525.Az

Ermənistanın yeni yaraları - Telman Orucov yazır


 

Ermənistanın yeni yaraları - <b style="color:red">Telman Orucov yazır </b>

(Əvvəli ötən sayımızda)

Əkinçi ilə yanaşı, torpağın münbitliyini təbiət özü də qoruyub saxlamağa çalışır. Ona görə də torpaq yeganə anadır ki, digər canlılardan fərqli olaraq nəsil artırmasını, yəni məhsul verməsini min illər boyu davam etdirir. Torpağın münbitliyinə zərər vuranlar insan varlığına, bəşəriyyətin qida ilə təchizatına və xammal istehsalına ağır zərbə vurmuş olurlar. Münbitliyin qorunub saxlanmasında, itirilməsinə yol verilməməsində həşəratların da böyük rolu vardır. Təkcə qurdlar (soxulcanlar) torpağın münbitliyinin qorunub saxlanması üçün, davamlı şəkildə xidmət göstərməklə, mühüm rol oynayırlar. Böyük ingilis alimi Çarlz Darvin və digər bioloqlar qurdların torpağı yumşaltmaqda, onda bol qumus qatı əmələ gətirməsində, bitki təbəqəsi yaratmaqda fəal iştirakını nəzərə alaraq, onları "təbiətin əkinçisi" adlandırmış, yerdəki mühüm orqanizm hesab etmişdilər. Ermənilərin törətdikləri yanğınlar mikroorqanizmlərlə yanaşı, ömrü boyu yorulmaq bilmədən çalışan bu təbiət əkinçilərinə də aman vermir, onları məhv etməyi də öz qatillikləri hesabına yazırdı.

Meşələrin qırılması isə gələcəkdə daha böyük problemlərin yaranmasına səbəb olur. Meşədəki hətta kiçik boş talanın da yaranması, meşənin yağış və əriyən qar suyunun sisternası, rezervuarı roluna böyük zərbə vurmaqla, çayların suyunun azalmasına gətirib çıxarır. Suvarma suyunun qıtlığı isə bitkiçilikdə məhsuldarlığın azalmasına, xeyli məhsul itkisinə səbəb olmaqla, əkinçinin il boyu çəkdiyi zəhməti zaya çevirir. Vaxtilə Bencamin Franklin demişdi ki, "sərvətin mənbəyi torpaq və əməkdir". Ermənistan ordusu Azərbaycanın torpaqlarını və əkinçilərin əməyini belə bir günə qoymaqla, ona ağır zərbə vurduğunu güman edirdi, lakin anlamırdı ki, bu, uzun müddət davam etsə də, onların məkrli əməllərinə nəhayət hökmən son qoyulacaq, bədbəxtliklərin daha böyük hissəsi məhz onun öz ölkəsinin və xalqının üzərinə düşəcəkdir.

Otuz ildən sonra qisas günü gəlib çatdı. Azərbaycan xalqı öz ölkəsinə və xalqına vurulmuş yaraların bütünlüklə sağalacağına əmindir. Ermənistan isə daha ağır vəziyyətə düşmüşdür və bu dərin girdaba onu müzəffər ordumuz salmışdır.

Azərbaycan ordusu Ermənistanınkından fərqli olaraq düşmənin bir hektar da olsun torpağını işğal etməmişdir, lakin öz qələbəsi ilə onu elə çaşqınlığa, qarışıqlığa, narazılıq şəraitinə salmışdır ki, bu vəziyyətdən çıxmaq üçün ona, bəlkə otuz ildən də artıq müddət lazım gələcəkdir. Ermənistanda yaşayan əhalinin bir hissəsi öz ölkəsini tərk edib, kənar dövlətlərdə dolanışıq axtarır. Getdikcə böyüyən depopulyasiya bu ölkəni işğal olunmaqla da müqayisə oluna bilməyən daha ağır duruma sala bilər. Erməni qatı millətçiləri əkdikləri, becərdikləri ağacların qoy bol zəhərli meyvəsini sevdikləri ərik məhsulu kimi yığsınlar, yəqin ki, ağılları başlarına gələndə öz əməllərindən xəcalət çəkməli olacaqlar. Ona görə də Azərbaycan ordusunun qələbəsinin Ermənistana bol problemlər yaratması, müqayisə olunduqda daha böyük, daha ciddi problem kimi görünür.

