə tərəfləri gətirmək məqsədi  ilə danışıqlar intensivləşdirilir  və preventiv olaraq münaqişə zonasına hərbi güc yerləşdirilir.

2. Humanitar yardım göstərilməsi: Bu  addımda humanitar yardımlar göstərilir, qaçqınların və məcburi yerdəyişməyə  məruz qalmış insanların öz yerlərinə qayıtması təmin olunur, onların təhlükəsizliyinə şərait yaradılır. Münaqişədən  əziyyət çəkən mülki əhaliyə iqtisadi və sosial yardımlar göstərilir.

3. Hərbi dəstək əməliyyatları: Bu addım daxili qarşıdurma şəraitində olan siyasi qüvvələr arasında hakimiyyətin qan  tökülmədən ötürülməsinə dəstək verilir, münaqişədə olan tərəflərin tərkisilah  olunmasına, buraxılmasına, dinc həyata  qayıtmasına şərait yaradılır.

4. Hərbisizləşdirmə əməliyyatları: Bu  zaman silahlı birləşmələrin tərkisilah olması (silahları təhvil verməsi), mövqelərini tərk etməsi, təhlükəsizlik zonasının  yaradılması və s. addımlar nəzərdə tutulur. Bu əməliyyatlar həm də bir sıra  reabilitasiya yönümlu tədbirlərə yol açır,  keçmiş silahlıların dinc həyata qayıtmasına hesablanır.

5. Hərəkətin (yerdəyişmənin) məhdudlaşdırılması: Sülhyaratma təcrübəsi  göstərir ki, münaqişə tərəflərindən hansısa öz əməllərini gizli davam etdirməyə  meyilli olur, necə deyərlər, "Saman altından su axıdır" və münaqişənin yenidən  alovlanmasına şübhə yaranır. Məhz belə  olduqda sərbəst gediş-gəliş məhdudlaşdırıla bilər.

Bu gün 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla yaradılan beş  kilometr enindəki dəhlizə və Xankəndinə aparan yola nəzarəti həyata keçirən  rusiyalı sülhməramlılar deyəsən, bu istiqamətdə hər şeyi nəzarətdən kənarda  qoyublar. Halbuki dəhliz yalnız mülki  əhalinin öz evlərinə qayıtması üçün deyil, həm də erməni silahlılarının torpaqlarımızdan maneəsiz çıxıb getmələri  üçün nəzərdə tutulub. Təəssüf ki, sənəd  imzalanandan sonrakı dövrdə də bizim  nəzarət etmədiyimiz ərazilərdə yetərli  sayda əlisilahlı yuvalanmışdı və təsdiqləndi ki, onların bu ərazilərə gəlişi atəşkəsdən sonra baş tutmuşdu. Bəs sülhməramlılar hansı haqla buna göz yummuşdular? Hər dəfə Rusiya tərəfi Xankəndinə qayıdan insanların sayını böyük fəxrlə dilə gətirir. Bu günə qədər 50 mindən artıq erməni Rusiya sülhməramlılarının böyük canfəşanlığı ilə geri qayıdıb. Ancaq bunların kimliyi haqqında isə bizə heç nə məlum deyil. Belə olmasaydı, heç  bir statusu olmadığı halda burada, bizim torpaqlarımızda, özünü hələ də prezident  kimi aparanlarla, üzdən-iraq nazirlərlə Rusiya sülhməramlıları yeni-yeni istiqamətlərdə "humanitar işbirliyi" qurmazdılar. Axı onların buna heç bir səlahiyyəti  yoxdur. Xankəndinə qayıdanlara ev-ev gəzib tibbi yardım göstərən rusiyalı həkimlər, xəstəxana, doğum evi tikən, çoxmənzilli binalar layihələşdirən fövqəladə  hallar əməkdaşları doğurdanmı humanitar təfəkkürə qabil olduqlarını təsdiqləyirlər? Məhz bu məqamda yenə də türk  qardaşlarımızın qəti inadı ilə Rusiya ilə  imzaladığı memoranduma əsasən birgə monitorinq qrupunun yaradılmasını alqışlamaq lazımdır. Yalnız bundan sonra 10  noyabrdan üzü bəri Qarabağda davam edən sülhyaratma prosesində Rusiya  sülhməramlılarının hansı addımları hansı  şəkildə atdığına nəzər yetirmək mümkün olacaq. Çünki yazılanlar bir çox hallarda  elə kağız üzərində qalır, yaxud yazılanların tam mənası fərqli interperitasiya olunur. Rusiya sülhməramlıları bir çox addımlarını bizim arzulamadığımız ardıcıllıqda həyata keçirirlər və özü də yubadılmadan, əhəmiyyətinə diqqət ayırmadan. 44 günlük müharibə günlərində xeyli sayda mülki əhali Ermənistanda sığınacaq  tapmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev  bütün müsahibələrində aydın şəkildə bəyan etmişdi ki, biz Qarabağın erməni  əhalisinin bütün hüquqlarını müdafiə etməyə hazırıq. Ardınca Rusiya Prezidenti Vladimir Putin də Qarabğın Azərbaycan  ərazisi olduğunu dünyaya çatdırdi. Bəs  bundan sonra hansı məntiqlə rusiyalı sülhməramlı kontingentin komandanlığı  əli xalqımızın qanına batan cinayətkarlarla əslində, öz funksiyalarına heç bir aidiyyəti olmayan fəaliyyət nümayiş etdirir? Birinci növbədə, Azərbaycana qayıdan  hər bir erməni Azərbaycan bayrağının  altından keçərək bu dövlətin vətəndaşı  olaraq onun qanunları ilə yaşayacağını  de-fakto təsdiqləməli idi, pasportunu  təhvil verməli, nəqliyyat vasitəsinin  qeydiyyatını aparmalı idi. Əksinə olaraq, müharibənin nəticələrindən əməlli-başlı  dərs almayan ermənilər öz bayraqlarını  Rusiya bayrağı ilə yanaşı asırlar. Buna  nə demək olar? Necə olur ki, Ermənistanın xarici işlər naziri Xankəndinə gəlir? Bəlkə yuxarıda sadaladığımız funksiyalardan beşincisindən (hərəkətin məhdudlaşdırılması) onların heç xəbəri yoxdur? Diplomatiyada ən çətin şey dillə deyilməyəni anlamaqdır. 30 ilə yaxın dövrdə  şəhər və kəndlərimizi xarabazara çevirənlər bilməlidir ki, artıq başqalarının  qoltuğuna qısılıb öz havalarında oynaya  bilməyəcəklər. Bu şans onlara yalnız yaşamaq üçün verilib. Biz daha müqəddəs  şəhidlərimizin qanı bahasına qaytardığımız VƏTƏN torpaqlarımızın bir qarışını  da siyasət oyununa qurban verməyəcəyik.

