525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

 

Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçalanın Şorkənd kəndində anadan olub. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olub, bir sıra idman yarışlarında iştirak edib.

Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 16-da düşmən snayperi ilə vurulması nəticəsində şəhid olub. Noyabrın 19-da Şorkənd kəndində dəfn edilib.

Cəlil Cəfərov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Vasif Gülhəsən oğlu Mehbalıyev 1994-cü il martın 26-da Neftçalanın Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir.

6 bacının 1 qardaşıdır. 2012-2013-cü illərdə həqiq hərbi xidmətdə olub. 2016-cı ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qatılıb.

Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Bacısı Gülər onun şəhid olması xəbərini eşidən kimi vəfat edib. Hazırda bacı və qardaş kənd qəbiristanlığında birgə uyuyurlar.

Vasif Mehbalıyev şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

***

 

Polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlu 26 oktyabr 1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Orta təhsilini şəhid Vüqar Sadıqov adına Şirvanlı tam orta məktəbində başa vuran Elzamin 1997-ci ildə Ali Hərbi Akademiyaya qəbul olur. 2001-ci ildə Akaemiyadan məzun olduqdan sonra "N" saylı hərbi hissədə leytenant kimi xidməti vəzifəyə başlayır. 2004-cü ildən etibarən Pakistan, Macarıstan, Türkiyə, Çexiya, Amerika , İraq, Avstraliya, Sloveniya, Almaniya kimi ölkələrdə hərbi təlimlərdən keçir. Qüsursuz xidmətlərinə görə  1-ci, 2-ci, 3-cü dərəcəli medallarla təltif olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı,  Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, "Azərbaycan Silahlı qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub. İraq Respublikasında 6 aylıq sülhməramlı qüsursuz xidmətinə görə medala layiq görülüb. "N" saylı hərbi hissədə kəşfiyyat rəisi vəzifəsində xidmət edirdi.

Ailəlidir, Aysu və Aysel adında iki qız övladı vətənə əmanətdir. Həyat yoldaşı Günay xanım deyir ki, sentyabrın 26-sı hərbi hissəyə növbətçi kimi gedib. Zəng edib ki, bizi çağıracaqlar. Gəlib evdəkilərlə görüşüb, gedib. Sentyabrın 28-də yoldaşıyla qısa telefon danışığı olub, "harda olsam, sənə məlumat verəcəm" - deyib. Bu danışıqdan sonra 20 saat ondan xəbər ala bilməyiblər. Suqovuşan döyüşlərində iştirak edib. Sentyabrın 29-da Talış kəndi istiqamətində şəhid olub. Yaxşı ata, gözəl ailə başçısı olub. Övladlarına qarşı mehriban və tələbkar olub. Savadlı insan olub. Bədii kitabları oxumağı çox sevib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunub.

***

 

Xəyal Hüseyn oğlu Əhmədov 1994-cü il mayın 9-da Neftçalanın Xıllı qəsəbəsində anadan olub. Faruq Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Xıllı qəsəbəsində dəfn olunub.

Xəyal Əhmədov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Rabil Elbrus oğlu İsmayılov 1980-ci il fevralın 12-də Gəncədə doğulub. 1987-1997-ci illərdə M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə bakalavr, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəsi üzrə təhsil alıb. 2017-ci ildən M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Rabil İsmayılov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

 

Ağasadıq Xəlil oğlu Aslanov 1991-ci il martın 1-də Neftçalanın Kür Qarabucaq kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Ağasadıq Aslanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pilotsuz uçan aparatlarla düşmənə qan udduran qəhrəmanımız noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Neftçala rayonunda dəfn edilib.

Ağasadıq Aslanov şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ilə təltif edilib.

***

 

Fəxri Elmir oğlu Qəribzadə 15 dekabr 1993-cü ildə Bərdə rayonunun Güloğlular kəndində anadan olub. Atası vəfat edib. Fəxri ilə bacısını anası böyüdüb. Uşaqlıqdan yunan-Roma güləşi ilə məşğul olub. Bir çox nailiyyətlər əldə edən Fəxri 2013-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi xidmətə başlayıb. Qorxmaz, igid çavuş Fəxri öz bacarığı ilə döyüş yoldaşlarının sevgisini qazanıb. Onun igidliyi haqqında döyüş yoldaşları fəxarətlə danışırlar. Cəsur, igid əsgər döyüşməklə bərabər, yaralı yoldaşlarının çıxarılmasında igidlik göstərib. Əslən şuşalı olan Fəxri Suqovuşan döyüşlərində iştirak edib. Oktyabrın 10-da  Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nişanlı idi. Onun şəhadətindən sonra bacısının dünyaya gələn oğluna Fəxrinin adı verilib.

