525.Az

Ənənəvi tədrisə nə vaxt qayıdacağıq?


 

NAZİR EMİN ƏMRULLAYEV AÇIQLADI

Ənənəvi tədrisə nə vaxt qayıdacağıq?<b style="color:red"></b>

"Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 faizi, Sumqayıtda 69 faizi, Abşeronda 60 faizi, digər bölgələrdə isə 50 faizi koronavirus əleyhinə peyvənd vurdurub".

Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, bu rəqəmlər hər gün dəyişir: "Hər hansı məktəbin işçi heyətinin 85 faizdən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 faiz müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir".

O həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 faizini müəllimlər təşkil edib: "Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 faiz təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib".

Təhsil naziri vurğulayıb ki, məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil". Nazir bildirib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi: "Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı, ictimaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm".

E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVİD-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: "Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur".

 





09.04.2021    çap et  çap et