525.Az

"Nar bağı"nda qara ilə qırmızının mübarizəsi - Akifə Abbasdan yeni yazı


 

"Nar bağı"nda qara ilə qırmızının mübarizəsi - <b style="color:red">Akifə Abbasdan yeni yazı</b>

Azərbaycanda, qədim inanca görə, gözün ruh rəngi qırmızı hesab olunurmuş. Əgər göz səyriyirsə, bu, bədbəxtlik üz verəcəyinə işarə imiş. Bunun qarşısını almaq üçün gözün üstünə qırmızı ip qoyarlar, bununlada şər qovularmış...

"Nar bağı" filminin ilk anlarından Cəlalın dünyasına daxil oluruq. Enerjinin, dinamikanın və gənclik cəsarətinin hakim olduğu qırmızı dünyasına. Gözlərində problem yaşayan 12 yaşlı qəhrəmanımız  gələcək şəri hiss edərək pəncərədən görünən qırmızı narlardan baxışları ilə kömək istəyir. Gələcək olan şər onun bütün həyatını alt-üst edəcəkdi. Təsadüfi deyil ki, qırmızını  eyni zamanda qəzəb rəngi olaraq da vurğulaya bilərik. Tərk edilmiş uşağın yenidən eyni vicdansızlıqla tərk edilməsinin doğurduğu qəzəb. Qoca baba, on iki yaşlı nəvə və təzə gəlin Göyçayda damı zədəli bağ evində yaşayırlar.Yeknəsəq, boğucu, gülüşlərdən uzaq bir evdə. Bu evdə hər kəsin bir çatışmazlığı var. Babanın oğul, gəlinin ər, uşağın da ata. Bir parçası əskik pazlın həmin o parçası, eyni zamanda, evin damındakı zədəli hissə idi. Həmin o gələn şər özüylə birlikdə yağışı da gətirdi. Bəlkə özündən əvvəlki yaşatdıqlarını silmək üçün. Evin damından döşəməyə damcılayan şərin addım səsləri ilk babanı oyatdı. Şərə ilk qapını açan baba damın axsaqlığını da düzəldən tərəf oldu. On iki ildir ki, yoxa çıxmış atanın geri gəlməsi, ailəsini yenidən qazanmağa çalışması, dörd divarın isti ailə yuvasına dönmə cəhdləri hər nə qədər "hər şey qaydasındadır" təsiri yaratsa da, hər şeyə Cəlalın gözü ilə baxan biz, hələ də narları qara görürdük. Ata sevgisi görməyən Cəlalın ürəyi heç vaxt tərk edilməyi qəbul etmədi. Heç vaxt tamamilə güvənmədi, əfv etmədi, daha artıq sarsılmadı. Nara qırmızı baxdı, ancaq qara gördü. Dəyişmədi. Tərk edilmiş uşağı ən sonuncu ümid tərk etdi. Xoş günlərin uzaqdakı həzin parlaqlığı birdəfəlik yox oldu. Filmi izləyənlərin ağlında sadəcə bir sual var: Cəlalın bundan sonrakı taleyi necə olacaq? O, həyatını necə davam etdirəcək?

İlqar Nəcəf: "Kinoya insan kimi yanaşmaq lazımdır, - deyir.  O, rejissorun əlindən çıxdıqdan sonra öz taleyini yaşamağa başlayır. Mənə maraqlı deyil Cəlalın həyatı necə davam etdi. Mən bu sualı sizə vermişəm və hər kəsin fərqli cavabı olmalıdır".

Cəlalın həyatı necə davam etdi? - Bəlkə də ondan sonra doğulacaq onunla eyni taleyi yaşayan, tərk edilmiş qardaş və yaxud bacısına bir ümid oldu. Bəlkə də tamamilə sönmüş ailə ocağı Cəlalın gətirdiyi yeni odla işıqlı dünyaya çıxa bildi. Bəlkə narlar Cəlala həqiqətən qırmızı göründü. Bəlkə də şərin özü ilə birlikdə birdəfəlik zülmətə çəkildi. Atasının "niyə dama çıxmışdın?" sualına "bilmək istəyirdim ki, orda nə var?" deyə cavab verən Cəlal çox sonralar başa düşdü ki, damdakı əskik parça həmin o əskik pazıl tamamlansa belə, heç vaxt bir mənzərə yaratmadı. O ev damı təmir olunandan sonra belə ev ola bilmədi. Filmin sonunda sadəcə narlar yox, hər şey zülmətə dönmüşdü. Gəlinin son ümidi, qocanın mənəviyyatı  və Cəlalın dumanlı gələcəyi. Filmdə  "Balqabaq Ramiz"  obrazının kasıb və gülünc simadan  varlı mülkədara çevrilməsi  bildirir ki, balqabaqlar da bir gün at arabalarına çevrilə bilirlər. Şərin daşıyıcısı Qabil və ölən oğul Habil yanaşmasının da çox birbaşa olduğunu qeyd etməsəm, olmaz. "Sənət ehtiyacdan yaranır" deyir - İlqar Nəcəf. Sənətkarın cəmiyyətə verəcəyi bir mesaj olmadıqca o, əsl sənətdən  heç vaxt danışa bilməz.

