525.Az

Qarabağ həsrətilə əbədiyyətə qovuşan ömür - Anım


 

Qarabağ həsrətilə əbədiyyətə qovuşan ömür - <b style="color:red">Anım</b>

Mərhum yazıçı-publisist, Əməkdar jurnalist Ziyəddin Sultanov 1952-ci ildə Ağdam rayonunun Mollalar  kəndində anadan olmuşdu.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Z.Sultanov uzun illər "Xalq qəzeti"nin (Sovetlər birliyi dövründə "Kommunist" qəzeti) Qarabağ bölgəsi üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmış, Azərbaycan Respublikasının Əməkdar  jurnalisti fəxri adına, "Qızıl qələm", Zərdabi adına "Dan ulduzu" , "Araz" mükafatlarına layiq görülmüşdü. Onun müxtəlif illərdə "Məni də sevən var",  "Ömür keçdi, gün keçdi", "Qarabağ gündəliyi", "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Burdan bir atlı keçdi", "Kəklik", "Bir qonağam bu dünyada", "Əsirlər, girovlar, itkilər", "Qarabağ müharibəsi: faktlar... hadisələr... düşüncələr...", "Gəlin gedək Qarabağa", "Göylərdən gələn gəlin" adlı kitabları çap edilmişdi. Torpaqlarımızın bir gün mütləq işğaldan azad ediləcəyinə böyük ümidlər bəsləyən Z.Sultanov bu yolda yorulmadan öz qələmini süngüyə çevirərək mübarizə aparmış, Birinci Qarabağ savaşı dövründə yazıçı-jurnalist kimi cəbhə bölgələrində, ön sıralarda olmuşdu. Lakin amansız ölüm Z.Sultanovun arzularını yarımçıq qoydu. Daima qəlbi doğma Azərbaycanımızla, Qarabağımızla döyünən Z.Sultanov 2020-ci il avqust ayının 11-də əbədiyyətə qovuşdu.

Qarabağ müharibəsi Z.Sultanovun yaradıcılığında həmişə xüsusi yer tutub. Müəllifin son dövrlərdə qələmə aldığı "Gəlin gedək Qarabağa" əsəri bədii publisistikamızın çox qiymətli  nümunələrindəndir. Sanki müəllifin ürəyinə danmışdı ki, tezliklə doğma torpaqlarımız işğaldan azad olunacaq, insanlar öz yurd-yuvasına qayıdacaqlar.

Mübariz vətən övladlarının torpaqlarımızın azadlığı uğrunda savaşa qoşulmaları, döyüşlərdə qəhrəmancasına həlak olan oğul və qızlarımızın ibrətamiz ömür yolu, ömrünün ixtiyar çağında elindən-obasından didərgin düşüb çadır şəhərciklərinə sığınan soydaşlarımızın ürək göynədən taleyi "Gəlin gedək Qarabağa" kitabında toplanmış bədii-publisist yazıların başlıca mövzusudur. Kitabda toplanmış yazılar ağrılı-acılı günlərimizin yaddaş salnaməsi kimi gələcək tədqiqatçılara, şair və yazıçılara zəngin faktlar verəcək.

Z.Sultanovun elə bir əsəri yoxdur ki, orada bədiilik, obrazlılıq və sənətkarlıq aparıcı mahiyyət daşımasın. Çağdaş bədii publisistika təkcə zamanın aktual problemlərini bədii həqiqətə çevirməklə kifayətlənmir, eyni zamanda, problematika zənginliyi ilə də seçilir, zamanın sosial, siyasi, əxlaqi-mənəvi və fəlsəfi problemləri janrın bədii təhlil predmeti olur. Özlüyündə aydındır ki, nə mövzunun aktuallığı və müasirliyi, nə də onun problematika vüsəti bədiiliyin həlledici meyarı sayıla bilər. Bütün bu keyfiyyətlər spesfik forma daxilində, mükəmməl kompozisiya və süjetdə inikas predmetinə çevriləndə ədəbi prosesdə yeri olan əsər yaranır. Z.Sultanovun qələm adamı kimi üstünlüyü odur ki, o, yazdığı bədii-publisistik əsərlərdə təsvir olunan hadisələri bir povestə, romana yerləşdirməyin mümkünsüzlüyünü bilib, yüzlərlə povest və roman mövzularını əhatə edən və gələcəkdə Qarabağ mövzusunda yaranacaq bədii əsərlərin süjet xəttini müəyyənləşdirən yeni bir ədəbi forma ("Cəbhə xatirələri və gündəlikləri") seçib. Bu da onun müəllifi olduğu əsərlərin yeniliyini, bədiiliyini, tarixiliyini və müasirliyini şərtləndirən əsas cəhətlərdir.

