525.Az

"Bakıya gedirəm, ay balam!" - Əsma Əla Türkmənin şeiri


 

"Bakıya gedirəm, ay balam!" - <b style="color:red">Əsma Əla Türkmənin şeiri </b>

Türkiyəli şair, Beynəlxalq Trabzon Ədəbiyyat Festivalının yaradıcısı Əsma Əla Türkmən 2019-cu ilin iyun ayında Azərbaycan Yazıçılar Birliyi tərəfindən Şairlər Günündə iştirak üçün ölkəmizə dəvət edilmişdi.

Azərbaycanı və Azərbaycan ədəbiyyatını çox sevən, hər zaman yüksək dəyər verən Əsma xanım bu dəvətdən çox şad olmuş, həvəslə qəbul etmişdi.

Bütün səfər hazırlıqları görünəndən sonra təəssüf ki, xanım şairin səhhətində yaranan problemə görə Azərbaycana gəlməyi alınmamışdı. Lakin o, Azərbaycana, burda keçirilən "Şairlər günü"nə qatıla bilməsə də, hələ dəvət alarkən sevincini, həyəcanını misralarına düzdüyü "Bakıya gedirəm, ay balam!" şeiri o günlərdən xatirə olaraq qalıb.

Şeiri oxucularımıza təqdim edirik:

Əsma Əla Türkmən

Bakıya gedirəm, ay balam,
Bakıya gedirəm.
Atəşin ölkəsinə,
Rüzgarın şəhərinə gedirəm
Konsertlər, Teatrlar, Kinolar,
Sənət qalereyaları,
Sərgi salonları,
Kitabxanalar şəhərinə gedirəm,
Bakıya...

Gözəl binalarının sərgiləndiyi sahillərindən
Xəzərinə baxmalıyammı?
Babam Faiqə bənzətdiyim
Abdulla Şaiqə hörmətlə
Yüzillik Kukla Teatrını
Seyr etməliyəmmi?
Fırlanma çarxından tutub,
Nəhəng bayraq dirəyinin kölgəsinə sığınıb,
Gəncəvinin adının qoyulduğu küçədə
Sayğıyla yeriməliyəmmi?
Yenidən keçmişə dönərəmmi Bakıda?
Sarayına,
Qalasına,
Karvansaraylarına,
Məscidlərinə gedərəmmi?

Bakıya gedirəm, ay balam.
Əliağa Vahidlə
Həyatın acı-şirin anlarını paylaşmaq da istərəm,
Kiçik kitabların sərgiləndiyi rəflərin önündə
"Bir neçə eynək taxaraq bəlkə"
Gəzmək də istərəm.
Külliyyələrini,
Dərviş türbələrini,
Keyqubad və Şah Məscidini,
Yaxın Şərqin görkəmli abidəsini
Seyrə dalmaq istərəm.
Dəniz Fənərinin ziyasını sezə bilmək,
Qalasının surlarına çıxa bilmək
Və şəhərə
Baxmaq istərəm,
Bakıya gedirəm, ay balam.
Orda Heydər Əliyev Mərkəzinəmi qapansam -
Konfransları, konsertləri dinləsəm,
Sərgilərini gəzsəm?
Yoxsa muzeylərində
Keçmişinəmi şahid olsam
Bu tarixi şəhərin?
Baxışlarımla sımsıx Qarabağının,
Qasımuşağının düyümlərinəmi dolansam?
Toxuyanın barmaqlarına
Toxuna bilərcəsinə
Uzatsammı əlimi?..
Sonra adını bilmədiyim o xalça ustasının
Göz önümə uzanan hafizəsinin
Seyrinəmi dalsam,
Ah balam...
Can Azərbaycana
Sairlərini anmağa,
Şeirlərini dinləməyə gəldim, balam.
Bilirəm, İki dövlətdir,
Tək millət
Burda da...
Bakıdayam, ay balam.
Doqquzuncu dəfə imiş bu diyarda
Şairlərin Günü qutlaması!
Üstəlik;
Akif və Nazim də anılacaqkən...
Həm zatən Nazim də deməmişdimi gələrkən:
Bakıya gedirəm, ay balam.
Bax, qonağam bu günlərdə
Sənin Bakına,
Can Azərbaycana.
Misralara qulaq asmağa gəldim Bakıya.
Şairlərin hüzuruna
ziyarətinə gəldim.
Yaşayanlarla tanış olmağa,
Tanışlarımla görüşməyə gəldim.
Bakıdayam, balalarım.
Deyirəm, gəlmişkən
Küləyinin qanadına qarışam,
Xəzərinin sahilində əsib,
Yelkəninin birinin bağını
Babasından ayıram.
Rüzgarımız
Nazlı-nazlı əsməkdədir
Varla-yox arasında.
Yamanmaqdadır
Yelkəninin qoynuna
Qaşla-göz arasında.
Gövdəsi yellənərkən yelkənlinin
Dalğalı Xəzərin suyunda
Ümid edirəm ki,
Tar vardır bordasında...
Bir ney, ya da balaban vardır bəlkə də,
Nə olar
Olsun kamançası,
Və onun ustası olsun orda,
Dinlə, Xəzər;
Misra-misra şeirlər
Sənə axacaqdır bu il də...
Divanlar qurulub oturacaqlar sahilində...
Xəzər, şeirləri bəstələyəcəksənmi?
Başla, şair, yazmağa...
Bəstəkar, çalmağa,
Müğənni, oxumağa,
Balalarım-qızlarım,
Bu gün
Şairlərin diyarındayam;
Bakıdayam, ay balam!

30.04.2019

 





09.04.2021    çap et  çap et