525.Az

Stress və ümid - Yeganə İskəndərova yazır


 

Stress və ümid - <b style="color:red">Yeganə İskəndərova yazır </b>

Zaman keçdikcə, təbii olaraq, Yer üzündə insanların da sayı çoxalır. Dünya əhalisi 1970-ci ilədək  hiberbolik templə artırdı. 

Sonralar artım  əvvəlki dövrlərə nisbətən azaldı. 1987-ci ildə dünyada insanların sayı 5 milyard, 2011-ci ildə  7 milyard nəfər olub. 1960-cı ildə dünya əhalisi 3 milyard olduğu halda 2021-ci ildə artaraq təxminən 8 milyard nəfərə çatıb. Artırıq, sıxlaşırıq, internet, sürət əsrində yaşayırıq. Bu gün dünyada 4.66 milyard nəfər internet, 5.22 milyard nəfər isə mobil telefon istifadəçisi olduğu bildirilir.

İndi hər kəs internet vasitəsilə məhdudiyyətsiz məlumat əldə edə bilir. Kompüter insanların həyat ritmini dəyişdirir, gerçək həyatdan uzaqlaşdırır, əyləncə konsentrasiyanı azaldır, keçid qabiliyyətini pozur, emosional təmasları məhdudlaşdırır, normal ictimailəşmə azalır, qohumlar, dostlar ilə ünsiyyət arxa plana keçir və tədricən zəifləyir. İnternet  xaricində həyat aludəçilər üçün bir yük olur. İnformasiya texnologiyalarının inkişafı kontekstində isə əksinə, sosial şəbəkələr getdikcə daha çox populyarlıq qazanır.

Üstünlüklərindən danışanda isə İnternet yeni biliklər əldə etməyə yardımçı olan, insanların həyat tərzini rahatlaşdıran vasitə kimi qiymətləndirilir. Məlum hadisələr səbəbindən son vaxtlar məcburən tətbiq olunan onlayn təhsil sistemi artıq insanlar arasında vərdişə çevrilir. Halbuki ötən illərə qədər uşaqları internetdən uzaq tutmağı, vacib olanda 2 saat məşğul olmağı  tövsiyyə edirdik. Neçə il öncə Banqladeşdə uşaqları cib telefonu istifadə edən valideynləri cəzalandırmaq üçün bir qanun da qəbul olunmuşdu. 2003-cü ilin iyul ayında isə bizim Səhiyyə Nazirliyimiz 18 yaşınadək şəxslərə mobil telefonların istifadəsini məhdudlaşdırmağı tövsiyə edirdi. İndi isə ölkəmizdə distant təhsildə uşaqların əksəriyyəti mobil telefondan istifadə edirlər.

İnternet və yeni texnologiyalar bir yandan məlumatların qavranılmasını asanlaşdırsa da,  o biri tərəfdən də deqradasiya simptomlarının yaranmasına, canlı ünsiyyətin virtual ünsiyyətlə əvəzlənməsinə və nəticədə  apatiya,  yorğunluğa, stress səviyyəsinin artmasına səbəb olur. Stress yaranmasına səbəb olan  faktorlar isə bütün həyat keyfiyyətlərinə mənfi təsir göstərir. Hər birimiz gündəlik olaraq streslə yaşayırıq. Stress bizi gah izdihamlı bir avtobusda qarşılayır, gah sosial şəbəkələrdə izləyir, gah istehsalat iclaslarında iştirak edir, gah da ailədə, qohumlar, dostlar və tanışlar arasında anlaşılmazlığa yol açır.

Bu gün cəmiyyətin sıx həyat ritminin ən xoşagəlməz nəticələrindən biri də stress yüklərinin artmasıdır. Təəssüf ki, stress bir çoxumuz üçün norma halına gəlib. Bu isə özlüyündə psixoz və nevrozların inkişafına səbəb olur. Ötən əsrin əvvəllərində geniş yayılan "əsəbdən gələn bütün xəstəliklər" ifadəsi artıq öz aktuallığını itirib.  İndi  "bütün xəstəliklər stresdəndir" deyə söylənilir.

Hazırda bir çox insan, fərqinə varmasa belə, ağır stress yükünə malikdir.  Lakin  stress hər kəsə eyni səviyyədə təsir göstərmir. Biri xoşagəlməz məqamlara əhəmiyyət vermədən stressi asan ötüşdürür. Bir başqası  bu prosesi ağrılı keçirir. Bir qisim üçün isə stress daha ciddi nəticələr verir,  xəstəliliklər yaradır.

Hər gün üzləşdiyimiz anlaşılmazlıq və konfliktlər mütəmadi şəkildə stress yaşamamıza səbəb olur. Koronavirus epidemiyasının səbəb olduğu ölüm halları və  intiharla bağlı üzücü xəbərlər narahat beynimizi daha da yükləyir, ciddi gərginliklər əmələ gətirir.

