525.Az

Azərbaycan milli düşüncə tarixində Abdulla Şaiq fenomeni


 

Azərbaycan milli düşüncə tarixində Abdulla Şaiq fenomeni<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatını, ədəbiyyatşünaslıq elmini, mədəniyyətini, pedaqogika və ideoloji fikir tarixini Şaiq imzası olmadan təsəvvürə gətirmək çətindir.

Bu zəif vücudlu böyük şəxsiyyətin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrin əhəmiyyətini dərk etmək üçün bir anlıq onun yoxluğunu düşünmək kifayətdir. 1923-cü ildə Şaiqin ədəbi və pedaqoji fəaliyyətinin 20 illiyinin qeyd olunduğu ədəbi-bədii gecədə Qafur Əfəndizadə Qantəmirin çıxışından "Əgər Şaiq olmasaydı" təbiri əslində, ədibin çoxcəhətli fəaliyyətinin miqyas və mahiyyətinin böyüklüyünü ehtiva edir. Əgər Şaiq olmasaydı... Mübaliğəsiz demək olar ki, əgər Şaiq olmasaydı, Azərbaycan onun milli ruhda yetişdirdiyi ziyalı ordusundan məhrum olardı; anadilli təhsilin təməlini qoyan Şaiq Nümunə Məktəbi fəaliyyət göstərməzdi; Azərbaycanda məktəb və maarif işi senzuranın pəncəsi altında əzilər və öz düzgün məcrasını tapmazdı; uşaq ədəbiyyatı qızıl fonduna daxil olan əsərlərdən məhrum olardı; milli ədəbiyyatımızı öz soy-kökünə - folkloruna bağlayanların, Avropa və Şərq klassik ədəbiyyatını Azərbaycan oxucusuna öz ana dilində çatdıranların sayı azalar, ədəbiyyatımız incə ruhlu Şaiq poeziyasından məhrum olardı və nəhayət, əgər Şaiq olmasaydı, Vətənin, millətin taleyini öz müqəddəratından uca tutan bir təəssübkeş ədib - vətəndaş timsalından məhrum olardıq.

1881-ci il fevralın 24-də əkiz tayı olan bacısı ilə birlikdə dünyaya gələn (bacısı üç aylıqkən dünyasını dəyişir), özündən böyük, lakin həyatda qalmayan qardaşı Abdullanın acısını valideynlərinə unutduran, hələ məktəb yaşı çatmamış atasının dərs dediyi məktəbdə təhsil almağa başlayan, təhsilini Xorasanda Yusif Ziyanın məktəbində davam etdirən, 1900-cü ildə Bakıya gələrək bütün ömrünü pedaqoji, ədəbi-mədəni, elmi işə həsr edən Şaiq fenomeni Azərbaycan elm və mədəniyyətində kiçik qığılcımları ilə böyük bir ocaq alışdırdı.

Şaiqin öncə tələbəsi, sonralar onun məsləkdaşı olmuş Atababa Musaxanlının dedikləri sevimli ədibimizin cismani və mənəvi dünyasının hüdudlarının tənasübünü müəyyən edir: "Şaiqin simasındakı ümumi görünüş ilk öncə təsadüf edənlərə bir bəsatət ərz edər, əliyüladə bir insan deyə vaz keçilə bilər. Halbuki bu böylə deyildir, bu görüş və hökm doğru olmasa gərəkdir. Zira həyatında təmtəraq və dəbdəbədən, gurultulu süsdən qaçan Şaiqin ruhu və fəaliyyəti dəxi böylə görünməsini təbii surətdə sevənlərdəndir. Fəqət bizə qalırsa, Şaiq əvvələn ruhundakı incəlik və hissiyyat etibarilə ən yüksək bir insandır. Saniyən, Şaiq cəmiyyətimizin yetişdirdiyi əxlaqi bədiyyələr üzərində bir şahiqədir ki, çıxılması ancaq Şaiq kibi ictimai iradə və fəaliyyətə malik adamlara, mübaliğə gəlməzsə, dahilərə məxsusdur".

