525.Az

Cavad Zeynalın oxuculara "Daş çiçək" töhfəsi - Resenziya


 

Cavad Zeynalın oxuculara "Daş çiçək" töhfəsi - <b style="color:red">Resenziya </b>

Qələmə sarılan insanlar söz vasitəsilə həm həyatı obrazlı şəkildə ifadə edirlər, həm də özlərinin bədii portretini çəkməyi bacarırlar.

Mövzu və yazı üslubu şair və yazıçıların özünəməxsus obrazını formalaşdırır, oxucu mütaliə zamanı o xüsusi ruhu duya bilir. Şeirləri və hekayələri ilə öz oxucu kütləsini qazanaraq könülləri oxşamağı bacaran söz sənətkarlarından biri də tanınmış şair, nasir və publisist Cavad Zeynaldır. Onun söz dünyasına səyahət edəndə həm duyğularının pıçıltısını eşitmək, həm də bir vətəndaş dərdini, hayqırtısını, həyəcanını sezmək olur.

Cavad Zeynal 1944-cü ildə Füzuli rayonunun Gorzallı kəndində dünyaya gəlib. Orta təhsilini Füzulidə alıb. Daha sonra Bakıya köçərək burada işləməyə başlayıb. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1980-ci ildə "İkinci and", 1983-cü ildə "Suya söylənən yuxu", 1988-ci ildə isə "Şəhərə qar yağdı" kitabı işıq üzü görüb.

Mənim nəzərimdə, 2021-ci ilin ən diqqətçəkən nəşrlərindən biri də Cavad Zeynalın "Daş çiçək" kitabıdır. Onun bu kitabında müxtəlif mövzulu şeirləri və bir hekayəsi yer alıb.

Cavad Zeynal yaradıcılığa şeirlər başlasa da, daha çox nasir kimi tanınıb, deyərdim. Amma yaradıcı adam heç bir qəlibə sığmır. Hər şey ovqatdan asılıdır. "Daş çiçək" kitabını oxuduqca fikirləşdim ki, nə yaxşı, müəllif məhz poetik nümunələrini bu kitabda cəmləşdirib. Şeirlərinin hər birində yenə də nəsr izləri var. Onun poetik mətnləri nə qədər duyğulara köklənibsə, bir o qədər də realdır, həyatın özüdür. Cavad Zeynal yaradıcılığı yersiz pafosdan uzaqdır. Bu mənada, nasir Cavad Zeynal şair Cavad Zeynalın yaradıcılığını daha da yetkinləşdirib.

"Daş çiçək" kitabından torpağın ətri gəlir. Cavad Zeynal Füzuli həsrəti kontekstində torpaqdan, yurddan ayrı düşməyin ölçüyə sığmayan ağırlığını təsvir edir. Bir şeirində yazır:

Ölürəm, bir elə daxmadan ötrü,
Bir baba adında doğmadan ötrü,
Bir kəsim, bir dadım loxmadan ötrü,
Məni o daxmaya apararmısan?

Cavad Zeynal bu şeirdə, özü ilə bərabər, xalqımızın da daşa, torpağa, nişanəyə bağlılığını ifadə edir. Kitabda toplanan xatirə ruhlu şeirləri oxuduqca oxucuya məlum olur ki, şair emosional yaddaşının bütün sərhədlərini yox eləməyi bacarıb. Cavad Zeynal "Köhnə mahnı", "Gecələr gedirəm Füzuliyə mən", "Atəşkəs rejimi", "Hər gün kəndə gedirəm" kimi şeirlərində vətən yanğısını olduğu kimi oxucuya çatdırıb.

Cavad Zeynal torpaq itkisinin acısını necə böyük hərarətlə sözlərə hopdurubsa, eləcə də Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq zəfəri böyük sevinclə tərənnüm edib. "Gəzməyə yurdum var" şeirində yazır:

Gəzməyə yurdum var, ölməyə yerim,
Narahat olmağa bir əsasım yox.
Tarixi zəfərlə keçir günlərim,
Daha qiyamətə bir qisasım yox.

Bu sevincin içərisində bir kövrəklik də var - 30 ilin yarasından qalıb. O yaranın ağrısı zəfər ruhlu şeirlərdə də duyulur:

Dünyadı, bilirəm, gəlim-gedim var,
Həyatdı, görürəm, ölüm-itim var,
Mənim qayıtmağa bir ümidim var,
Gözümə Qarabağ torpağı tökün.

Cavad Zeynalın hələ torpaqlarımız işğal olunmamış yazdığı şeirlərdə də ümid işığı var idi, o, nə vaxtsa Qarabağın azad olunacağına inanırdı.

"Daş çiçək" kitabında insanı kövrəldən, keçmişə qaytaran məqamlardan biri də uşaqlıq çağı ilə bağlı olan şeirlərdir. Bu şeirlərdə xüsusi bir şirinlik var. Cavad Zeynalın uşaqlıq illəri ilə bağlı şeirləri oxucunu da keçmişə boylandırır. "Çöllərə su səpmişəm", "Çarıq",  "Uşaqlıq şəklimə baxarkən" və başqa bu tipli şeirlərində şair ötən günləri xatırlayır:

Qaynar yaşamışam qaynar çağımı,
Haraya yüyürən, yetən olmuşam.
Çöllərə səpmişəm uşaqlığımı,
Çöllərə səpmişəm - yetən olmuşam.

Kitabda Cavad Zeynalın bir neçə qəzəli və dördlükləri də var.

"Mələk dizi" hekayəsi "Daş çiçək" kitabının uğurlu finalıdır. Cavad Zeynal bu hekayədə öz söz köhləninin yüyəngini daha geniş istiqamətlərə yönlədirib. Onun nəsri öz poetik funksiyasını da qoruyur, orijinal təhkiyəsi ilə daha da oxunaqlı olur. Hadisələrin cərəyan tempi də olduqca maraqlıdır. Nəsrdə bədiiliyi qoruyub saxlamaq əsas şərtdir. Cavad Zeynalın bu hekayəsini birnəfəsə oxumaq mümkündür. Onun yaratdığı Çağa obrazı sıravi, insanlar içərisində saya salınmayan bir insan olsa da, iç dünyası fərqlidir. Cavad Zeynal bu amilə diqqət yetirir və heç kimin sezmədiyi həmin daxili aləmin sirlərini açır.

Əslində, söz adamı belədir, heç kimin görmədiyini, hiss etmədiyini görə və duya bilir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Cavad Zeynala cansağlığı arzu edir və inanıram ki, onun söz dünyasına oxucularını hələ çox səyahətlər gözləyir!

 





10.04.2021    çap et  çap et