COVİD-19-a yoluxma ehtimalı ilə əlaqəli narahatlıq, yaşadığımız böhran, gərginlik hər birimizin şəxsi problemləri ilə üst-üstə düşür. Koronavirus xofu artıq insanların psixikasını tükətməkdədir. Qoruyucu maskaların mikrob mənbəyi olmaq ehtimalı təşviş yaradır. Virus əleyhinə peyvənd olunanlar arasında inamlı münasibət bəsləyənlərlə yanaşı, şübhəli qalanların özlərinə və əhatələrində olanlara qarşı yaratdıqları narahatlıq da stressə şərait yaradır.  Hər səhər yuxudan durar-durmaz yaxın bir adamını itirəcəyi xəbərini almaq səksəkəsi insanın psixikasını zədələyir, onu əldən salır, orqanizmini öz təbii ritmindən çıxarır, gərginliyi bir az da artırır. Belə gərgin psixoloji vəziyyət istər-istəməz həyata baxışımızı da dəyişir, bədbin əhval-ruhiyyə, əsəbi davranış başqaları ilə ünsiyyətdə də özünü mənfi çalarları ilə büruzə verir. Tədricən insanda daimi əsəbilik, xüsusi bir səbəb olmadan yaşanan ruh düşkünlüyü, narahatlıq, pis yuxu, depressiya, fiziki zəiflik, tərləmə, baş ağrısı, yorğunluq, hər hansı bir iş görməyə həvəsin olmaması, yaddaşla bağlı problemlər və düşünmə prosesinin sürətinin azalması, ətrafdakılara, hətta ən yaxşı dostlara, qohumlara və yaxınlara qarşı laqeydlik,  mütəmadi olaraq ağlamaq, göz yaşı tökmək, bəzən isə hönkürmək istəyinin yaranması, kədər, pessimizm, özünə acımaq hissi, iştahanın zəifləməsi, bəzənsə əksinə, həddən artıq qida qəbulu vərdişi yaranır.

Stress yalnız əsəb gərginliyi deyil. İnsanın həddindən artıq yüklənməsilə də xroniki stress yarana bilər. İnsan yaranan çətinliyə, nə olur-olsun, uyğunlaşmalıdır, bu, təbiətin qanunudur. Doğrudur, stressin yaratdığı fəsadlar kəskin olur, amma vəziyyəti yayındıraraq stressi atmaq, yaxud qarşısını tamamilə almaq da mümkünsüz deyil. Bu zaman fikirlərinizi başqa bir mövzuya yönəltməyə çalışın. Əgər hər zaman sizə güclü mənfi təsir bağışlayan bir hadisə barədə düşünürsünüzsə, onda bütün enerjinizi bu düşüncələrə verir və özünüz üçün psixoloji travmaya səbəb ola biləcək stresli bir vəziyyət yaradırsınız. Bir insanın stresdən əziyyət çəkdiyini görürsünüzsə, onda çalışın onun hisslərini sizinlə bölüşməsinə icazə verin və mühakimə və müqayisə etmədən onu sadəcə dinləyin, ürəyini boşaltmasına imkan yaradın. Bu zaman insan özünü daha sakit hiss edə bilər. Unutmayın, bu, həm də ən mürəkkəb anlarda qarşılıqlı kömək çağırışıdır.

İnsanlar eyni hadisəyə ən fərqli reaksiyalar verə bilirlər. Sonra isə adətən bu vəziyyətin səbəblərini tapmağa, vəziyyəti daha yaxşıya dəyişdirməyə və optimal davranış üsulu seçməyə çalışırlar.  İnsanlar özlərini pis hiss edəndə əsasən hansı addımı atırlar? Ya bir dostunun yanına qaçır, onun çiyninə baş qoyub ağlayırlar, ya əsəblərini sakitləşdirmək niyyəti ilə çoxlu siqaret çəkir, alkoqoldan istifadə edirlər. Amma yaddan çıxarmayın: sizə fəlakət kimi görünən, amma bəlkə də, bir başqası üçün adi olan hansısa problemlərinizlə bağlı dostlarınızı davamlı yükləsəniz, o zaman bir gün onları itirə də bilərsiniz.

Biz əsəbləşən zaman nə baş verir? Bədənimizin müqaviməti azalır, adrenalin qorxu və narahatlıq yaradır,  nəfəs almanı sürətləndirir. Bunlar iş, ailə həyatında problemlərə, yuxu pozuntusuna, müxtəlif xoşagəlməz xəstəliklərə səbəb olur.

Qlobal dünyamızda baş verən arzuolunmaz hadisələr,  pandemiya ilə bağlı narahatlıqlar onsuz da gərgin olan həyatımıza bir az da mənfi təsir göstərir. Planetimizin ən fərqli hadisələri və bu hadisələrin yaratdığı hisslər heç vaxt olmadığı qədər bu gün bir-birinə sıx bağlıdır. Təəssüf ki, günümüzün başlıca problemi olan epidemiya təhlükəsinə cavab verə biləcək qlobal bir sağlamlıq sistemi hələ ki yoxdur. Amma bu o demək deyil ki, həyatdan əlimizi üzək. Əksinə, gəlin hamılıqla ümid edək ki, hər şey gözəl olacaq.

 





08.04.2021    çap et  çap et