Sadəliyin arxasında gizlənən kübarlığın genetik izlərinin daşıyıcısıdır Abdulla Şaiq. Talıbzadələr nəsli insanpərvərliyi, ziyalılığı, elm və təhsilə münasibəti, sadəliyi, alicənablığı ilə hər zaman seçilmişlər. Abdulla Şaiqin babası Süleyman Talıbzadə dövrünün tanınmış şəxsiyyətlərindən olmuşdur. Xəttat kimi məşhurlaşan Süleyman Talıbzadə Sədinin "Gülüstan" və "Bustan" əsərlərini öz xətti ilə yazıya alıb. Həmin əlyazmaları AMEA Əlyazmaları İnstitutunun fondunda saxlanılır.

Abdulla Şaiqin atası Axund Mustafa Talıbzadə Zaqafqaziya şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini, həm də Tiflis Ruhani İdarəsinin nəzdindəki məktəbdə ərəb və fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Ruhani olmasına baxmayaraq, Axund Mustafa qabaqcıl görüşlü, elmə və təhsilə önəm verən, övladlarının mükəmməl təhsil alması üçün əlindən gələni əsirgəməyən bir ata idi. Maraqlı, həm də paradoksal haldır ki, Axund Mustafanın Azərbaycan dramaturgiyasının və realist nəsrinin banisi, "külli ədyanı puç və əfsanə hesab" edən Mirzə Fətəli Axundazadə ilə dostluq münasibətləri olmuşdur.

Əbdülvahab Yurdsevərin: "Şaiqi Şaiq yapan Axund Yusifdir. Ağabəyisinə qarşı dərin sevgisi bulunan Şaiq məfkurə xəzinəsini ondan irs almışdı" fikri Talıbzadələr nəslinə xas olan sadəlik, kübarlıq, ziyalılıq məziyyətlərinə millilik - turançılıq kimi bir dəyəri də əlavə edir. Bu, bir həqiqətdir ki, A.Şaiqi turançılıq ideyaları ilə bağlayan ilk növbədə qan yaddaşı idi. Böyük qardaşı - Axund Yusif Talıbzadənin ideoloji cəhətdən ardıcılı olaraq A.Şaiq türk olmaq kimi mənəvi sərvətin dəyərini bilmiş və bu dəyəri həyat və yaradıcılığında daima təbliğ etmişdi.

Yusif Ziya Talıbzadə (Ziya təxəllüsünü Xorasandakı müəllimi Yusif Ziyanın adına uyğun götürmüşdür) görkəmli maarif və din xadimi, şair, dramaturq, hərbçi kimi tanınırdı. Əsrin əvvəllərində Bakının ədəbi, ictimai və siyasi həyatında yaxından iştirak edən Yusif Ziya dilə dair "Təhsili-qəvaid" dərsliyinin, "Ərmənusə", "Əmir Xalid ibn Vəlid" faciələrinin, şəriət dərsliklərinin müəllifi, ilk islam xəritəsinin yaradıcısıdır. 1912-ci ildə Osmanlı dövlətinə gedib hərbi təhsil alan Yusif Ziya 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıdır. AXC-nin siyasi həyatında yaxından iştirak edir və 1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedir, orada həmkarları ilə birlikdə cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən "İttihadi-islam" cəmiyyətini yaradır. Sovet hakimiyyətinə barışmaz mövqeyi ilə tanınan Axund Yusif yenidən Osmanlı dövlətinə qayıdır və Ənvər Paşanın rəhbərliyi altında basmaçlara qarşı aparılan döyüşlərdə həlak olur.