Fəxri Qəribzadə şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

***

 

Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olub. 2007-ci ildə Neftçala rayonu şəhid Elton Həbibov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub.

Məhəmməd uşaq yaşlarında şahmat, güləş, boks və basketbolla məşğul olub və hər birindən müxtəlif nailiyyətlər əldə edib.

2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənaye Kollecinin ət və süd məhsullarının texnologiyası fakültəsinin əyani şöbəsinə daxil olub. 2020-ci ildə təhsilini bitirərək 23 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanıb. Orada XTQ-ya (052) seçilib, kəşfiyyat qrupunda xidmətini davam etdirib. 2 ayın əsgəri olmağına baxmayaraq, könüllü olaraq 27 sentyabr 2020-ci il səhər saatlarında başlayan 2-ci Qarabağ müharibəsində döyüşlərə gənc kəşfiyyatçı əsgər kimi qatılıb. Murovdağda gedən döyüşlərdə iştirak edib. 

Məhəmməd Kərimli Füzuli rayonu uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 6-da Neftçala rayonunda böyük izdihamla Şəhidlər Xiyabanında dəfn edilib. Şəhadətindən sonra "Vətən uğrunda" medalıyla təltif olunub.

Yaxınlarının dediyinə görə, Məhəmməd Murovdağda xidmət edəcəyini və şəhid olacağını deyərdi.

***

 

Salahov Elvin Sabir oğlu 17 sentyabr 2001-ci ildə Bakıda doğulub. 2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. Orta məktəb illərində çalışqan şagird olub, gözəl rəsm çəkmək qabiliyyəti vardı. Hətta 6-cı sinifdə oxuyarkən çəkdiyi rəsmlər Yaponiya səfirliyində keçirilən müsabiqəyə göndərilib. Həmçinin, idmana da xüsusi marağı varmış, həvəskar boksla məşğul olub. Futbol fanatı idi. Kompyüter kursuna getmişdi. İngilis dilində gözəl danışırdı. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır. Xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir. 2020-ci ilin sentyabrında 2-ci Qarabağ müharibəsi başlanan andan bir Xüsusi Təyinatlı kimi  ön cəbhədə vuruşub. Alınan məlumata görə, Elvin Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Cəmi 19 yaşlı şəhidimiz oktyabrın 24-də Bakıda Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Salahov Elvin şəhadətindən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

***

 

Dadaşov Elvin İmamqulu oğlu 14 avqust 1993-cü ildə Neftçala rayonunda anadan olub. İlk təhsilini Neftçala rayon Əlif Piriyev adına 2 saylı məktəbdə alıb. Şəhidimiz ailəli idi. 21 oktyabr 2020-ci ildə oğul övladı dünyaya göz açıb.

Elvin Dadaşov Ağcəbədi rayon Qiyamətdinli kəndində 5 il ön cəbhədə xidmət edib. Sonralar isə əmri Beyləqan rayonuna verilir və xidmətini orada davam etdirir.

27 sentyabrda başlanan 2-ci Qarabağ müharibəsinə qatılaraq Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşa rayonları istiqamətində döyüşlərdə iştirak edib. Şuşa rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək noyabrın 6-sı şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Dadaşov Elvin noyabr ayının 19-u Neftçala rayon Şəhidlər Xiyabanında böyük izdihamla son mənzilə yola salınıb.

Dadaşov Elvin şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Elvin Babayev 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulub. 2007-ci ildə Bakıda yerləşən leytenant Kərim Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 9-cu sinifdə məktəbdə gənclər arasında komandir olub, Nəsimi rayonun hərbi tədbirlərində iştirak edib və gənclər arasında keçirilən "Şahinlər" yarışına qatılıb. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra iyul ayında hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərdə iştirak edəndə onun tərxis olunmasına 3 ay qalırdı. Elvin Babayev 2 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən savaşda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Elvin Babayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

 

Məmmədli Pərviz Həsən oğlu 30 mart 1996-cı ildə Neftçala rayonunda anadan olub. İlk təhsilini Neftçala muğan liseyində alıb. 5-8-ci sinif arasında Bakı şəhər İdman liseyində boks təhsili alıb. 2014-cü ildə hərbi xidmətə yollanıb. Orada komandiri tərəfindən yüksək qiymətləndirilib və spetnaz kurslarına göndərilib. Şəhidimiz ailəli idi və Miray adında bir qız övladı yadigar qalıb.

Pərviz 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və ayağından yaralanaraq "Müharibə veteran" adı almışdı. 2018-ci ildə 1918-2018 "100 illik yubiley" medalı ilə təltif olunub. 2020-ci ildə təlimlərdə və kurslarda iştirak edib. 26 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsinə yollanıb.

