525.Az

Prezident Osmani Kosovonun müstəqilliyini təmin edə biləcəkmi?


 

Prezident Osmani Kosovonun müstəqilliyini təmin edə biləcəkmi? <b style="color:red"></b>

Qismən tanınmış Kosovo Respublikasının qanunverici orqanına fevralın 14-də keçirilən seçkilərdə müxalif qüvvələr üstünlük qazandılar.

Sabiq hüquq müdafiəçisi Albin Kurtinin başçılıq etdiyi millətçi "Müqəddəratını təyinetmə" partiyası seçkidə iştirak edən seçicilərin 48 faizinin səsini qazanaraq iqtidara gəldi. Uzun illər Kosovoda hakimiyyətdə olan sağyönümlü "Kosovo Demokratik Partiyası"nın seçicilərin cəmi 17 faizinin səsini qazanması seçkinin gözlənilməz nəticələrindən biri oldu.

Kosovonun müstəqillik mübarizəsinin təmsilçisi olan "Kosovo azadlıq ordusu"nun siyasi təşkilata çevrilməsi nəticəsində yaranan "Kosovo Demokratik Partiyası" təşkilatı lideri Haşim Taçinin prezident vəzifəsindən istefa verməsindən sonra mövqelərini itirməyə başlamışdı. Haşim Taçi ötən il Haaqa Məhkəməsində hərbi cinayətlərdə ittiham ediləndən sonra könüllü olaraq prezidentlikdən istefa vermişdi. Ümumiyyətlə, Haşim Taçi 2016-cı ildə prezident seçildikdən sonra Priştinanın tərəfdaşları ilə əlaqələrində problemlər yaranmağa başlamışdı. Haşim Taçi 2016-cı ildə prezident seçildikdən sonra 14 ölkə əvvəlki mövqelərindən geri çəkilərək Kosovonun müstəqilliyini tanımaqla bağlı qərarlarından imtina etdilər. Bütün bu məqamlar və Haşim Taçinin prezident kürsüsünü vaxtından əvvəl tərk etməsi "Kosovo Demokratik Partiyası"nın məğlubiyyətini qaçılmaz edirdi.

Haşim Taçi vəzifəsindən istefa verdikdən sonra dövlət başçısının səlahiyyətlərini o zaman parlamentin sədri olan Vosa Osmani-Sadri icra etməyə başlamışdı. Ötən həftənin sonunda isə Kosovonun yeni təşkil olunmuş parlamenti üçüncü cəhddə Vosa Osmani-Sadrini respublikanın prezidenti seçib. 38 yaşlı Vosa Osmani-Sadrinin namizədliyini parlamentin 120 deputatından 71-i dəstəkləyib. Etnik serblərin maraqlarını təmsil edən siyasi qüvvənin təmsilçisi olan deputatlar və iki müxalifət partiyasının təmsilçiləri ixtisasca hüquqşünas Vosa Osmani-Sadrinin namizədliyini dəstəkləməyib. Osmani isə prezident seçildikdən sonra bütün kosovoluların lideri olacağını bəyan edib. Xanım prezident ölkəsinin gənc qızlarına səslənərək bir qadının Kosovonun prezidenti seçilməsini ölkədə dəyişikliyin başlanğıcı kimi dəyərləndirməyə çağırıb. Osmaninin gənc qadınlara müraciəti təsadüfi deyil. Kosovo Avropada əhalisi ən gənc ölkə sayılır. Kosovo əhalinin yarısından çoxunu 35 yaşından aşağı insanlar təşkil edir.

 

Yeni parlament hökumət qurmaq səlahiyyətlərini də seçkinin qalibi "Müqəddəratını təyinetmə" partiyasının lideri Albin Kurtiyə verib. Parlament seçkiləri kosovoluların Albin Kurti və onun başçılıq etdiyi partiyaya etimad göstərdiyini nümayiş etdirmişdi. İndi bu etimadı doğrultmaq vaxtıdır. Albin Kurti tərəfindən partiyanın rəhbərliyinə cəlb olunan gənc siyasətçilər seçicilərə geniş islahatlar vəd ediblər.

Kosovoda siyasi və iqtisadi sabitliyin təmin edilməsində ciddi problemlər mövcuddur. Son dörd ildə üç dəfə parlament seçkiləri keçirilib. Əgər parlament prezidenti seçə bilməsəydi, yeni seçkilər qaçılmaz olacaqdı. Siyasi böhranın qarşısı alınsa da, Kosovo hökuməti hələ də ciddi problemlərlə üz-üzədir.

Beynəlxalq aləmdə Kosovonun müstəqilliyini dəstəkləyən qüvvələrin sıralarında zəifləmə müşahidə olunur. Hətta bir zamanlar Kosovonun müstəqilliyinin birmənalı tərəfdarı olan dövlətlərin mövqelərində də tərəddüdlər müşahidə edilməkdədir.

Albin Kurtinin başçılıq etdiyi partiyanın "Böyük Albaniya" tərəfdarı olmasının Kosovonun yeni hökumətinə ciddi problemlər yaradacağı gözlənilir. Çünki Albin Kurtinin tərəfdarı olduğu "Böyük Albaniya" Yunanıstan, Şimali Makedoniya, Monteneqro və Serbiyanın ərazisinin bir hissəsini əhatə etməlidir. Avropada sərhədlərin dəyişdirilməsinə cəhdlər edilməsinə isə Brüsseldə və Avropanın digər paytaxtlarında çox mənfi yanaşırlar. Buna görə də "Böyük Albaniya" ideyasının Albin Kurti üçün ciddi problemlər yaradacağı gözlənilir. Albin Kurtinin formalaşdırdığı ilk hökumətin məhz Vaşinqtonun təzyiqləri nəticəsində istefaya getdiyi unudulmamalıdır. Baş nazirin Serbiya ilə danışıqlarda ən kiçik güzəştə getmək istəməməsi də Qərb paytaxtlarında ciddi narazılıq doğurur.

Bütün bunlar isə 38 yaşlı prezident Vosa Osmani-Sadriyə Kosovonun müstəqilliyinin təmin edilməsində ciddi problemlər yaradacaq. Kosovonun müstəqilliyinin beynəlxalq aləmdə qəbul edilməsi problemə çevrildikcə, respublikadakı sosial-iqtisadi problemləri həll etmək mümkün olmayacaq.

 





07.04.2021    çap et  çap et