Z.Sultanovun "Gəlin gedək Qarabağa" əsəri müasir ədəbi prosesdə janrın bu istiqamətdəki axtarışlarının nümunəsi kimi diqqəti çəkir. Əsəri Qarabağ mövzusunda yazılmış 143 gündəlik kimi də oxumaq olar. Mürəkkəb konstruksiyalı süjetlərin birləşərək vahid bir süjet halında "Qarabağ hadisələrinin tarixi və bədii əksi", "Gəlin gedək Qarabağa" əsərlərində təcəssüm tapması ənənəyə yaradıcı münasibətin təzahürü kimi də mənalandırıla bilər.

Gəlin gedək Qarabağa” qələbəyə çağırış kitabıdır 

Hadisələri əvvəldən axıra qədər xronoloji ardıcıllıqla verməyə çalışan müəllifin əsas amalı o olub ki, içindəki ağrıları, özünün və bütün şəhid valideynlərinin yaşantılarını, onların faciəli həyatını oxuculara çatdıra bilsin. Bu, əslində, onun vətəndaşlıq məsuliyyətindən doğan narahatçılığının ifadəsidir və 143 müxtəlif və müstəqil süjet xəttinə malik gündəlikləri, Qarabağ faciəsi üzərinə dönə-dönə qayıtması bunun təzahürüdür.

Əsəri yazarkən müəllifin üzərinə təkcə özünün və el-obasının yaşadığı ağrıları deyil, Azərbaycan xalqının  və dünya azərbaycanlılarının "Qarabağ ağrısı"nı ifadə etmək və erməni vəhşiliklərini bütün bəşəriyyətə çatdırmaq missiyası düşüb. Bu baxımdan Z.Sultanovun cəbhə gündəlikləri mövzusunda qələmə alınmış bu əsəri həm də tarixi həqiqətlərin bədii əksinə çevriləcək yeni-yeni tarixi və bədii əsərlərin, o cümlədən, tarixi romanlarımızın yaranması üçün hazır material və mənbədir.

Əsərin elmi əhəmiyyətini şərtləndirən əsas cəhətlərdən biri də vaxtilə işğal olunmuş ərazilərimizdəki toponimlərin - yer adlarının, çaylarımızın, dağlarımızın, bulaqlarımızın, yaylaqlarımızın, şəhər və kəndlərimizin adlarının verilməsidir ki, bu da gələcək nəsillər üçün əsas örnəkdir. Təbii ki, erməni qəsbkarları doğma yurdlarımızın adlarını dəyişməyə və özününküləşdirməyə çalışmışlar. Kitabda yer alan "Yelli gədik", "Ala göllər", "Sarıyer yaylağı", "Zoğallı körpü", "Zülfüqarlı kəndi", "Bağlıpəyə", "Umudlu", "Taxta düzü", "Gəlin qayası", "Ceyran bulağı", "Dəlidağ", "Nəsir düzü", "Qiblə bulağı", "Qoşabulaq", "Mənəş", "Buzluq", "Qozlu körpü" və s. toponimlərimizin yazıya alınıb gələcək nəsillərə çatdırılması, bu adların əbədiləşdirilib tarixə salınması müəllifin yaradıcılığının əsas məziyyətlərindəndir.