Həyat yoldaşı deyir: "Hər gün danışırdıq, hər şeyin yaxşı olacağını deyərdi. Amma axır günlərdə deyirdi ki, inanmıram sağ qayıdam, burda çox çətin yerdəyik. Və həmin danışıq zamanı vəsiyyətini etdi. Axırıncı dəfə 23 oktyabrda danışdıq..."

Məmmədli Pərviz 25 oktyabr 2020-ci ildə Şuşaya 5 km qalmış snayper gülləsiylə ürəyindən vurularaq şəhidlik zirvəsinə yüksəlib.

Şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif olunub.

***

 

Nəcəfov Bəhruz Əli oğlu 1996-cı ildə mart ayının 7-si Neftçalanın 2-ci Qaralı kəndində anadan olub. İlk təhsilini 2-ci Qaralı kənd məktəbində alıb. Sonra isə Peşə liseyində təhsilini davam etdirib.

Bəhruz hələ uşaq ikən atası dünyasını dəyişir. Anası və özündən kiçik qardaşı ilə birlikdə yaşayıb. Bəhruz 13 yaşında olan zaman anası dünyasını dəyişir və dayısının himayəsində böyüyür.

Təhsilini başa vurduqdan sonra Hərbi xidmətə yollanıb və xidmətinə Daşkəsəndə başlayıb. Xidməti başa vurduqdan sonra Bakıda mebel sexində işləyib, qardaşını böyüdüb. Bakıda dostları və qardaşı ilə birlikdə balaca bir ailə kimi kirayədə yaşayıblar.

2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb. Cəbrayıl rayonunun Dostlar bulağı adlanan yerdə gedən döyüş zamanı oktyabr ayının 7-si şəhidlik zirvəsinə yüksəlib. 2 gün neytral ərazidə qaldıqdan sonra oktyabrın 9-da nəşi götürülüb və Neftçala rayonunda dəfn edilib. Şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

***

 

Əhmədov Cavanşir Elxan oğlu 6 may 2001-ci ildə Bakı şəhəri Xırdalan qəsəbəsində doğulub. Xırdalan şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra Odlar Yurdu kollecinin "Bələdiyyə təsərrüfatının təşkili və idarə edilməsi" fakültəsinə daxil olub. Təhsilini bitirməyə 1 il qalmış həqiqi hərbi xidmətə yollanıb. Onun ən böyük arzusu taxta materiallardan fiqurlar yaratmaq olsa da, hərbi xidmətə getmək arzusu bu istəyini üstələdi. Gəncədəki N saylı hərbi hissədə xidmət edən Cavanşir Əhmədov  xidmətinin bitməyə 4 ay qalmış 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində döyüşlərə qoşulur. Murov, Suqovuşan, Füzuli, Cəbrayıl,  Laçın istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərib və noyabr ayının 4-də Laçın uğrunda gedən qanlı-qadalı döyüşlərdə qəhrəmancasına şəhid olub. Cavanşir Əhmədov 26 noyabr 2020-ci ildə Bərdə şəhərində öz doğma ata yurdunda dəfn edilib. Şəhadətindən sonra "Laçının azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyulun 1-də Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra Odlar Yurdu Universitetinin MBA proqramı üzrə magistraturaya qəbul olsa da o, təhsilini yarımçıq saxlayıb hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra magistratura üzrə təhsilini davam etdirib. Təhsilini bitirdikdən sonra "ASK Ayaqqabı Fabriki" MMC-də işə başlayıb.

Peşəkar cüdoçu idi Rafiq. 2012-ci ildə keçirilən cüdo üzrə beynəlxalq turnirdə finala qədər yüksəlib, finalda erməni rəqibi ilə üzbəüz gəlmişdi. Bu qarşılaşmadan üzü ağ çıxmışdı. Erməni rəqibini böyük hesabla məğlub edərək qızıl medal qazanmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən, 29 sentyabrda səfərbərliyə çağırılıb. 14 oktyabr Füzuli-Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə xeyli düşmən qüvvəsini məhv edib və qəhrəmancasına şəhadətə yüksəlib. Rafiq, həmçinin, ələ keçirdikləri erməni hərbi hissəsində Azərbaycan bayrağını asıb.

Rafiq Heydərov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci ildə Sumqayıt şəhərində doğulub. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub. Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan Qusarda xidmətini davam etdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə hamının sevgisini qazanır.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə yollanıb və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında gedən döyüşlərdə şücaətlə iştirak edib. O, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post alıb və o posta öz doğma şəhəri Sumqayıtın adını verib.

19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 





08.04.2021    çap et  çap et