525.Az

Nizamiyə həsr olunmuş şeir müsabiqəsi - Fotolar


 

Nizamiyə həsr olunmuş şeir müsabiqəsi - <b style="color:red">Fotolar </b>

XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri, epik şeirin görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirib, Şərq poeziyasını forma və məzmunca zənginləşdirib və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradıb.

Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Nizami özündən əvvəl yaranmış poetik ənənələri davam etdirərək yüksək səviyyəyə ucaldıb, özündən sonrakı nəsillər üçün qiymətli xəzinə miras qoyub.

2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilmişdir. Bu ədəbi hadisə dövlətçilik tariximizin şanlı səhifəsi olan Zəfər müharibəsindəki parlaq qələbəmizin davamı olaraq xalqımız üçün önəmli hadisəyə çevrilmiş, eyni zamanda klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqəd və məqsədyönlü siyasətin bariz nümunəsidir.

Bu məqsədlə ölkəmizin hər yerində tədbirlər keçirilir. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filial da bu məqsədlə tədbirlər planı işləyib hazırlamışdır.

Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı, Kürdəmir Rayon Təhsil Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mart ayının 1-dən “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsinə start vermişdir. Məqsəd böyüməkdə olan gənc nəslə N.Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətməklə yanaşı, onların bədii qiraət qabiliyyətlərini inkişaf etdirmək olmuşdur.

Müsabiqə aprel ayının 7-dək 2 turdan ibarət olaraq onlayn formada keçirilmişdir. Müsabiqədə rayonun 59 ümumtəhsil müəssisəsindən 80-ə yaxın şagird iştirak etmişdir. Aprelin 7-də keçirilmiş yığıncaqda müsabiqəyə  yekun vurulmuş,  münsiflər tərəfindən videoçarx şəklində göndərilən şeirlər dinlənilmiş və qaliblər müəyyən olunmuşdur. Münsiflərin ümumi qərarına əsasən Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Behbud Alıyev I yerə, Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Səmra Muxtarova və  Karrar-qəsəbə tam orta məktəbinin şagirdi Təhminə Heydərova II yerə, T.İsmayılov adına 1 saylı tam orta məktəbin şagirdi Həqiqət Məmmədova, M.Ə.Rəsulzadə adına 2 saylı məktəb-liseyin şagirdi Aydan Mənəfova və E.Ağayev adına Sor-sor kənd tam orta məktəbinin şagirdi Tamara  Ədilova III yerə layiq görülmüşlər. Qaliblərin müsabiqənin təşkilatçıları tərəfindən Fəxri fərman və N.Gəncəviyə həsr olunmuş qiymətli kitablarla mükafatlandırılması nəzərdə tutulub

 





08.04.2021    çap et  çap et