Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər ediblər.
Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində QMİ sədri və dini konfessiya rəhbərləri ilk olaraq Bərdə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxuyublar. Daha sonra nümayəndə heyəti Bərdədə Cümə məscidini ziyarət edib. Sonra Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl "Qarabağ" futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər. Qeyd edilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.
Sonra QMİ sədri və dini konfessiya rəhbərləri Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlər Xiyabanında QMİ sədri və dini konfessiya rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun, Milli Qəhrəman Əliabbas İsgəndərovun, Xocalı soyqırımı zamanı qətlə yetirilən ailə üzvlərinin və digər məzarlar ziyarət edilib, onların ruhlarına dualar oxunub. QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini də ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub.
Sonra onlar Qiyaslı məscidini də ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bildirib ki, ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Qarabağa gəliblər. A.Paşazadə əvvəllər Ağdama tez-tez gəldiyini vurğulayıb: "Hələ 1975-ci ildə Ağdama gəlmişdim. O dövrdə açıq məscidlər çox az idi. Ağdam Cümə məscidi də açıq idi deyə, mən bura tez-tez gələrdim. Ağdamın özü ilə də tanışlığım var idi. Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin. Bayaq namaz qıldığım yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr demişəm. Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib elədi ki, erməni ekstremistləri tərəfindən işğalda olunmuş torpaqlarımızı azad olundu. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün içində torpaqlarımız azad olundu".
A.Paşazadə vurğulayıb ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: "Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Bayaq Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Hirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Ermənilər, o cümlədən, bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur. Onu da qeyd etməliyəm ki, bu 44 gün ərzində bizim din xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə vuruşdular. Onların içində şəhid olanlarımız, yaralananlar da var. Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır".
S.QARAYEVA