525.Az

"Seçilməmişlərin" seçilmişi - Aida Adıgözəl Seyran Səxavətdən yazır


 

"Seçilməmişlərin" seçilmişi - <b style="color:red">Aida Adıgözəl Seyran Səxavətdən yazır</b>

Bütün istedadlı adamlar eyni ruhdan doğulduqları üçün eyni dünyanın adamlarıdır. İstər min il qabaq, istər min il sonra dünyaya gəliş fərqimiz olsa da, yenə biz bu ruh qohumluğu coğrafiyasındayıq.

Elə insanlar var ki, onlar sadəcə bir dəyərdir və onlarla hər görüş (istər təsadüfi, istər hesablanmış və ya adətkərdə) bir lütfdür, qiymətli sərvətdir. Çünki onlar bizə Tanrının qənimət paylarıdır. Və çox təəssüf ki, belə insanlarla bu gün rastlaşmağımızı adi qəbul edirik. Hansı ki, məhz sözə  aşiq, sözə dəyər verən  bu ədəbiyyat simaları azdan az qalıb. Və onlarla hər görüş bizim gələcək xatirə arxivimizin ən önəmli kartotekalarını bəzəyir. Çox qəribədir, xoşbəxt ədəbi taleyim var deyərdim. Mən ədəbiyyat camiəsinə qədəm qoyandan həmişə ən dəyərli ədəbiyyat adamlarının xeyir-duasını aldım (bu siyahı çox uzun olmasa da, amma sütunlardır deyərdim), heç biri tərəfindən dışlanmadım. Məni çox doğma qəbul edən bu ədəbiyyat simaları mənəvi dəstək olub irəli getməyimə həmişə canı dilnən vəsilə oldular.

İndi də belə oldu. Bu (mənə görə) əfsanəvi şəxslə R.Behbudov adına Mahnı Teatrında cəmi iki yubileydə qarşılaşmışdıq.Və hər dəfə baməzə, səmimi çıxışı ilə salonu gülüşə qərq etmişdi. Sözü birbaşa deməsinə heyran qalmışdım. Hətta ürəyimdə düşünmüşdüm, İlahi, bu adamın iti dilindən qurtulub görəsən rəğbətini qazanmaq olarmı? Məncə, yox, bu çox çətin bir iş olmalı - deyə özlüyümdə bu arzumun üstündən xətt də çəkmişdim. Təbii ki, ortalığa imzasını dünən atmış biri bunun ehtimalını belə təsəvvür etməzdi. Lakin həyat qəribəlikləri ilə doludur.

AYB-yə yolumun düşməsi məni çox sevdiyim Seyran Səxavətlə qarşılaşdırdı. Dəhlizdə tanımaza-bilməzə salamlaşdıq. O qədər doğma baxırdı ki... Lakin bir azdan başlayacaq səmimi söhbətimiz, bizi az qala neçə illərin doğması, tanışı kimi göstərəcəkdi. Saatlarla danışsaydı, sakit təbəssümlə dinləməyə hazır idim. Mən həmişə sevmişdim ağıllı, baməzə, gözəl sarkazm duyumlu insanların ətrafında olmağımı və ətrafımda olmasını. Çünki onlarla daha gözəl dil tapıb anlaşırdım və suçəkən kimi onlardan hər şeyi çəkib maqnit kimi beynimə yapışdırmaq həvəsi vardı düşüncələrimdə. Yaxın günlərdə 75 illik yubileyinin olduğunu bilirdim, aylardır qəzet və saytlardan da oxuyurdum. Adımı - "Aida Adıgözələm" sözünü eşidəndə, qətiyyətlə "Bəli, adınızı eşitmişəm" deyəndə həm karıxdım, həm də çox sevindim. Şeirlərimlə maraqlandı, oxumaq, tanış olmaq istədi, yaxşı ki, üstümdə kitabım var idi. Dedi: "Mənim belə bir adətim var, kitabı necə gəldi açıram, əgər bir şeir xoşuma gəlsə, onu qayıdıb başdan oxuyuram və zəng edib müəllifə fikrimi bildirirəm. Bəyənmirəmsə atıram bir tərəfə, oxumuram. Bu kitaba nömrəni yaz, oxusam deyəcəyəm". Öz kitabını da imzalayıb mənə bağışladı. Və beləliklə sağollaşıb ayrıldıq... Heç iki mərtəbə düşməmişdim ki, gördüm telefonuma  zəng gəlir. Açdım və  mənə: "Seyran Səxavətdir, - dedi, - 83-cü səhifədə "Tanış hekayələr" adlı şeirini oxudum. Və bu gündən səninlə dostam, söz dostu... həm şeir çox gözəldir, həm də quruluşu çox maraqlıdır".

... Mənim əlçatmaz bildiyim xəyalım on beş dəqiqənin içində həyata keçmişdi, qulaqlarıma inanmasam da, üzümdə o qədər xoşbəxt təbəssüm var idi ki. Gözlərimdəki ifadəni özüm də kənardan görmək istəyirdim...

Aida ADIGÖZƏL

 





09.04.2021    çap et  çap et