Müəllif Qarabağın hər bir kəndi, dağı, dərəsi, çayı, bulağı, elat camaatının adət-ənənələri haqqında, xüsusən təbiət təsvirlərində canlı lövhələr yaradıb: "Elat dağlara qalxırdı. Buz bulaqların başında alaçıqlar qurulurdu, İstisuda, Turşsuda, Dəlidağda, Gəlin Qayasında, Minkənddə insan əlindən tərpənmək olmurdu. Saz havaları, qədim el mahnıları Tərtərin, Həkərinin çoşğun sularına qarışıb başı qarlı dağlara yayılırdı. Çoban qardaş bərəkətli sürüləri dağların döşünə yayırdı. Alaçığın  qabağında tərəkəmə qadınları nehrə çalxayır, motal tutur, payız-qış mövsümünə hazırlıq görərdilər".

Sözlər vasitəsilə canlı töhfə yaratmaq budur. Belə mətnlər tərəkəmə, elat camaatının həyat tərzi, adət-ənənəsi, onlara məxsus bütün incəlikləri əks etdirən orijinal bədii lövhələrdir. Bədii dildən səmərəli istifadə və onu obrazlı ifadəyə çevirmək bacarığı həm də Z.Sultanovun dünyagörüşü, ictimai-estetik məramı, xalq dilinə olan dərin məhəbbəti, milli qeyrəti, zövqü və bütünlükdə sənətkarlıq qüdrətilə bağlı olan bir məsələdir.

Həyat lövhələrini, insanların ömür yolunu, onların mənəvi dünyalarını, sevgilərini, dərdlərini, ağrılarını, psixologiyasını, xarakterini bədii boyalarla əks etdirmək üçün sənətkar müxtəlif təsvir və ifadə vasitələrindən bəhrələnməlidir. Bu baxımdan Z.Sultanovun yaradıcılığında  bədii təsvir və ifadə vasitələrindən, xüsusən epitet, təşbeh, metafora və təzadlardan istifadə bədiiliyin və obrazlılığın əsas elementləri  kimi diqqəti cəlb edir.

Azərbaycan ədəbiyyatında dağ ən çox şair və yazıçılarımızın müraciət etdikləri və bədii obraz səviyyəsinə qaldırdıqları mövzulardan olub. Z.Sultanov da əsərlərində dağ mövzusuna daha geniş prizmadan yanaşıb və dağı bədii obraz səviyyəsinə qaldırıb. "Dağlara qış gəlir", "Sarıyerdə hadisə", "Yollar  Murovun zirvəsindən keçir", "Duman gəl get bu dağlardan", "Dağlar dilə gəlir", "Dağlarda faciə", "Dəlidağın qoynunda", "Dağlar da narahatdır", "Üzü dağlara sarı", "Üzü bəri baxan dağlar" və s. kimi mövzuda yazılmış bədii-publisist əsərlər dediklərimizə əyani sübutdur.

... Təəssüf ki, Ziyəddin Sultanov bu gün aramızda yoxdur. Amma böyük bir təsəllimiz var ki, onun arzuları möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir yumruğu, polad iradəsi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində həqiqətə çevrilib. Artıq haqqında həsrətlə, kədərlə yazdığınız Qarabağ işğaldan azad olunub. Qələmini bu yolda yorulmaq bilmədən süngüyə çevirib mübarizə aparan Ziyəddin Sultanov həmişə hörmətlə yad edilib qəlbimizdə yaşayacaq.  İndi Ziyəddin müəllimin ruhu vaxtilə işlədiyi Xankəndidə, Şuşada, Ağdamda, Kəbəcərdə, Laçında və bütün işğaldan azad olunmuş torpaqlarımızda gəzir.

Məkanı cənnət, ruhu şad olsun!

Vaqif ALLAHVERDİYEV
ADPU-nun Ağcabədi filialının dosenti

 





08.04.2021    çap et  çap et