525.Az

"İsgəndər"lə bağlı cavabsız qalan suallar - Sosial şəbəkədə yazılanlar


 

"İsgəndər"lə bağlı cavabsız qalan suallar - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- Rusiya və ABŞ diplomatları fəxrlə deyirdilər ki, iki ölkənin bir çox məsələlərdə dərin fikir ayrılıqları olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə ortaq baxışı var və Minsk Qrupunda az qala, əl-ələ əməkdaşlıq edirlər. Müharibəyə qədər bu, bəlkə də, belə idi. Ancaq indi Rusiya ilə Amerikanın Minsk qrupundakı birgə fəaliyyəti də alt-üst oldu və gerçəklər üzə çıxdı. Birinci atəşi ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland atdı. O məqalə yazaraq həmsədrlərin münaqişənin həllindən çox 5 ulduzlu otellərdə qaldıqlarını və bahalı restoranlarda nahar etdiyini göstərdi. Amerikalı diplomat rusiyalı həmkarının iç üzünü də bu cümlə ilə ortaya qoydu: "Rusiyalı həmsədr Popov "Lavrov planı"nın reallaşacağına inanmırdı".

Amerikalı diplomatın ard-arda gələn etirafları Kremlin və rusiyalı diplomatların, o cümlədən, Lavrovun və Popovun xoşuna gəlməyəcəyi aydındır. Bundan sonra iki ölkə həmsədrlərinin birgə fəaliyyəti və bu fəaliyyət zamanı bir-birlərinə inanaraq qapalı görüşlərin detallarını müzakirə etməsi mümkün görünmür. Riçard Hoqland etiraflarla zəngin məqalə qələmə almaqla Minsk Qrupunun gələcək fəaliyyətinə zərbə vurdu. Buna görə biz Hoqlanda minnətdar olmalıyıq. O bizim "daha həmsədrlərə ehtiyac yoxdur" arqumentimizi gücləndirdi. Digər tərəfdən Rusiya ilə Amerikanın Dağlıq Qarabağ məsələsində birgə fəaliyyətinə də nöqtə qoyuldu. Onlar gələcəkdə bölgəyə səfər etsələr də, aralarındakı "səmimiyyətə" heç kim inanmayacaq.

Asif Nərimanlı, jurnalist:

- Azərbaycan əsgərləri Şuşanın yaxınlığında, Xankəndinə gedən yoldakı ermənilərin Birinci Qarabağ müharibəsində qoyduğu "tank abidəsi"nin yanına gedərək, lövhələrə "Azərbaycan" və digər sözlər yazıb.

Ermənilər özlərinə əl qatıb, rus sülhməramlıları da deyir ki, əsgərlər onların yerləşdiyi blok-postdan kənar ərazidən keçiblər, yəni "bizlik deyil"...

***

Rusların cavabsız qoyduğu 10 sual...

1. Şuşaya atılan "İsgəndər - M" raketi Ermənistana necə verilib?

2. Ermənistana "İsgəndər - E" yox, "İsgəndər - M" verilibsə, Rusiya 300 kilometrdən çox uçan ballistik raketlərlə bağlı öhdəliyi niyə pozub?

3. Xeyr, Ermənistana "İsgəndər - E" raketi verilibsə, o zaman, "İsgəndər - M" raketi Şuşaya doğru haradan uçub?

4. "İsgəndər - M"lər Ermənistandakı Rusiya hərbi bazasındadırsa, raket oradanmı atılıb?

5. "İsgəndər" raketi ilə təchiz olunan Rusiya Cənub Hərbi Dairəsi bu işin harasında yer alır?

6. Əmri kim verib: ruslarmı?

7. Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə bir əmrdən xəbəri olubmu?

8. "İsgəndər - M" Ermənistana qaçaq yolla aparılıbsa, Rusiyanın nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərinə nəzarət imkanı bu qədərmi zəifdir?

9. Rusiya gömrük və sərhəd məntəqələrinə nəzarət edə bilmirmi, yaxud kiçik həcmli stabilizatoru tapanlar necə olur ballistik raketləri gözdən qaçırıb?