MİLLİ TƏHSİL "ŞAİQ NÜMUNƏ MƏKTƏBİ"NDƏN BAŞLAYIR » Təhsil Junalı 

Azərbaycanda milli ideologiyanın təməlini qoyan ziyalılardan biri Abdulla Şaiqdir. XX əsrin əvvəllərində milli mənlik şüuru yeni-yeni oyanmağa başlayan Azərbaycan türkləri bütün sahələrdə, o cümlədən, təhsildə ciddi maneələrlə qarşılaşırdılar. Çar hökuməti milli özünüdərk prosesinin qarşısını almaqdan ötrü müxtəlif üsullara əl atırdı. Məktəblərdə ana dili fənni məcburi deyildi; şagird istədiyi vaxt ərizə ilə müraciət edib ana dili fənnindən azad ola bilərdi. Ana dili müəllimi fənn müəllimlərinin aldıqları məvacibin beşdə birini alırdı. Bu şərtlər altında fəaliyyət göstərən Şaiq qələmini süngüyə çevirdi. Milli düşüncəni təhsil, ədəbiyyat, mədəniyyət müstəvisinə gətirdi. 1917-ci ildə Çar hökumətinin sözdə verdiyi "Məktəblərin milliləşdirilməsi barədə qərar"ın ardınca ədib onsuz da gizli şəkildə həyata keçirdiyi missiyanı leqal şəklə saldı. Bu qərarın ardınca Xalq Maarif Nəzarətinin Qafqaz Tədris dairəsi qərar haqqında əsasnaməni təsdiq etdi. Azərbaycanın mütərəqqi fikirli ziyalıları, əsasnamədə tələb olunduğu kimi, milli təhsilin yaradılması istiqamətində tədbirlər hazırlamağa başladılar. Bu şərəfli missiyanı yerinə yetirənlərdən biri, bəlkə də birincisi Abdulla Şaiq oldu. Şaiqin təşəbbüsü və ardıcıl səyləri nəticəsində ərsəyə gələn layihə məhz 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dönəmində reallığa qovuşmaq üçün ən münbit və münasib zamanını tapdı. Abdulla Şaiqin təşəbbüsü ilə 3 aylıq Azərbaycan dili kursu açıldı. Kursa cəlb edilən 25 şagirdə dərsləri türk dilində A.Şaiq, Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah kimi müəllimlər tədris edirdilər. Kursu bitirən şagirdlər üçün 49 rus sinfi olan Bakı Birinci Realnı Məktəbinin nəzdində bir sinif açıldı. Zaman-zaman milli siniflərin sayı artırıldı. Beləliklə, ana dilində təhsil verən ilk məktəbin - Şaiq Nümunə Məktəbinin əsası qoyuldu. 1924-cü ildə milli məktəb ilk məzunlarını buraxdı. Həmin məzunlar gələcəkdə Azərbaycanın elm və mədəniyyət tarixində milli düşüncəni, milli mədəniyyəti təbliğ edən ilk ziyalılar oldular. C.Cabbarlı, T.Ş.Simurq, R.Axundov, M.Müşfiq, V.Axundov, S.Vəzirov, A.Əfəndizadə, B.Talıblı, S.Rüstəm, M.Dilbazi, Ş.Bədəlbəyli, Ə.Bədəlbəyli, A.Musaxanlı, M.A.Dadaşzadə, F.Qasımzadə, Niyazi, M.Hüseyn, H.Araslı və başqaları Şaiq məktəbinin yetirmələridir.  

Maraqlı haldır ki, Abdulla Şaiqin yetirmələrinin bir qismi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin tanınmış simalarıdırsa, digər qismi hansı sahəni təmsil etməsindən asılı olmayaraq ana diliinə bu və ya digər şəkildə bağlı olan ziyalılardır; A.Şaiqin sevimli tələbələrindən biri, görkəmli ictimai xadim Tağı Şahbazi Simurq ADU-nun ikinci, həm də təhsili ana dilində aparılmasına qərar verən ilk rektoru olmuşdur. Texnika elmləri doktoru, tanınmış energetik Azad Əfəndizadə texniki terminologiyanı işləyib hazırlayanlardan biridir. Onun rəhbərliyi altında elektrik intiqalı, elektromexanika və avtomatik idarə olunma sahəsində altıdilli terminlər lüğətləri hazırlanıb çap olunmuşdu. Şaiqin tələbələrindən biri - texnika elmləri doktoru, akademik Səftər Quliyev çox dərin neft və qaz quyularının qazma üsulunu ilk tətbiq edən tanınmış alim, həm də neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır. Görkəmli ictimai-siyasi xadim Ruhulla Axundov Azərbaycanda siyasi terminologiyanın yaradıcısı və yeni əlifbaya keçidin tərəfdarlarından biri idi. Bu siyahını artırmaq, həm də düşünmək olar ki, bu ziyalları birləşdirən əsas cəhət onların ana dilinə həssas münasibəti, milli mədəniyyətimizə təmənnasız xidmət etmək istəyidir, müəllimləri Abdulla Şaiq kimi...

