525.Az

"Yar bizə qonaq gələcək..." - "İncilər" silsiləsindən


 

"Yar bizə qonaq gələcək..." - <b style="color:red">"İncilər" silsiləsindən</b>

BAKİR HAŞIMOVUN İMPROVİZASİYALARI

Ən gözəl xalq mahnılarımızdan olan "Yar bizə qonaq gələcək" mahnısını təbii ki, çox müğənnilər və xanəndələr oxuyub və bundan sonra da oxuyacaqlar. Ancaq məncə, bu mahnı 3 möhtəşəm ifada özünün ən parlaq, bənzərsiz, təkrarsız yozumunu tapıb və ifaçılıq sənətimizin tarixinə əbədi həkk olub. Mən  bu qeydlərimdə həmin o 3 ifanın məhz təkrarsızlığının və bənzərsizliyinin səbəblərini axtaracaq, onları musiqi incisi səviyyəsinə qaldıran özəlliklərə toxunacağam.

Beləliklə, ilk növbədə unudulmaz (təəssüf ki, layiq olduğu qiymətini almayan) xanəndəmiz Bakir Haşımovun yarardığı (!) "Yar bizə qonaq gələcək" mahnısı.

Bütün incəsənət nümunələri kimi musiqi əsərləri də - istər vokal olsun, istər instrumental, fərqi yoxdur - müxtəlif işarələrin - səslərin, sözlərin sıralandığı bir sistemdir. Və əsərin ötürdüyü informasiya, göstərdiyi təsir gücü də bu işarələrin bir-biri ilə nə sayaq əlaqələndirilməsindən, əgər belə demək mümkünsə, ifanın qrammatikasından, vurğuların hara qoyulmasından (yəni ifanın ritorika planından) çox asılıdır. Bu sadalananları isə hər bir ifaçı öz istedadına, duyumuna və zövqünə uyğun həyata keçirir.

Sözü gedən mahnının istər melodiya, istərsə də mətn (söz) sıralarını təşkil edən səs və söz frazaları  çox da zəngin deyil. Diqqət yetirin - mahnının əsas hissəsinin melodiyası  1 musiqi frazasının eyni notlarda, nəqarət hissəsinin melodiyası isə yenə də bir frazanın növbə ilə aşağıdan yuxarı (zildən bəmə) 3 müxtəlif məqamda təkrarından ibarətdir. Vəssalam.

Bəs onda nəyə görə belə sadə konstruksiyaya malik, işarələri kəmiyyət baxımından zəngin olmayan bu mahnı Bakir Haşımovun ifasında bu qədər təsirli alınıb? Hətta o dərəcədə ki, adam elə bil sadə bir mahnı yox, zəngin melodiya quruluşuna malik kompozisiya dinləyir?

Nə üçün? Bu sehri nə ilə izah etmək olar?

Bakir müəllimin ifasında bu mahnı 1 həftədir yarını görməyən, yanaraq baxa-baxa qaldığı sevgilisinin onlara qonaq gələcəyindən xəbər tutsa da, bunun nə vaxt reallaşacağını bilməyən aşiqin lirik "Segah" muğamının ladında etdiyi izharıdır. Bakir müəllimin ifaya xüsusi hüsn verən ustalığı ondadır ki, o bu mahnının ifasına öz yozum fəlsəfəsini gətirərək onu yeni nüanslarla süsləndirmiş, ifa tərzini, texnikasını standart qəlibdən çıxararaq ona yeni nəfəs vermişdir.

Necə? Nə sayaq?

Çox sadə, amma ustadcasına!

Diqqət yetirin - xanəndə mahnının melodiya frazalarını hamı kimi eyni tonda, ahəngdə təkrarlamır, çatdırmaq istədiyi informasiyanın, ifadə etmək istədiyi duyğuların, hisslərin ağırlıq mərkəzini hər bəndin 3- cü frazasının üstünə keçirərək emosional vurğunu da ora yönəldir, həmin frazanı tam fərqli bir avazda oxuyur ki, bu da mahnıda əlavə  -  4-cü fraza effekti yaradır. Bunu xanəndənin kəşf etdiyi "Bakir Haşımov effekti (frazası)" da adlandırmaq olar.

Bu improvizasiyanı mahnının nəqarət hissəsində də görmək olar - Bakir müəllim hər bəndin axırında  təkrarlanan "gələcək" sözünü hamı kimi birhecalı söz effekti ilə yox, özünün yaratdığı Bakirsayağı sxemdə - sözü 3 hecaya bölüb onları bir qədər uzadaraq bir-biri ilə əlaqələndirərək oxuyur, ən əsası isə, fikrimcə, mətndə heç bir funksiya daşımayan "balam" sözünü ixtisar edir.

