525.Az

Hamıdan gizli cəhənnəm səfərim - Esse


 

Hamıdan gizli cəhənnəm səfərim - <b style="color:red">Esse</b>

Həyatımız boyu dəyərini vaxtında duymadığımız xoşbəxtliklərdən biri, bəlkə lap birincisi sağlamlıqdır, hansı ki, Allahdan nə borca götürmüşük, nə də bahasına pul ödəmişik. Bizə təmənnasız verilən, amma  əslində dünyanın bütün maddi vəsaitləri ilə satın alına bilməyən sağlam bədən üzvlərinə sahib olduğumuzun fərqində deyilik. Bəlkə elə buna görə əbədi, tükənməz hesab edərək hara və necə gəldi "xərcləyirik"!?.   

İnsan gözlənilməz nə hadisələrdən, nə də xəstəliklərdən sığortalanmayıb, dərd-bəla həmişə xəbərsiz gəlir və az qala həyatının altını üstünə çevirir. Sabaha qurduğun planlar, nəzərdə tutduğun işlər bir andaca toza çevrilib uçur havaya. Bir özünə, bir də Allaha məlum olan ağrılar alır səni cənginə, çəkir girdabına, sən də köməksizcə ora-bura əl-qol atıb, yapışmağa saman çöpü axtarırsan...

...Adi günlərdən birini yola salmışdım, bir az ev-eşik, bir az yaradıcılıq qayğıları, vəssalam. Gecəni də öz yuxu rejimimə uyğun qurmuş, insafən pis də yatmamışdım. Səhər oyananda isə... Qış yuxusu şirin olur, deyiblər, bu gün də həftənin şənbə günü idi, heç hara tələsmirdim, amma uzun illər vaxtında yataqdan qalxmağı vərdiş etdiyimdən bu səhər də vaz keçmədim. Əfsus, ayağımı döşəməyə qoyar-qoymaz sanki ildırım vurmuş ağac kimi yerə çökdüm, ağrının hardan qopduğunu anlamağa, nə və necə baş verməsini düşünməyə belə imkan olmadı... Artıq bir dəqiqə sonra dəhşətli ağrı ilə bərabər içimdən qopan fəryadıma evdə uşaqdan böyüyə hamı oyanmışdı!..

Ağrı da hava, qoxu, fikir kimi gözlə görünməyən, əllə tutulmayan qeyri maddi hissdir, qədəri bilinməz, ölçüyə gəlməz, çəkiyə girməz. Sən büzüşüb yumağa dönərsən, halını görənlərsə susar. Can deyib qadanı almağa hazır olan  əzizlərin də üstündən bir çimdik azalda bilməz. Ağrının dili acıdı, ən şirin kəlmələri dodaqlarında dondurar, ən şirin sözləri zəhərə döndərər. Qaçıb canını qurtarmaq dilərsən, əl açarsan göylərə, yalvararsan yerlərə, indiyədək qapısını döymədiyin müqəddəslərə elçi düşərsən, fəqət səsin quyudan gələr...

Həkim olduğumdan evdə belə qərarları mən verirəm. İndi də özümün xəstə olduğuma baxmayaraq yenə hamı məni gözləyirdi. Mən isə dözülməz ağrıların cəngində çapalayırkən ağlıma heç nə gəlmirdi. Nəhayət, ağrıkəsicinin mütləqliyini düşünüb lazımi dərmanların adını yazıb aptekə adam göndərirəm, amma dalbadal vurulan iynələr də təsirsiz qalır... Şənbə və bazar günlərini belə dəli ağrılarla keçirirəm, nəhayət ağrıdan şok ehtimalı olduğuna şübhəm qalmır, birinci günə açılan səhər tezdən "təcili yardım"ı yığmaqdan özgə yol görmürəm. Gələn həkim elə öz çiyin yoldaşlarımdan biridir. Vurulan dərmanları görüb acizanə üzümə baxır, yenə onun köməyinə özüm çatıram:

- Mənə Promedol, ya da Morfi vurun, sonra MRT etmək üçün aparın xəstəxanaya. Həkimdə Promedol var, vurur və təsir vaxtını gözləyirik... Rayon xəstəxanası COVİD-19 üçün regional fəaliyyətə keçdiyindən, bir çox tibbi xidmətlər də dayandırılıb, ona görə elə yolda ikən zəng edib MRT həkimindən təcili iş yerində olmasını xahiş edirik. O da məni diqqətlə aparat diaqnoztikasından keçirir, mehribanlıqla yola salır, cavab isə düz bir saatdan sonra hazır olacaq...

...Xəstəlik də Yaradanın insana bir sınağıdır, eyni zamanda əzizlərinin, qohum və dostlarının da imtahana çəkildiyi məqamdır. Xəstəni yoluxmaq böyük savablardan hesab edilir, tanrı tərəfindən bəyənilir və orda olduğun müddəti ömrünə yazmaz deyirlər. Xəstəlik insanı kövrək edir, duyğulandrır, daha artıq qayğı, diqqət umur adam.

İndi sənin diqqətə ehtiyacın var və adi bir telefon zəngi ilə mənən rahatlanar və ya əksinə göstərdiyin qayğı buketləri qarşılığında gördüyün etinasızlıq ağrılarını artıra bilər. Axı uman yerdən küsərlər... Amma mən lap çoxdan heç kimdən umub-küsmürəm, yaxşılığı da təmənnasız edirəm və unuduram. Axı onsuz da ən tez unudulan şey elə yaxşılıq olur... Hərdən "Balığı at dəryaya.." deyən babaları düşünürəm və bir də təsdiq edirəm ki, ən böyük yaxşılıq elə bizi yaradanın xatirinə ediləndir.

...Xəstəlik də, ağrı da keçici hissdir, anam deyərdi ki, Allah adamı təki dərmansız dərdə salmasın. “Qurani-Kərimdə” “min dərd verdik, min bir dərman" deyə xəbərdarlıq edilir. Mən də həm İlahinin qüdrəti, həm doğmalarımın sevgi və qayğısı, həm kompleks tibbi tədbirlər, həm də sehirli barmaqlarını onurğa sütununda gəzdirərək diaqnozu gözüyumulu müəyyənləşdirib müalicə proseduru təyin edən sumqayıtlı loğman Xəyyam bəyin sayəsində artıq keçmiş sağlamlığıma qovuşuram...

Siz xəstələnməyin, işdir xəstələnsəniz bir az səbirli olun, etdiyiniz əməlləri düşünün, səhv addımlarınızı götür-qoy edin, qəlb qırmaqdan çəkinin, bilmədən belə qəlbini qırdığınız kimsə varsa, üzr diləyin... Ətrafınızda olan insanlarla bol sevgi mübadiləsi edin, sevgi elə bir hissdir ki, onun artığı da ziyan gətirməz... Və əgər bir gün istiliyinə isinə biləcəyiniz bir dost, bir doğma insan tapsanız, o, sizi qovsa da belə yanından ayrılmayın...

 





09.04.2021    çap et  çap et