Beynəlxalq münasibətlər nəzəriyyələrində sülhyaratmanın təbiətinin axıra  qədər öyrənilmədiyini nəzərə alsaq, bu  əmələ geniş anlamda "güc" müstəvisində baxmaq tələb olunur. Sülhyaratmanı isə birbaşa qeyri-hərbi və yaxud "mülayim güc" adlandırmağın özü də çətindir. Xarici siyasətinin ardıcıl dəyişkənliyini nəzərə alsaq, böyük dövlətlərin hadisə və prosesləri qabaqcadan öz istəkləri məcrasına yönəltmək cəhdini onların strateji  davranışının təməlində dayandığının şahidi olarıq. Bir vaxtlar ABŞ dövlət katibi Hillari Klinton uzaqgörənliklə deyirdi: "Bizim "ağıllı güc"dən istifadə etməyimiz qaçılmazdır. Bir qədər də dərinə baş  vursaq, əminliklə sülhyaratmanı da "ağıllı güc" kateqoriyasına daxil edə bilərik. Ziddiyyətli yaşam tərzindən yaxa qurtarmayan dünyada sülh və inkişafın harmoniyasını qurmaq məqsədi daşıyan gücə, adının hansı şəkildə ifadə olunmasından asılı olmayaraq, bütün dövrlərdə ehtiyac  olub, indi də var.

"Ağıllı güc" dövlətin öz ehtiyatlarını gözlənilən nəticələrin gerçəkləşməsinə hesablanan strategiyaya yönəltmək bacarığıdır. Hər bir dövlətin böyük strategiyası onun liderinin milli təhlükəsizliyi təmin etmək, zəngin həyat tərzinə nail olmaq və identikliyini qoruyub saxlamaqdan ibarətdir. Yaşadığımız günlər, şahidi  olduğumuz hadisələr, dövlət başçımızın  atdığı bütün addımlar bizi inandırır ki, bizim ağlımız da, gücümüz də bizimlə tərəfdaşlıq münasibətlərində olanlara bəllidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi fikirlər də məhz hər  bir soydaşımızın müharibədən sonrakı həssaslıqlarına biganə olmadığından və  heç vaxt olmayacağından qaynaqlanır. Həm sülhyaratma pərdəsi altında erməni  oyunbazlığına qatılanlara və həm Ermənistan siyasi rəhbərliyinə Prezidentin "Qarabağ Azərbaycandır!" nidasını ömürlük unutmamaq üçün son xəbərdarlıq oldu. Yəqin ki, bundan sonra siyasi diplomatik leksikonda artıq işləklik qazananan "yumruq gücü" termininidən söz  düşəndə yenilməz Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin  havada düyünlənən əli göz önünə gələcək. Axı bu, adi bir jest deyil, ZƏFƏR SİMVOLUDUR.

Hələ ki, proseslərin əməkdaşlıq məcrasında davam etdirilməsi üçün imkanlar  genişdir. Bunu 2021-ci il 11 yanvar  Moskva görüşü də təsdiqlədi. Heç şübhəsiz ki, nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması nəticə etibarilə tərəflərə  fayda gətirəcək. Hələ orta əsrlərdə fransız mütəfəkkiri Emerik Kryuse hərbi  qarşıdurmaların ziyanlı olmasına işarə  edərək yazırdı ki, "insanların rifahı naminə yollar salınmalı, ticarət inkişaf etdirilməlidir. Bilmək lazımdır ki, tacir əsgərdən daha çox fayda gətirir". Moskvada üçtərəfli bəyanat da məhz bu istəklə imzalanıb.

Vəliyulla CƏFƏROV
Bakı Dövlət Universiteti Diplomatiya və  müasir inteqrasiya prosesləri kafedrasının dosenti

 





07.04.2021    çap et  çap et