10. Və ən əsası Rusiya bu suallar qarşısında niyə susur?

Rusiya "danışır Moskva" modelindən "susur Moskva" modelinə keçib. Və bu, bizə versiyalar irəli sürmək imkanı verir:

Birinci versiya: Rusiya Ermənistana "İsgəndər - E" yox, "İsgəndər - M" raketləri verib;

İkinci versiya: "İsgəndər - M"lər iddia edildiyi kimi, Cənub Hərbi Dairənin anbarlarından oğurlanaraq, Ermənistana qeyri-leqal yollarla ötürülüb və fakt ortaya çıxanda Rusiyanın hərbi-siyasi rəhbərliyi, yaxud bu ölkədəki yüksək dairələr məsələni ört-basdır etməyə çalışır;

Üçüncü versiya: Şuşaya raket ya Gümrüdəki bazadan, ya da Cənub Hərbi Dairəsinin nəzarət bölgəsindən atılıb. 

Şahin Cəfərli, politoloq:

- Çinin Türkiyədəki səfirliyi Meral Akşeneri və Mansur Yavaşı hədələyib.

Akşener və Yavaş dünən 31 il əvvəl Kaşqar vilayətinin Barın qəsəbəsində baş vermiş qətliamın ildönümü ilə bağlı paylaşım ediblər. Səfirlik hər iki siyasətçini etiketləyərək yazıb: "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır".

Bir diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin siyasi liderlərini hədələməsi beynəlxalq münasibətlərdə nadir rast gəlinən haldır. Türkiyə hökuməti bu fakta lazımi qiymət verməlidir, yəqin ki, verəcək.

Yeri gəlmişkən, Türk Şurasının hazırda türk dünyasının ən ciddi problemi olan uyğur məsələsinə hər hansı münasibət bildirməməsi bu qurumun adına və missiyasına uyğun gəlmir. Mən Çinlə münasibətləri korlamağın tərəfdarı deyiləm, amma yekun sənəddə, yaxud şifahi, yumşaq şəkildə narahatlıq ifadə etmək olardı.

Vüqar Bayramov, iqtisadçı-ekspert:

- Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib. Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyrinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır.

Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır.

Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir.

Osman Gündüz, Azərbaycan İnternet forumunun prezidenti:

- Gələn il elektron hökumətin inkişafı ilə bağlı BMT-nin növbəti Reytinq Cədvəli açıqlanacaq. Son bir neçə ildir ki, Azərbaycan bu siyahıda nəinki vəziyyətini yaxşılaşdırmaqda çətinlik çəkir, əksinə, əvvəlki göstəricilərini bərpa edə bilmir.

Məlum olduğu kimi, 2016-cı ildə Azərbaycan BMT-nin "Elektron hökumətin İnkişafı İndeksi" üzrə Hesabata görə 190 ölkə arasında, son 10 ildəki ən yaxşı nəticəni, 56-cı yeri qazanmışdı.

Lakin 2018-ci ildə 14 pillə geriləyərək 70 -ci yerdə, 2020-ci ildə heç bir dəyişiklik baş vermədən yenə də 70-ci yerdə qərarlaşa bilib.

BMT-nin adı çəkilən Hesabatının hazırlanmasında 200-dən çox ekspert iştirak edir, 3 istiqamət ( elektron xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı) üzrə dəyərləndirmələr aparılır.

Prezidentin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli Fərmanından sonra ölkədə eGov inkişafı sahəsində bir sıra işlər görülüb.

Lakin BMT Hesabatından göründüyü ki, inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrdə də görünür ki, daha çevik hərəkət edə biliblər.

2020-ci il Hesabatından görsənir ki , Qazaxıstan, Ukrayna və Belarus ötən müddətdə bu sahədə vəziyyətlərini xeyli yaxşılaşdıra biliblər.

Düşünürəm ki, ölkədə eGov-la əlaqəli dövlət qurumları arasında koordinasiya və inteqrasiya sahəsində, telekommunikasiya və internet infrastrukturunun yenidən qurulması istiqamətində və vətəndaşların elektron iştirakçılığı sahəsində, xüsusilə də regional eGov sahəsində işləri canlandırmaq lazımdır.

"Rəqəmsal Azərbaycan", "Elektron hökumətin inkişafı" və "Regional eGov" ilə bağlı dövlət proqramlarının qəbulunu sürətləndirmək lazımdır.

