525.Az

Şəhadətlə ölümsüzlük qazanmaq - Anım


 

Şəhadətlə ölümsüzlük qazanmaq - <b style="color:red">Anım </b>

"Nə vaxt Xocalının qisasını alacağıq, o vaxt başı dik gəzəcəyik" - bu, Xocalı soyqırımı baş verəndən bir gün sonra dünyaya gələn, bu dəhşətləri görməyən bir gəncin sözləri idi.

O gəncin ki, böyüdükcə qəlbindəki vətən sevgisi də böyüyür, düşmənə qəzəbi aşıb-daşırdı. O gəncin ki, bütün həyatını hərbə həsr etməklə illərlə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlara, edilmiş işğala qarşı düşmənə layiqli cavab verməyə qalxmışdı. Milli kimliyini unutmayan, müqəddəs dininə hörmətlə yanaşan bu gənc türkçü kimi türk cəngavəri Kür Şadı, müsəlman kimi Həzrəti Əlini özünə örnək götürmüşdü. Bu iki tarixi şəxsiyyətin haqq uğrunda savaşı, ədalətli, mübariz olması onu da bu yolla getməyə sövq etmişdi. Tofiq Əmirlidən danışıram. Vətən müharibəsinin ilk günlərindən cəbhədə döyüşən, düşməni ağır itkilərə məruz qoyan şəhid Tofiq Əmirlidən.

Əmirli Tofiq Şəmsəddin oğlu 27 fevral 1992-ci ildə Cəlilabad rayon Fətullaqışlaq kəndində dünyaya gəlmişdir. İbtidai təhsilini həmin kənddə almış, sonra ailəsi ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərinə köçmüşdür. 2010-cu ildə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbini bitirmişdir.

2011-2012-ci illər ərzində Sərhəd qoşunlarında xidmət edən Tofiq xidmətdə fərqləndiyinə görə komandirləri tərəfindən bir neçə dəfə təltif edilmişdir.

Tofiqin vətənpərvərlik hissi çox yüksək idi. O, torpaq uğrunda can qoyan şəhid qardaşlarımızın qisasını almaq istəyirdi. Torpaq işğalda olarkən o bu torpaqda addım atıb gəzə bilməzdi. Bu məqsədlə də hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini DSX-yə təqdim etdi və qəbul olundu.

Vətənə olan sevgisi, hərbə olan yüksək marağı onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına gətirib çıxardı. Burada çətin təlimlərdən keçərək, xüsusi tapşırıqları yerinə yetirərək yüksək döyüş bacarığına sahib oldu. İndi Tofiq düşmənlə üz-üzə gəlmək, körpə balaların, gözüyaşlı anaların intiqamını almaq istəyirdi.

Tofiqin döyüş yolu 2020-ci il 26 sentyabr tarixindən başlayır. Həmin gün qardaşı Nicata: "Mənə zəng çatmasa, narahat olmayın, telefonu söndürəcəyəm. Evdə heç nə demə. Özünüzdən muğayat olun", - deyə səs göndərmiş və  döyüşə yollanmışdır. Sentyabrın 26-dan oktyabrın 7-nə qədər Şimal cəbhəsində bir neçə uğurlu əməliyyatlara qatılmış, 8 oktyabrdan Cəbrayıl istiqamətində əməliyyatlarda iştirak etmişdir.

Tofiq həm də təcrübəli snayper idi. Cəbrayıl istiqamətində ilk əməliyyatında axşam vaxtı irəliləyən bölmələrini qorumaq məqsədi ilə bir az arxada snayper mövqeyində olur.

Termal nişangahla ermənilərin bizim bölmələri mühasirəyə alaraq pusqu qurmaq cəhdlərini aşkar edir və bölmələrimizə rabitə ilə məlumat verir. Tofiqin sərrast snayper atışları nəticəsində düşmən xeyli itki verir, bölük mühasirədən qurtulur. Daha sonra döyüş mövqeyindən çıxaraq bölüyünə köməyə gəlir, yaralı dostunu çiyninə alaraq tibb məntəqəsinə çatdırır. Düşmən postlarını bir-bir alaraq bir neçə strateji yüksəklik və kəndləri azad edirlər.

Tofiq Əmirlinin şücaəti bununla yekunlaşmır. Onun göstərdiyi qəhrəmanlıqlardan biri də yoldaşlarını susuzluqdan xilas etmək olub. Belə ki, ağır döyüşlərdən sonra bölmələrinin su ehtiyatı tükənmişdi. Susuzluq hər kəsi haldan salmışdı. Tofiq əvvəl keçdiyi ərazidə su gördüyünü xatırlayır və nə olur, olsun gedib su gətirəcəyini komandirinə bildirir.

Bu, çox təhlükəli bir iş idi - bunun üçün düşmən mövqelərindən görünən ərazilərdən keçmək lazımdı. Düşmən hər an atəş aça bilərdi. Lakin Tofiq fikrində qəti idi. Əsgərlər güc toplamalı, növbəti döyüşə atılmalı idilər. Bu fikirlərlə də o, düşmənin minamyot, avtomat mərmilərinin altında əllərində su qabları qaçaraq gedir və bir müddət sonra əlidolu qayıdır. Həmin vaxt Tofiq oruc tutmuşdu. Özü oruc olduğu halda, yoldaşlarını susuz qoymamış, onlara su gətirmişdi.

Tofiq sonuncu dəfə 13 oktyabr Cəbrayılın Mirək kəndi ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı yaxınlığına düşən minamyot mərmisi nəticəsində şəhid olmuşdur.

Tofiq şəhid olandan sonra anası Xatirə xanım oğul həsrətinə dözə bilməmiş, 12 gün sonra dünyasını dəyişmişdi. Şəhidimizin atası Şəmsəddin müəllimlə danışanda dedi: "Qızım, o, Tofiqsiz yaşaya bilməzdi, yaşamadı da. Tofiq də bunu bilirdi. Ona görə həmişə deyirdi ki, ölməkdən qorxmuram, amma qorxuram ki, anam buna dözməz. Anası üzdə sakit görünsə də, demə, dərdini içindən çəkirmiş. İndi o rahatdır, oğlunun yanındadır, dərdi bizə saxladı, getdi..."

Tofiq Əmirli üçün şəhadət - ən şərəfli ölüm idi. Həmişə deyirdi: "Şəhidlik hər kəsə nəsib olmur. Heç inanmıram, mənə də qismət ola".

Şəhidim, şəhadət şərbətini içmək sənə də nəsib oldu. Şəhadət sarayında ən uca məqama yüksəlməklə qəlblərdə məskən saldın, könüllərin sultanı oldun. Ruhun şad olsun, şəhidim! İndi hər göyə baxanda səmadan bizə gülümsəyən çöhrəni görür, ruhun qarşısında ehtiramla baş əyirik!

"Elə bir ölüm ola,
Çıxarasan dadını.
Ölümlə qazanasan
Ölümsüzlük adını".

Sevil Gül Nur

 





09.04.2021    çap et  çap et