Çox sevdiyi, təkcə müəllim kimi deyil, həm də ata qayğısı ilə yanaşdığı tələbələri Şaiqin mənəvi haqqını verdilər. Müəllimlərinin onlara ehtiyacı olduğu vaxtlarda tələbələri, sevənləri Şaiqi himayə etdilər, onu təhlükələrdən, repressiyalardan qorudular. Tələbəsi - Azərbaycan KP MK-nın katibi, "Azərnəşr"in direktoru, Azərbaycan SSR Xalq Maarif komissarı, 1930-cu ildən Zaqafqaziya vilayət komitəsinin katibi kimi səlahiyyətli vəzifələri tutmuş Ruhulla Axundovun tövsiyəsi və təlimatıyla 1931-ci ildə Şaiq Bakıdan uzaqlaşdırılaraq Şuşa Pedaqoji Texnikumuna müəllim kimi ezam edilir. Abdulla Şaiq xatirələrində müəllimini zəifləmiş görən Ruhulla Axundovun ona böyük məbləğdə mükafat yazılması göstərişindən, Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində "İsgəndərnamə" poemasının "Şərəfnamə" hissəsini məhz onun tövsiyəsi və təkidi ilə tərcümə etməsindən söhbət açır. Müəllimini neqativ hallardan qoruyan R.Axundov özü isə repressiya qurbanı olur. Abdulla Şaiq 1938-ci ildə ölümə məhkum edilən sevimli tələbəsi Ruhulla Axundova "Gəlsin" rədifli qəzəlini ithaf edir.

Abdulla Şaiqin digər himayədarı 1942-1946-cı illərdə Azərbaycan SSR maarif naziri, 1946-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifələrini icra edən Mirzə İbrahimov olur. Mərhum akademik Kamal Talıbzadə yazırdı ki, "Mirzə İbrahimov öz diplomatik bacarığı ilə hökumət nəzərində "etibarlılar" cərgəsində qalmağı bacaran, ömrünün axırına qədər Abdulla Şaiqin xilaskarı missiyasını davam etdirə bilən şəxsiyyətlərdən olmuşdur".

 

Müasirlərinin həbs və məhv edildiyi bir vaxtda - 1936-cı ildə Abdulla Şaiqin ilk "Seçilmiş əsərləri"nin redaktoru və müqəddiməsinin müəllifi məhz Mirzə İbrahimov idi. Kamal müəllimin də dediyi kimi, M.İbrahimov cəmiyyətin o səlahiyyətli şəxsiyyətlərindən idi ki, redaktoru olduğu kitabın mündəricatında yer alan əsərlər sorğulanmamış və ajiotaj yaratmamışdı. Təəccüblüdür ki, "Əsərlər"də Şaiqin "Oktyabr", "Zərbəçi" şeirləri ilə yanaşı, Mahmud Əkrəm Rəcaizadəyə nəzirə olaraq yazılmış "Niyə uçdu?", "Bir quş", "Yad et!" şeirləri, "Üsyan", "Hürriyət pərisi" kimi azadlıq ideyaları təbliğ edən mənzum əsərləri yer alırdı. Müqəddimədən aşağıdakı sətirlər M.İbrahimovun müdafiə taktikasını əsaslandırır: "Bu millətçilik əhvali-ruhiyyəsi pantürkist osmanlıçılıq ideolojisi daşıyan burjua cərəyanının xırda burjua münəvvərliyinə təsirindən başqa bir şey deyildir. Lakin Şaiq millətçiliyini heç də Əli bəy Hüseynzadələr və ya Məhəmməd Əmin Rəsulzadələr millətçiliyi ilə eyniləşdirmək doğru olmaz".

1937-ci ildə Abdulla Şaiq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Ədəbi-pedaqoji şöbənin müdiri vəzifəsinə təyin edilir. Bu təyinatın da təşəbbüskarı o zaman Nazirlər Komissarlığının İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışan Mirzə İbrahimov olur.

