525.Az

İranın Cənubi Koreyaya məxsus gəmini azad etməyinin səbəbi bəlli oldu


 

İranın Cənubi Koreyaya məxsus gəmini azad etməyinin səbəbi bəlli oldu<b style="color:red"></b>

Cənubi Koreyanın Baş naziri Çunq Se-Kyun aprelin 11-12-də İrana rəsmi səfər edəcək. Səfər zamanı iki dövlət arasındakı əlaqələrin perspektivləri müzakirə olunacaq.

525.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehranda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Baş nazir Prezident Həsən Ruhani və digər rəsmi şəxslərlə görüşəcək. Görüş zamanı İranın Cənubi Koreya banklarında dondurulmuş 7 milyard dollardan çox maliyyə vəsaitinin qaytarılması da müzakirə olunacaq.

Cari ilin əvvəlindən rəsmi Seul ilə Tehran arasındakı münasibətlərdə gərginlik son həddə çatmışdır. Hətta İran parlamentinin bəzi üzvləri Cənubi Koreya ilə münasibətlərə yenidən baxmağı tələb etmişlər. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, neft satışından əldə olunan vəsait Cənubi Koreya baklarında dondurulub. Koronavirusla mübarizədə bu pul İrana çox lazımdır. İran öz vəsaitini istədikdə isə rəsmi Seul sanksiyaları əsas gətirərək, pulu qaytarmağa tələsmədi. Müəyyən vaxtdan sonra anlaşıldı ki, bu məsələdə Koreya İranın koronavirusla mübarizəsini yox, ABŞ-ın sanksiyalarını dəstəkləyir. Rəsmi Tehran Koreyanı beynəlxalq qanunlara hörmətlə yanaşmağı tələb etdi. Buna baxmayaraq, sanksiyalara istinad edən rəsmi Seul pulu qaytarmadı. Lakin İrana məxsus vəsaitin banklarda qaldığını etiraf edərək, qaytarmaq istədiyini bildirir. Amma bunu elə etmək istəyir ki, ABŞ-ın qəzəbinə tuş gəlməsin.

İranın cavabı özünü çox gözlətmədi və Fars körfəzində Cənubi Koreyaya məxsus 7200 ton neft məhsulundan ibarət yükü olan gəmini yanvar ayında ekoloji vəziyyəti pozmaqda ittiham edərək həbs etdi. Bu gün - aprelin 9-da isə gəminin İran prokurorluğu tərəfindən azad edilməsinin səbəbi bəlli oldu. Qeyd etdiyimiz kimi, Cənubi Koreyanın Baş nazirinin İrana səfəri ərəfəsində rəsmi Tehran xoşməramlı addım atdı və əlbəttə ki, qarşı tərəfdən də belə addımı gözləyir. Rəsmi Seulun qarşılıqlı addımının nədən ibarət olacağını isə zaman göstərəcək.

Onu da bildirmək lazımdır ki, Koreya İran ilə geniş iqtisadi–ticarət əlaqələrinə malikdir. İran Koreya üçün böyük bazardır və rəsmi Tehran bütün imkanları yaradır ki, bu ticarət əlaqələri daha da inkişaf etsin. Koreya iş adamları İranın əczaçılıq sahəsindən tutmuş avtomobil sənayesinə qədər geniş iqtisadi sahələrə irihəcmli sərmayələr yatırıblar. İranda onlarla birgə müəssisələr və şirkətlər fəaliyyət göstərir. İran Koreyaya güzəştli qiymətə neft satır. Bu əlaqələrin pozulması onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatı daha da ağırlaşdıra bilər. Bu səbəbdən də qarşıdakı səfərdən və keçiriləcək görüşlərdən sonra qarşılıqlı münasibətlərdə çox mətləblərin üstü açılacaq. Lakin kompromis hər iki tərəfin xeyrinə olar.

 





09.04.2021    çap et  çap et