Bakir Haşımovun ifasında bu mahnının "doqquzluğu" da məhz əsas hissələrin və nəqarətin 3-cü frazalarından qurulub.

Bu ifada mahnının məkanı konkret, lakin R. Rövşənin təbirincə desək, boyu hüdudsuzdur.O, konkret məkanda oxunan, fəqət bütün zamanların həsrət nəğməsidir.

 

Və sonuncu məqam - xanəndə mahnını 3 yox, 2 bənd oxuyur - hər şeyi axıra qədər deməmək, dinləyicini də yanıq qoymaq üçün. Əslində o, burada çox incə bir jest edib,  bizim demək olar ki, bütün xalq mahnılarımıza zahiri "gözəllik" effekti verən simmetriyanı   bu sayaq bölgü, heca, bənd "oyunu" ilə pozaraq melodiyaya rüşeym halında da olsa bir polifonizm gətirib.

Filosof  Niyazi Mehdi assimmetriyanı (tamamlanmamanı) dildə, sənətdə deyilməyənləri bəlirlədiyinə görə dirilik əlaməti, simmetriyanı isə qapalı, tamamlanmış sistem kimi göstərir. Onun adaşı olan maestro Niyazi də "Rast” simfonik muğamında bunu təsdiqləyən gediş edir - vokal ifada şöbələr arasında əlaqə yaradan rəng bitəndən sonra  dərhal növbəti şöbəyə keçid etmir (halbuki klassik ənənə bunu tələb edir), pauza verir. Səslərin dilini həzrəti Süleyman kimi bilən maestronun bunu təsadüfən etdiyini düşünmək sadəlövhlük olardı. O bu pauzanı partituraya hər şeyi axıradək demək effektini pozmaq üçün daxil edib.

Amma biz deyəsən, söhbətdən bir az uzaq düşdük...

Əslində, elə yazıda da hər şeyi sona qədər demək caiz deyil. Odur ki, biz də pauza verək və Allahdan ustad xanəndə Bakir Haşımova rəhmət diləyək. 

SARA XANIM QƏDİMOVA, MƏMMƏD SALMANOV VƏ XOR YAXŞINI NECƏ GÖZƏL ETDİLƏR...        

Ən çox sevdiyim filosoflardan olan ustadım Niyazi Mehdi yenə də ən çox sevdiyim filosoflardan olan İmannuel Kantın "yaxşı" və "gözəl" anlayışlarının fərqi barədə mülahizələrini belə şərh edir ki, Kanta görə yaxşı - umacaqlı, gözəl isə - umacaqsız məqsədəuyğunluqdur...

Bu o deməkdir ki,  hansısa bir nəsnənin yaxşı olub-olmaması onun bizim hansısa təmənnamızı, ehtiyacımızı ödəyib-ödəməməsindən asılı olduğu halda, gözəllik belə umacaqla, təmənna ilə bağlı deyil, elə gözəl olduğuna görə gözəldir. Bunu sadə bir nümunə əsasında belə açmaq olar: qalın, möhkəm parçadan tikilmiş istənilən  palto gözəl olub-olmamasından asılı olmayaraq bizim soyuqdan qorunmaq ehtiyacımızı ödədiyinə görə yaxşıdır. Amma nazik parçadan elə bir dizaynda, formada palto  tikilə bilər ki,  bizim həmin ehtiyacımızı ödəməsə də gözəlliyindən ağzımız açıq qalar...

Bu dediklərimi musiqi əsəri - dinləyici tandemi müstəvisində belə mənalandırmaq olar ki, hansısa bir melodiya, ifa bizim, məsələn, şənlənmək, yaxud xatirəyə dalmaq istəyimizi ödədiyinə görə yaxşı olur. Gözəl musiqi, ifa isə  bizim ehtiyacımızı ödəyərək əhval-ruhiyyəmizi tamamladığına görə yox, onu dəyişdiyinə,   bizim hər cür istəklərimizin, umacaqlarımızın fövqündə dayandığına görə  gözəldir.

Mən nə üçün "Yar bizə qonaq gələcək" mahnısının musiqi incisi hesab etdiyim növbəti ifası haqqında qeydlərimə belə uzun bir girişlə başladım?

Ruhunuzdan qopduğuna, özümüzü özümüzə tanıtdığına görə bütün xalq mahnılarımız təbii ki, yaxşıdır. Amma bu azdır - onların bəşəri dəyərini üzə çıxarmaq, bizi  təkcə özümüzə yox, həm də bütün dünyaya tanıtmalarına nail olmaq üçün onlar elə ifa olunmalıdır ki, həm də GÖZƏL olsunlar. Yəqin elə buna görədir ki, onlar naşı ifaçıların əlində gözəlləşmək əvəzinə eybəcər hala salınıb yaxşılığını da itirəndə  mən əsəbdən əsir, televizorun ekranını çilik- çilik etmək istəyir, nə gizlədim, səbəbkarı yağlı br söyüşə  qonaq da edirəm...

