525.Az

Azərbaycandan Türkiyə millisi üçün müjdə - İdman


 

Azərbaycandan Türkiyə millisi üçün müjdə - <b style="color:red">İdman </b>

Azərbaycan hökuməti Bakıda keçiriləcək AVRO-2020-nin 4 oyununun hər birinə azarkeşlərin buraxılması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar AFFA-nın dünən yaydığı açıqlamada qeyd edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).

Beləliklə, bu qərar o anlama gəlir ki, 4 oyunun hər birini stadiondan 35 minə yaxın azarkeş canlı izləmək imkanı olacaq (yəni 70 minə qədər tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunun 50 faizi).

Hökumətin bu qərarını istənilən halda müsbət qiymətləndirmək olar. AFFA bununla əlaqədar uzun müddətdir Operativ Qərargahla aktiv danışıqlar aparıb. Nəticədə mövcud pandemiya şəraitindəki reallıqlara uyğun olaraq, azarkeşləri də məmnun salacaq qərar verilib.

Qeyd edək ki, Azərbaycanda futbol mövsümü ötən ilin martında dayandırılıb. Sonradan Avropa kuboklarının, eləcə də yerli çempionatın görüşləri koronavirus pandemiyasına görə azarkeşlərin iştirakı olmadan keçirilib. Beləliklə, dünənki qərar o deməkdir ki, yerli azarkeşlərimiz 1 il 3 aylıq fasilədən sonra məhdudlaşdırılmış çərçivədə olsa belə yenidən stadionlara qayıda biləcək.

Bu qərara indi bizim azarkeşlərlə yanaşı, ən çox sevinən daha bir tərəf var: Türkiyə. Məlum olduğu kimi, qardaş ölkənin komandası mübarizə aparacağı Avro-2020-nin A qrupunda 2 oyununu Bakıda keçirəcək (iyunun 16-da Uelsə, iyunun 20-də İsveçrəyə qarşı). Türklər 1/4 finala qədər gəlsələr, onların həmin oyunu da ölkəmizdə keçirmək ehtimalı var. Bundan başqa, azarkeşlərimiz qrupun Uels - İsveçrə (12 iyun) oyununa da canlı tamaşa edə biləcəklər.

Mövcud pandemiya şəraitində Bakıya xaricdən, o cümlədən, Türkiyədən gözlənilən sayda azarkeşin gələ bilməyəcəyi şübhə doğurmur. Buna baxmayaraq, Türkiyə millisinə Bakıda azərbaycanlı azarkeşlərin möhtəşəm dəstəyinin olacağını birmənalı şəkildə söyləmək mümkündür. Bu dəstəyin isə əvvəlki illərlə müqayisədə daha artıq olacağını söyləsək, yəqin ki, yanılmarıq. Çünki İkinci Qarabağ müharibəsi zamanı həm Türkiyə dövləti, həm də Türkiyə xalqı tərəfindən Azərbaycana dayanmadan siyasi və mənəvi dəstək verildi. Məhz həmin müharibə dönəmində qardaş dövlət və xalqlar arasında onsuz da sıx olan bağlılıq daha da güclənərək heç vaxt zəifləməyəcək bir hala gəldi. Ona görə də Türkiyə millisi Bakıda oyunları öz evindəki kimi keçirmiş olacaq.

Gözlənilən güclü dəstəyin cavabı isə yalnız uğurlu oyun və qələbələr ola bilər.

 





09.04.2021    çap et  çap et