525.Az

"Sənətimizin sabahı bu günündən gözəl olacaq" - Müsahibə


 

"Sənətimizin sabahı bu günündən gözəl olacaq" - <b style="color:red">Müsahibə </b>

Hazırda Gənc Tamaşaçılar Teatrında çalışan aktrisa Simuzər Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib.

1990-cı ildə İncəsənət Universitetinin dram-kino aktyoru ixtisasına daxil olub. Bir neçə filmdə və seriallarda rol alıb.

Onunla söhbətimizdə sənətə və həyata dair düşüncələrini, ömür və yaradıcılıq yoluna baxışını öyrənməyə çalışdıq.

Efirdə tez-tez görünməsə də, artıq müəyyən qədər tanınmaq, tamaşaçıların rəğbətini qazandığını bilmək aktrisanı çox sevindirir. Ailə və sənət arasında seçim etməyə məcbur qalmayan, ikisi arasında qızıl ortanı tapmağı bacaran S.Ağakişiyeva bu barədə deyir: "Çox xoşbəxtəm ki, Azərbaycan tamaşaçısının yaddaşında azacıq da olsa qalmışam. Çəkildiyim filmin adını eşidəndə məni xatırlayırlar. Ailə və iş məsələsinə gəldikdə isə, bu, hər iki tərəfdən anlaşma məsələsidir. Hər iki tərəf bir-birinə hörmət eləməlidir. Xüsusilə, bir-birinin peşəsinə hörmət qoymalıdır. Bu qarşılıqlı hörmət yarananda ailə və işin qorunması mümkün olur. Gözəl anlaşma uzunömürlü ailə deməkdir. Allah hər kəsin ailəsini qorusun. Mənim də ən böyük arzum odur ki, tərbiyə elədiyim övladlar vətənə, dövlətə xeyirli övladlar kimi yetişsinlər".

Aktrisa bu sənəti seçməyə qərar verdiyi günlər, valideynlərinin onun seçiminə münasibəti haqda söz düşərkən həmin məqamların unudulmaz olduğunu söyləyir: "İnanın ki, o günlər mənim üçün çox unudulmazdır. Atam-anam məni həkim kimi görmək istəyirdilər və bütün güclərini bunun üçün səfərbər eləmişdilər. Amma mən həkim olmaq istəmirdim, eyni zamanda onların arzularına qarşı çıxa bilmirdim. İki istiqamət üzrə universitetə hazırlaşırdım. Dram dərnəklərinə gedirdim. O vaxt "Sahil" metrosu tərəfdə Lütfi Məmmədbəyovun xalq teatrı var idi, orada iştirak edirdim. Həm də valideynlərimin dediyi kimi həkim olmaq üçün hazırlaşırdım. Məktəbi bitirən kimi sənədlərimi Tibb Universitetinə verdilər. Mən o zaman "konkurs"a düşdüm, qəbul ola bilmədim. İkinci il özümə söz verdim ki, Tibb Universitetinə getməyəcəm, amma bunu valideynlərimə demirdim. İncəsənət Universitetinə qəbul Tibb Universitetindən əvvəl idi. İndiyə kimi yadımdadır ki, İncəsənət Universitetinə sonuncu imtahan iyulun 13-də keçirilmişdi. Mən ora qəbul olunmuşdum. Tibb Universitetinə hələ bundan sonra sənədlərin qəbulu başlayacaqdı. Atam xaricdə idi, mənə görə gəlmişdi ki, yanımda olsun, sənədlərimi Tibb Universitetinə verim. Mənə artıq İncəsənət Universitetindən arayış vermişdilər ki, "Ağakişiyeva Simuzər Nadir qızı İncəsənət Universitetinin 1-ci kurs tələbəsidir". Anamın da xəbəri var idi. Deyirdi ki, "Get atana özün cavab ver, mən ona heç nə deməyəcəyəm". O arayışı atama verdim ki, bunu oxu. Deməyə cəsarətim çatmadı. Atam oxudu, üzümə təəccüblə baxdı. Artıq hər şey aydın idi. O, mənimlə qürur duydu və dünyasını dəyişənə qədər mənim yanımda oldu, "həmişə səninləyəm" dedi. Onların istəyinə qarşı çıxdım, amma məni heç vaxt tək qoymadılar. Bu gün də anam yanımdadır. Teatrda məşqlərim olanda, çəkilişlər zamanı övladlarımla o məşğul olur".