Azərbaycan xalqının qələbəsi bir də sübut etdi ki, qonşu xalqdan fərqli olaraq o, keçmişə matəm saxlamaqdan uzaqdır, özlüyündə feniks quşunu xatırladır, onu məhv etmək, külə döndərmək istəyənlərin iyrənc arzularının əleyhinə öz varlığını bütünlüklə və tam yeni keyfiyyətdə bərpa edə bilir, iqtisadi və hərbi qüdrəti də əvvəllər görünməmiş bir səviyyəyə yüksəlir.

Azərbaycan iqtisadiyyatı, onu zəiflətməyə yönələn cəhdlərə baxmayaraq, sürətli inkişafını davam etdirdi. İşğaldan eyforiya vəziyyəti yaşayan dövlət isə reqress uçurumuna yuvarlandı. Dilənçi kimdənsə ianə ala bilər, lakin o, heç vaxt öz libasını, daha dəqiq deyilsə, mənəviyyatını, ələbaxımlığını, ömür sürməyinin mahiyyətini dəyişə bilmir. Ermənistan ordusu köhnə, döyüş qabiliyyətini itirmiş silahları ənam kimi qəbul edə bilər, bu, heç də onun hərbi qüdrətinin güclənməsinə kömək etməyəcəkdir. Cıdıra köhlən ərəb atının belində çıxan Azərbaycan ordusunun qarşısında Don Kixotdan miras qalmış Rosinant adlı axsaq yabı ilə çıxmaq isə qalibin və məğlubun kim olacağını əvvəlcədən xəbər verir. XXI əsrin silah növləri və texniki qurğuları ilə silahlanmış ordunun qarşısına kimdənsə miras kimi götürülmüş silahlarla silahlanmış bir ordu miskinlik təsiri bağışlayır və onun məğlub olacağına heç bir şübhə yeri qalmır. Əgər bir orduda xidmətə cavanlar böyük həvəslə gedirsə, digərində səfərbərlik zor tətbiq etməklə həyata keçirilirsə, burada qüvvələr nisbəti əvvəlcədən məlum olur. 27 sentyabrda başlanan müharibənin ilk anlarından ermənilərin ağır məğlubiyyətə uğrayacağı perspektivi aydın görünürdü. Hətta bəzi erməni siyasətçiləri deyirlər ki, döyüşlərin dördüncü günü bu, onlara da məlum imiş və həmin vaxt Ermənistan rəhbərliyi bütün şərtlərlə razılaşıb, müharibənin qurtarmasına nail olmalı imiş. Lakin cəhənnəmə gedən yoldan heç kəs dönə bilmir və Ermənistan ordusu darmadağın olmaq ərəfəsində ölkə rəhbərliyi diz çöküb, sülh bağlanmasını yalvardı. Ordu generalları bu vaxta qədər siyasi rəhbərliyi aldatmaqda davam edirdi, vəziyyətin Ərafa gəlib çatdığını görüb, təslim olmağa razılıq verdilər, çünki irəlidə onları cəhənnəm əzabları gözləyirdi. Onlar vahiməyə düşdüklərini də artıq gizlədə bilmirdilər. Qorxunun hakim kəsildiyi general isə diareyaya tutulmuş əsgərə bənzəyir, o, döyüşmək barədə deyil, özünü bulamamaq barədə düşünür və tez-tez gizli yer axtarır.

Ermənistan yeni bir bədbəxtliklə üzləşdi və gördü ki, məğlubiyyət təkcə döyüş səhnəsini deyil, həyatın bütün sahələrini əhatə edir. İqtisadi, sosial və ideoloji sahədə Azərbaycana bütünlüklə uduzur. Onun iqtisadiyyatı ağır durğunluq keçirir, əhalinin maddi vəziyyəti günü gündən pisləşir, on minlərlə əhali ölkəni və Dağlıq Qarabağı tərk edir. Daim arxalandığı millətçilik də artıq gur işıq saça bilmir, üfürülüb sönən nöyüt lampasının piltəsi təsirini bağışlayır. Belə ağır dövrdə millətçilərin daim mantra kimi səsləndirdikləri milli qeyrət, millətin adını yüksəltmək şüarları köməyə gəlmir, nağara səsini andırırdı. Tarixə, qədimliyə müraciət də fayda vermirdi, ermənilərin çox sevdikləri bu yarma sıyığı artıq həzm olunmadığından, onda biganəlik meydana çıxmışdı. Yenə də onlar növbəti uğursuzluqla üzləşmişdilər, elə bil ki, azərbaycanlıların qələbəsi onların özlərinə dayaq bildiyi millətçiliyə sitayiş məbədini də uçurmuş, ona ibadətin gərəksiz olduğunu üzə çıxarmışdı. Təzə şərabı köhnə dəriyə tökmək də fayda vermirdi, axı çoxları bu şərabın da, bu dərinin də keyfiyyətinə bələd idi.