Amma Şaiq heç zaman haqsızlığa susmamış, zülmə boyun əyməmişdir. Poeziyası onun həyat salnaməsidir. Abdulla Şaiqin yaşadıqlarını, hiss etdiklərini, sevincini, kədərini, hətta deyə bilmədiklərini əsərlərində açıqca görmək mümkündür. XX əsrin əvvəllərində azadlıq, hürriyyət carçısı Şaiq 1917-1920-ci illərdə turançı Şaiqə çevrilir. Siyasətdən uzaq olan Şaiqin turançı kimi mövqeyi bu illərdə özünü daha bariz şəkildə göstərir. Cümhuriyyət dövrü yaradıcılığında A.Şaiq sıx-sıx türk simvolikasından barınır, tərtib etdiyi dərsliklərində ümumtürk mədəniyyətini tədqiq və təbliğ edirdi. Qızıl alma - vahid, mənəvi, bölünməz Turan ideyası şairin əsərlərinin əsas leytmotivi olur. Turan yurdu, Elxan ordusu, Qızıl alma, doqquz tuğlu bayraq, tambura A.Şaiqin türkçülük simvolikasından bədii ədəbiyyata gətrdiyi milli elementlərdir. A.Şaiq türklərin tarixinə, həyat tərzinə, məişətinə aid xırda bir detalı da sevə-sevə, milli təəssübkeşliklə təqdim edir. Onun "Arazdan Turana", "İki mücahid", "Vətənin yanıq səsi", "Marş", "Neçin böylə gecikdin?", "Yeni ay doğarkən" şeirləri Turan obrazının vəsfinə həsr olunub.

1930-1940-cı illər poeziyası A.Şaiqin stalinizmə, siyasi zorakılığa, ruslaşdırma siyasətinə etirazı və nifrəti ilə müşayiət olunur. Bu illərin məhsulu olan "Başlanğıc", "Xalq düşməninə", "Bu qürurlu boyun burulmazmı?", "Gəlsin", "Şəklində" şeirlərində diktator-rəhbər pislənir, faciəvi günlərini yaşayan Azərbaycan xalqının intiqam gününün gələcəyi ideyası vurğulanır. Açıq şəkildə olmasa da, ədib kontekstdə mesajlarını oxucularına çatdırır. 1937 və 1938-ci illərdə uşaqlar üçün yazdığı "Ovçu Məstan", "Tapdıq dədə" poemalarında zalım, despot rəhbər obrazını canlandıran Şaiq oxucuları motivasiya edir, onları çətin günlərin keçəcəyinə, xeyirin şər üzərində qələbə çalacağına inandırır.

Abdulla Şaiq özünəməxsus yaradıcılıq üslubu ilə seçilir. Onun bütün yaradıcılığı maraqlı və uğurlu sintezlər üzərində qurulmuşdur. Burada milliliklə bəşəriliyin, ənənə ilə müasirliyin, Şərqlə Qərb sivilizasiyasının, romantizmlə realizmin, nəzmlə nəsrin mükəmməl sintezinin şahidi oluruq. Abdulla Şaiq həm turançı bir mütəfəkkir, həm də bəşəri ideyaların carçısıdır. O, milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısı, həm də müasirliyin tərəfdarıdır. Şərqi mədəniyyətin beşiyi adlandıran Şaiq Qərb sivilizasiyasının nailiyyətlərindən məqsədyönlü istifadəni məqbul hesab edir. Abdulla Şaiq irsi romantik və realist yaradıcılıq metodları üzərində köklənmişdir. Burada romantizmlə realizm bəzən vəhdət şəklində, bəzən isə hər birinin nəzəri-estetik prinsiplərinə ciddi riayət olunmaqla təzahür edir.

"Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm", - deyən Abdulla Şaiqin bütün çoxcəhətli yaradıcılığı onun pedaqoji fəaliyyətində təmərküzləşmişdir. Başqa sözlə, ədibin fəaliyyət sahələri gördüyü ideoloji işin tərəfləridir. Bu baxımdan onun xidmətləri saymaqla bitməz. Pedaqoji intibahın görkəmli nümayəndəsi (Y.Qarayev) Abdulla Şaiq anadilli təhsilin yaranması və inkişafını şərtləndirən dərslik və proqramların ərsəyə gəlməsi işinin də öncüllərindəndir. Ana dilində heç bir materialın olmamasını nəzərə alarsaq, Şaiqin üzərinə düşən işin miqyasını təsəvvür etmək heç də çətin deyil. Uşaqların yaş və maraq dairəsinə uyğun əsərlər yazmaq, tərcümələr etmək, yeni yaranmaqda olan ədəbiyyat tarixçiliyi işinə qoşulmaq, folklor materialları əldə etmək, klassik və müasir əsərləri elmi baxımdan təhlil etmək kimi məsələlərdə Abdulla Şaiq də yaxından iştirak etmişdir. Ədəbiyyatşünas alim kimi elmi və publisistik məqalələrində Şaiq özünün ədəbiyyat tarixi konsepsiyası ilə milli yazılı ədəbiyyatın mənşəyi və dövrləşdirilməsi, klassik ədəbiyyatın dəyərləndirilməsi məsələlərinə aydınlıq gətirmişdir. Daima axtarışda olan Abdulla Şaiq bir sıra müasirlərinin ilk bioqrafı hesab olunur. Ə.Hüseynzadə, H.Cavid, M.Ə.Sabir, M.Hadi, A.Səhhət kimi sənətkarların tərcümeyi-halları ilk dəfə məhz Abdulla Şaiqin tərtib etdiyi dərsliklərdə öz əksini tapmışdır. Abdulla Şaiqin Hüseyn Cavidlə birlikdə tərtib etdiyi, 1919-cu ildə çap olunan "Ədəbiyyat dərsləri" kitabı Azərbaycan ədəbiyyatşünaslığında ilk poetika kitablarından biridir. Azərbaycan şifahi xalq ədəbiyyatı materiallarının toplanması və tərtibi işində də Abdulla Şaiq imzası var. Folklora dair ilk elmi məqalələrdən birinin müəllifi olan Abdulla Şaiq də B.Çobanzadə, Ə.Abid kimi Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatı arasında tarixi-məntiqi əlaqəni bərpa edən folklorşünaslardan biridir. Onun Ş.Əfəndizadə ilə birlikdə tərtib etdiyi "Bayatılar" kitabı 1926-cı ildə işıq üzü görmüşdür.

Abdulla Şaiq tərcüməçi kimi də məhsuldar ədib olmuşdur. Hələ Xorasanda oxuduğu illərdə İ.Krılovdan fars dilinə etdiyi tərcümələrə görə müəllimi tərəfindən tənqid olunan Şaiq səhvini anlamış və bundan sonra əsərləri ana dilinə tərcümə etmişdir. Azərbaycan oxucusu Firdovsinin "Şahnamə"əsərindən, C.Ruminin "Məsnəvi"sindən, N.Gəncəvinin "İsgəndərnamə"sindən parçaları, D.Defo, İ.Krılov, M.Lermontov, A.Puşkin, L.Tolstoy, K.Çukovski və başqa Avropa müəlliflərinin bəzi əsərləri ilə Abdulla Şaiqin tərcüməsində tanış olmuşdur.

Abdulla Şaiqin bütün həyat və fəaliyyətini göz önündən keçirərsək, ədibin məsləkdaşı, 1923-cü ildə müəllim kimi Azərbaycana dəvət edilən Xəlil Fikrətin onun haqqında dedikləri ilə razılaşmaya bilmərik: "Diyorlar ki, müəllimlik sənəti xüsusi bir istedad və qabiliyyət məsələsidir. Bu sənətdə müvəffəqiyyət bilxassə ruhdakı gözəlliyə tabedir. Şaiqin iyi bir müəllim və mürəbbi olacaq nə gözəl ruhu vardır. Şaiq tam mənası ilə məsləkini məfkureyi-ruhunda canlandırmış bir şəxsiyyətdir. O, həyatın hər dürlü çirkinliklərindən, ifratdan, xəyanətdən, hiyləgərlikdən, yalançılıqdan, həsədçilikdən, kibr və qürurdan, xudbinlikdən, tənbəllikdən, xülasə, gərək bir fərdin ruhunu və gərək bir cəmiyyətin yaşamaq qabiliyyətini məhv edən hər dürlü fənalıqlardan kəndisini mühafizə etmişdir. Biz bütün müəllimlər ruhən Şaiqə bənzərsək, nə mutlu!"

Arzu ƏHMƏD HACIYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





07.04.2021    çap et  çap et