S.Ağakişiyeva deyir ki, İncəsənət Universitetində təhsil aldığı vaxt, tələbəlik illəri çox ağır dövrə təsadüf etsə də, yaxşı, yaddaqalan keçib: "Müstəqilliyi yeni qazanmışdıq. Bəzən ağır günlər olanda deyirlər ki, Allah belə günləri ömrümə yazmasın. Amma mən deyirəm ki, Allah o günləri mənim ömrümə yazsın, özü də qızıl hərflərlə. Tələbə yoldaşlarımı, müəllimlərimi yaxşı xatırlayıram. Mikayıl Mirzə səhnə danışığı müəllimim olub, Allah ona qəni-qəni rəhmət eləsin. Bəhram Osmanov, Elmira Şabanova, Şəfiqə Məmmədova, Məmmədsəfa Qasımov - çox gözəl müəllimlərimiz olub. Yaddaqalan illər idi. Biz sənətə böyük eşq və şövqlə gəlmişik. Həmişə çalışmışıq ki, bu sənətdə nəsə eləyə bilək. Mən tələbə olanda İsi Məlikzadənin ssenarisi əsasında Həsən və Ənvər Əbluc qardaşları "Pəncərə" filmini çəkirdilər. Mənim ilk rol aldığım film "Pəncərə" olub. İnsanların yaddaşında iz buraxan bir filmdir. O filmdə çəkiləndə 1-ci kursda oxuyurdum. Çəkilişlərdə də çox şey öyrəndim, bu, mənim üçün böyük xoşbəxtlik idi. Əslində, ixtisasım da bu idi - dram-kino aktyoru. Eyni zamanda həm teatrdan, həm kinodan praktiki dərs aldım. Həmin il Sankt-Peterburqda keçirilən qiraət yarışmasının laureatı olmuşam".

Maraqlı və alqışlanmalı faktdır ki, Simuzər xanım tələbə olarkən Birinci Qarabağ savaşına yollanıb, düşmənə qarşı mübarizə aparan cəsurlarımızın sırasına qoşulubmuş: "Mən bu barədə həmişə çox qısa danışmağa çalışıram. Çünki o hadisələr haqqında danışmaq ağrılıdır. Mən universitetdə oxuyanda Çingiz Mustafayev çıxış elədi ki, kim özünü vətənpərvər, kişi hesab edirsə, televiziyanın yanına gəlsin. Bu çağırışdan sonra bizim universitetdən xeyli uşaq Azərbaycan Televiziyasının qarşısına toplaşdı. Orada avtobuslar var idi, həmin avtobuslarla cəbhə bölgəsinə yollanırdılar. Yadımdadır ki, bizdə Vaqif adında bir oğlan var idi, o, şəhid olmuşdu. Bundan sonra universitetdə qızlar arasında söhbət düşdü ki, biz də gedək. Könüllü yazılmaq üçün Müdafiə Nazirliyinə gəldik. Bizə dedilər ki, qızlar, siz hara gedirsiniz, ora sizin yeriniz deyil. Bu sözlə sanki alovun üzərinə benzin tökdülər. Biz sözümüzdən dönmədik, cəbhəyə yollandıq. Ağdam bölgəsinə getdik. Qızların bir neçəsi qayıtdı. Mənim yanımda bir xanım var idi, onunla birgə kəşfiyyat qrupuna düşmüşdük. Bizi Abdal-Gülablıya apardılar. Mən orada bir müddət qaldım. Orada gördüklərimi Allah heç kimə göstərməsin. İkinci Qarabağ savaşında da məni evdə güclə saxlamışdılar, getmək istəyirdim. Müharibə adını eşitmək belə mənim üçün ağır idi. Mənim qazi yoldaşlarımın övladları döyüşürdü, bəziləri şəhid oldu. Mən o qazi yoldaşlarımı həmişə məğrur görmüşdüm, indi də elədilər, amma övlad itkisi dözülməzdi. Arzum odur ki, bir də müharibə ilə qarşılaşmayaq. Mənə deyirdilər ki, sən necə risk edib savaşa getdin, necə o mənzərələri görməyə razı oldun... Bilmirəm, Allah güc vermişdi sanki. İndi də getmək istəyirdim, hər şeyə razı idim. Düşünürəm ki, mən həqiqətən, vətənimi sevən vətəndaşam, Azərbaycansız heç yerdə yaşaya bilmərəm".

Aktrisadan öyrənirik ki, bir ara ailə vəziyyətilə bağlı sənətdən, efirdən uzaqlaşmalı olub: "Sənətdən uzaqlaşmağım ailə həyatı qurmağımla bağlı idi. Həm də övladım uzun sürən xəstəlikdən əziyyət çəkirdi. Sözün düzü, həm də sənətdən incimişdim. Amma bu elə bir peşədir ki, ayrı qalmaq olmur. Küsərsən, inciyərsən, yenidən sənətinlə təskinlik taparsan. Sənətə qayıtmağıma peşman deyiləm. Hazırda "İfşa" serialında rol almışam".

Kinoya xüsusi bağlılığı olan aktrisa inanır ki, Azərbaycan kinosu tədricən inkişaf edəcək və aktyorlar, aktrisalar şəxsi problemləri haqqında yox, yalnız sənəti, işi haqqında düşünə biləcək: "Bax onda sənət, xüsusən kino irəliləyəcək. Bu bizim arzumuzdur, ümidimizdir. Ümid edirəm ki, sənətimizin sabahı bugünündən daha gözəl olacaq. Bu gün Azərbaycan mədəniyyət işçilərinin ən böyük arzularından biri Qarabağ haqqında filmlərin ərsəyə gəlməsidir və o filmlərdə rol almaq bizim üçün çox xoş olar".

 





09.04.2021    çap et  çap et