Ermənistan ordusu həm ona dəymiş ağır zərbənin təsirindən, həm də daxildə gedən qıcqırma prosesindən sağalmaz kimi görünən xəstəliyə düçar olmuşdur. Böyük miqdarda hərbi texnikasını itirmiş, yalnız "top əti" sayılan canlı qüvvənin ümidinə qalan hərbi dəstələr özünü necə ordu adlandıra bilər? Axı onun digər adı "silahlı qüvvələr"dir, əgər silah, mobil texnika yoxdursa, hansı hərbi qüvvədən söhbət gedə bilər.

Azərbaycan qazanılmış qələbəyə görə heç də arxayınçılıq mərəzinə tutulmur, əksinə, öz hərbi qüdrətini daha da artırmaq qayğısına qalır. Ölkədə müdafiə sənayesinin işinə də diqqət artırılmışdır, Türkiyə ilə bu sahədəki sıx əməkdaşlıq həmin sənayenin diversifikasiyasını və buraxdığı məhsulların keyfiyyətinin yüksəldilməsini təmin edəcəkdir. Ordunun ən müasir silahlarla təmin edilməsi işi daha yüksək səviyyəyə qaldırılacaqdır.

Əgər Ermənistan revanşizm istəyinə boyun əysə, onun vəziyyəti daha da ağırlaşacaqdır. Hərbi sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı ordumuzun döyüş hazırlığının yüksəldilməsində yeni üfüqlər açacaqdır. Ermənistanın keçmiş hamilərinə olan ümidi isə məğlubiyyətin təsiri nəticəsində puç olacaqdır.

Ermənistanın dövlət təcrübəsi iri güclərdən biri tərəfə yıxılmaqla, digərində qısqanclıq, öz himayəsinə çəkmək hissi yaratmağa yönəlmişdir. İri güclərin qarşıdurmasından o, öz rüsumunu götürməyə can atır. Bufer dövlət rolunu oynamaq, vəziyyətdən asılı olaraq bu və ya digər tərəfə yıxılmaq onun mövcudluq kredosudur, özünə daim arxa tapmağa çalışır. Bu da bəzən fayda vermək əvəzinə ona ziyan vurur. Yuxarıya tüpürmək istəyi isə öz üzünün hədəfə çevrilməsinə səbəb olur.

Erməni millətçilərinin xəyali arzusu Ermənistanı iri dövlətə çevirməkdir, lakin bunun gerçəklik kimi üzə çıxması bütünlüklə qeyri-mümkündür. Sən nə fikirləşirsənsə, yuxuda nə görürsənsə, reallıq özünün amansız qanunauyğunluqları ilə bunu alt-üst edir. Bu sərsəm düşüncələr qədim insanların məruz qaldıqları Babil həngaməsini yada salır. Bibliyada göstərildiyi kimi, ilk dövrlərdə dünyanın bütün xalqları yalnız bir dilə malik idi və eyni sözlərdən istifadə edirdilər. Onlar Şərqlə maraqlanmağa başladılar, Babil düzünə gəlib çıxdılar və orada məskunlaşdılar. Bina tikmək üçün kərpic kəsməyi, onu gün altında qurutmağı qərara aldılar. İnşaat üçün kərpiclərə və onu birləşdirmək üçün lazım olan qətrana malik oldular. Öz qüvvələrinə çox arxalanaraq, göylərə çatan qülləsi olan bir şəhər tikmək istədilər ki, bu yolla özlərini tanıtsınlar və əmin olsunlar ki, bir daha yer üzünə dağılmayacaqlar. Zikkuratın tikintisinə başladılar.

Göyə çatan qüllə tikmək istəyi az qala Allahın yanına çatmağa girişmək təsiri bağışlayırdı. Ona görə də Sahib həmin şəhəri və qülləni görmək üçün aşağı endi və dedi: "İndi buradakıların hamısı bir xalqdır və onlar bir dildə danışırlar. Bu, onların nə etmək istədiklərinin ancaq başlanğıcıdır. Tezliklə onlar istədikləri hər şeyi etməyə qadir olacaqlar. Gəlin biz aşağı düşək və onların dilini elə qarışdıraq ki, onlar bir-birlərini başa düşməsinlər".

Beləliklə, Babil adlanan şəhərin tikintisi dayandırıldı. Sahib bütün adamların dilini qarışdırdı və onları oradan bütün yer üzünə dağıtdı. Bu hadisə Bibliyadan irəli gələrək, Babil həngaməsi kimi tanınır.

(Ardı var)

 





09.04.2021    çap et  çap et