Amma gəlin məni elə həmin əsəbi vəziyyətdə televizorun yanında qoyub qayıdaq söhbətimizə...

İstənilən musiqi əsərini gözəlləşdirməyin ən kəsə yollarından biri onun aranjirovkası, yəni yeni, fərqli qaydada, biçimdə tərtib olunub, yeni estetik meyarlara uyğunlaşdırılmasıdır. Bu zaman əsərin səslənmə tempi, vurğuların yeri, ifa tərzi dəyişdirilə, ifa texnikası yeni meyarlara adaptasiya edilə də bilər, amma bir şərtlə-bütün bunlar onun yaxşılığına xələl gətirməsin, gözəlləşdirilməsinə xidmət etsin.

Sözügedən mahnını xor ilə ifaya adaptasiya üçün kimin aranjiman etdiyini bilmirəm, amma bu missiyanın öhdəsindən layiqincə gəlib musiqi irsimizi növbəti inci ilə zənginləşdirdiyinə görə ona həmişə minnətdar olmalıyıq.

Bu minnətdarlıqdan o vaxtlar yaradıcılığının çiçəklənmə dövrünü yaşayan Sara xanım Qədimovaya, müğənni Məmməd Salmanova, habelə xorun hər bir üzvünə də təbii ki, qeyd-şərtsiz pay düşür. Məsələ burasındadır ki, mahnının bu ifası onlardan birinin, yaxud ikisinin yox, hamısının bir yerdə yaradıcılıq qələbəsidir.

Gəlin biz də bir yerdə bu qələbəni şərtləndirən amilləri araşdıraq.

Bu kompozisiyanın ən gözəl xüsusiyyətlərindən biri vokal partiyanın səslər arasında düzgün bölüşdürülməsidir.  Maraqlıdır ki, aranjimançı mahnını monosəslənmə çərçivəsindən çıxarıb ona polifonik, yəni çoxsəsli səciyyə verməklə bəlkə heç özü də bilmədən ifanı həm də dramaturji quruluşa malik süjetli kompozisiya kimi interpretasiya edib. Baxın: əsas partiyaları xor və Məmməd Salmanov ifa edir, nəqarət isə Sara xanıma tapşırılıb (halbuki əksinə də ola bilərdi).

Niyə məhz nəqarət?

Ona görə ki, bu mahnının mətnində həm aşiqin, həm də onun sevgilisinin dilindən oxuna bilən yeganə hissə məhz onun nəqarətidir. Yəni əsac hissəni yalnız sevgilisinin qara zülfünə, ceyran gözlərinə vurulan aşiq, nəqarəti isə hər ikisi bir yerdə oxuya bilər və aranjimançı da bu fürsətdən yararlanaraq Sara xanımın gözəl, yanıqlı səsi ilə mahnının məkanını genişləndirir, bu məkandakı obrazların sayını artıraraq ifaya həm də duet effekti verir, yəni onu mono müstəvisindən poli (stereo) müstəvisinə çəkir.

Elə bu?

Əlbəttə ki, yox. İfa zamanı gah fon yaradan, pauzaları "dolduran",  mətnin, necə deyərlər, nöqtələrini, vergüllərini yerinə qoymaqla məşğul subyekt rolunu oynayan, gah da aşiq və sevgiliyə qarışıb onarla bir yerdə oxuyan xorun da  rolunu unutmaq olmaz. Birinci halda xor mətni cilalayır, onu gözəlləşdirirsə, ikinci halda həsrət odunda yanan bütün sevənlərin vüsal arzusunun səsi  kimi  mahnının məkan ölçülərini təkcə şaquli istiqamətdə yox, həm də dərinliyə doğru genişləndirir, cəmi sevənlərin birlikdə oxuduqları oda effekti yaradır...

Nəhayət, mahnının ifası zamanı əvvəlki ifalarla müqayisədə açlq-aşkar hiss olunan bir qədər sürətli temp, dinamika...

Bunun yozmasını isə sizin öz ixtiyarınıza buraxıram, əziz dostlar. Gəlin biz də  Bakir Haşımovun ifası barədə yazdığım yazıda qeyd etdiyim asimmetriya qaydasına əməl edək.

Allah Sara xanıma, Məmməd müəllimə, bu incinin yaranmasında əməyi olan hər kəsə rəhmət eləsin.

 





09.04.2021    çap et  çap et