 

Rejissorda kiçik bir fikir olaraq yaranan nar ağacı böyük bağa çevrilir və ekranlara yol tapır. Bəs bu film hansı ehtiyacdan yaranmışdı?  Rejissoru nə məcbur etmişdi qara ilə qırmızını seçə bilməyən Cəlalın hekayəsini yaratmağa?  Özü deyir ki, bunun bir adı var -yalnızlıq! Antonionini özünə müəllim olaraq görən,  filmlərində də Antonioni durğunluğunu sezdiyim rejissorun filmlərində ortaq bir cəhət var. Ağsaqqal qoca və balaca uşaq. "Buta" və "Nar bağı" filmlərində Cəlalın və Butanın yetimliyi, yaşlarından üstün zəkaları onları ortaq nöqtədə birləşdirir. İlqar Nəcəf filmləri haqqında danışarkən "Buta"nın ilk filmi olduğunu, onun ssenarisi üzərində 4-5 il işlədiyini avropalı ssenaristlərlə məsləhətləşdiyini qeyd edib. Rejissorun fikrincə, ilk filmi olan "Buta"da janr problemli gözə çarpır. Filmlərinin çatışmazlığından danışmaqdan çəkinməyən rejissor eyni zamanda Antonionini təkrarlamaqdan da qorxur. O bildirir ki, "rejissorlar  adətən ilk filmdə özlərini axtarır,  ikincidə üslubunu formalaşdırır və artıq üçüncüdə özlərini tapır. "Bir müsahibəsində" üçüncü filmim bütün xırdalıqlarına qədər mənə aydındır tək məsələ onu ekrana köçürtməkdir" - deyir. "Nar bağı" filmini hazırlayarkən Çexovun "Albalı bağı" əsərindən ilhamlandığını qeyd etməkdən də  çəkinmir. Filmin son kadrı əsərin son epizodundakı kimi verilir. Bütün bunlara rəğmən, mən yerli filmlərimizdə hələ də müqavimətsiz, aciz qadın personajlar, zavallı balaca adamlar görmək istəmirəm. Filmlərində dramatik konfliktlər yaxşı işlənsə belə, dialoqların nisbətən aktyorlar tərəfindən düzgün vurğulanmaması və sönük emosiyalardan İlqar Nəcəf də yan keçməyi bacarmayıb. Cəlalın atasını ilk gördüyü andakı saxta, soyuq təsirsiz reaksiyası, "Buta" filmində artıq hesab etdiyim boğazdan yuxarı dialoqlar cansıxıcı idi. Personajın ağzından çıxan hər kəlmə ideyaya xidmət etməlidir.  Hətta hərəkətsizlik  və balaca bir jest belə. Ancaq hesab etmirəm ki, İlqar Nəcəf  istedadsız rejissordur.  Sadəcə filmlərini və müsahibələrində ona verilən sualları nəzərə alsam deyə bilərəm ki, savadlıdır, lakin yeni fikri yoxdur. Bəlkə növbəti ssenarilərində  boşluqları doldura bildi. Bir müsahibəsində kinonun dialoqlardan yox, təsvirdən ibarət olduğunu dediyi halda, digər müsahibəsində təsvirləri yox, mövzunu üstün tutduğunu bildirib. O müsahibəni dinləyərkən yadıma "Buta" filmində nənənin xalçadakı yumaqları Butaya göstərib: "Bax bu yumaqları bura anan asmışdı, yeddi fərqli rəng göy qurşağındakı rənglərə işarədir" - deyəndən sonra kameranın qara rəngli yumağı göstərməsi yadıma düşdü. Bu filmləri izləyərkən Azərbaycan ailələri haqqında sanki bircə fikir diqqət çəkir: analar aciz,  atalar laqeyd, uşaqlarsa  bədbəxtdir. Və mən bu fikirlə razılaşa bilmirəm. Bəzi hallarda haqlı olduqlarını bilsəm belə.

 





09.04.2021    çap et  çap et