525.Az

"Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı"


 

"Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı"<b style="color:red"></b>

“Bu gün Azərbaycanda olmaq bizim üçün çox böyük şərəfdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, torpaqların işğaldan azad edilməsi hissini Azərbaycan xalqı ilə paylaşmaqdan çox məmnundurlar:

“Torpaqların işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan hökuməti və xalqına təbriklərimizi çatdırırıq”.

İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi qeyd edib ki, İƏT üzvləri Azərbaycanı bu məsələdə daim dəstəkləyib:

“Bu, tək Azərbaycanın İƏT üzvü olması deyil, Azərbaycanın mövqeyinin ədalətli olması ilə bağlı idi. Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı. Bundan sonra da Azərbaycana öz dəstəyimizi ifadə edəcəyik”.

“İƏT münaqişə ilə əlaqədar Təmas Qrupu yaradıb. Bu gün bu tədbirdə Təmas Qrupuna üzv dövlətlərin nümayəndələri iştirak edir”.

Əhməd Kavesa Senqendo deyib ki, azad olunmuş ərazilərə ilk dəfə səfər ediblər:

“Ermənistan silahlı qüvvələrinin binalara, məscidlərə qarşı vandallıqlarını, kəndlərin yer üzündən silinməsinin şahidi olduq. Bu, kədərli təəssürat yaradır. Məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini, qəbiristanlıqların dağıdıldığını gördük. İşğalçılar tək canlı insanlara deyil, vəfat etmiş insanlara qarşı da vandallıq törədib. Bu, qeyri-insani davranışın təzahürüdür”.

İƏT Baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin bu torpaqlarda bərpa işləri həyata keçirəcəyinə və məcburi köçkünlərin torpaqlarına qayıdacaqlarına əmindirlər.

“Münaqişə başa çatıb, amma sülh və bərpa prosesi kifayət qədər vaxt aparan bir prosesdir”.

Əhməd Kavesa Senqendo deyib ki, münaqişədən əziyyət çəkən çoxlu sayda insan var: “Allaha dua edirik ki, bu insanların həyatı normal məcraya qayıtsın. Münaqişə zamanı həyatlarını itirən insanlara rəhmət diləyir, yaralılara şəfa arzulayırıq”.

İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi qeyd edib ki, bərpa prosesi çətin  prosesdir:

“İqtisadi məsələlərlə bərabər, bu insanlar psixoloji əziyyət də çəkib. İƏT bu məsələlərdə Azərbaycana dəstəyini davam etdirəcək. Üzv ölkələri dəstək verməyə çağırırıq. Böyük sayda insanın qayıdışı üçün böyük işlərin görülməsi, onların psixoloji sarsıntılardan qurtulması üçün dəstək lazımdır. İƏT ölkələrini bərpa prosesində Azərbaycanın yanında olmağa çağırırıq”.

 Əhməd Kavesa Senqendo  Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edib: “İşğaldan azad olunmuş ərazilərdə dağıntıları öz gözümüzlə gördük. İƏT ölkələrinin növbəti mərhələdə – yenidənqurma prosesində Azərbaycana dəstək göstərəcəklərinə inanırıq”.

 





08.04.2021    çap et  çap et