İradə Tuncay, jurnalist:

- Qədim zamanlarda, yəni Pandemiyadan əvvəl, hətta Sovet dövründə bir hadisə olmuşdu. 6-cı sinfi bitirdiyim yayda Azərbaycanda ağır qəza oldu. Niyə ağır? Çünki xarici ölkə vətəndaşları qarışmışdı söhbətə. Monqol ...turistləri yox, yazıçıları yanmışdılar avtobusda. Dəqiq yadımda deyil Siyəzən ya Dəvəçi ərazisində iki avtobus toqquşub yanmışdı. Görünür, gəzməyə aparırmışlar onları. Şəxsən tanıdığım insanlar vardı o avtobusda. Hətta sürücü də Yazıçılar İttifaqının işçisi idi. Səhər xatırladım nəsə onları... Məlik Mikayılzadə - tərcüməçi, ssenarist, publisist. Xanımı rus idi, o tərəflərdə yaşayırdı. Qızını göndərmişdi atasının yanına. Qızı ilə atası, ikisi də yanmışdılar... Hadisə hay-küylü olsa da, təbii ki, qəzetlər yazmadı. Sovetdə belə şeyləri yazmırdılar... Hələ-hələ xarici vətəndaşlar olubsa orda...

Səhər baxdım internetə - Məlik Mikayılzadə haqqında heç nə tapmadım. Əsərinin adı yadımda qalıb "Nina üçün gül dəstəsi". Nina qadın adı deyil. Nina mətbəəsi haqqında idi...Səhv eləmirəmsə...

O vaxt sovetə görə yazılmadı, indi də tənbəllikdən yazmayıblar.

Heç bilmirəm, xatırlayan varmı bu hadisəni? Litfondun sədri idi Məlik Mikayılzadə...Bəlkə, yazıçı övladlarının yadında qalıb? 

İlqar Əlfioğlu, telejurnalist:

-"Dalğa"nın təzə vaxtları idi, yadıma Rəmiş düşdü, neçə il idi, efir yasağı vardı. Fikirləşdim ki, onu danışdırım. Çağırtdırdım Razinə, Şahinin kafesinə. Üzbəüz oturmuşduq, Rəmiş gün vurduqca xumarlanırdı, gözləri yumulu idi. Dedim, ay Rəmiş, gözünü niyə açmırsan, bir ətrafa bax, gör, nə var-nə yox... Sənətkar sol gözünü açıb, mənə baxdı, dilləndi: "İlqar, qaqa, niyə açım, nəyə baxım, baxmalı nə var ki?.." Sonra yenə gözünü yumub, sözünə davam elədi...

Elşad Quliyevi razı saldım, müsahibə və musiqi efirə getdi, dalınca da ayrıca konsert çəkdilər və bu, Rəmişin televiziyaya ikinci dönüşü oldu...

Allah Axirətini versin...

Həyatdı da, yaşayıb bitirdi...

Qoşqar Salmanlı, tədqiqatçı yazar:

- Pandemiya başlayandan Həcc ziyarəti də ləğv olunub. Pandemiya ilə əlaqədar Həcc ziyarətinə heç kim buraxılmayacaq.

Nəzərə alsaq ki, Həcc ziyarəti üçün Azərbaycandan 1500 nəfərlik kvota yer ayrılmışdı. Əlbəttə, o yer hər il tam dolur. 1 nəfərin Həcc ziyarətinin qiyməti 4490 dollardir.  Bu rəqəm ümumi 6 435 000 dollar yəni 11 449 500 manat edir.  Azərbaycan Vətən müharibəsi yolu keçdi. 3 min şəhid ailəsi, 3 mindən çox yaralı (əlil) var.

Hazırda müalicəyə ehtiyacı olan, protezə ehtiyacı olan minlərlə qazi var.

Maddi vəziyyəti çox pis olan minlərlə qazi və şəhid ailələri var.

Bəzi xərcləri də nəzərə alsaq Həcc ziyarətinə gedənlər 20 000 000 AZN təqribən hər il ərəbin cibinə pul qoyuruq. Bu fantastik bir rəqəmdir. Məncə hər bir dindarımız bu pulu şəhid və qazi ailəsinə xərcləsə daha çox savab qazanar, nəinki ərəbin cibinə pulu qoymaqla...

 





09.04.2021    çap et  çap et