525.Az

Rəsul Rzanın mənəvi hüzurunda düşündüklərim və söylədiklərim


 

Rəsul Rzanın mənəvi hüzurunda düşündüklərim və söylədiklərim<b style="color:red"></b>

Hərdən oturub fikirləşirəm: necə oldu ki, ədəbiyyata sevgim yarandı. İlk mütaliəmi, ilk şeir duyumumu xatırlamağa çalışıram.

Xatırlamağa çalışdıqca uşaqlığım lent kimi gözümün önündən keçir, hansısa hadisənin içərisində itib-batıram, şeir sevgimin tarixinin axtarışına yönələn düşüncələr beləcə havada qalır. Bunun dərinliyinə getmək çox çətindir. Genetik faktor da bunda böyük rol oynayır. Bizim nəsil sözə qiymət verən və bir o qədər də söz pərgarı olub, əlamətdar günlərdə xüsusi sağlıqlar deyilib ki, onları bir yerə yığsalar, böyük xatirə kitabı alınar. Keçmişə, duyğulara, hisslərə bağlı insanlardır...

Yadımdadır ki, əlifbanı öyrənib bitirəndən sonra müəllimimiz əzbərləmək üçün şeirlər tapşırardı. Hər yeni şeiri səbirsizliklə gözləyirdim ki, görəsən, indi hansı olacaq, nə haqqında olacaq?! Gecə şeiri oxuyurdum, yadımda qalmırdı, səhər ayılanda əzbər deyirdim. Bu, mənim üçün xoş adətə çevrilmişdi.

İbtidai sinifdə oxuyanda Səməd Vurğunun "Muğan" poemasının birinci nəğməsi ("Ceyran") ev tapşırığımız idi. Mən o şeirə vurulmuşdum. Təkrar-təkrar oxuyurdum və usanmırdım, Səməd Vurğunu da belə sevmişdim...

Həmzə Babaşov küçəsindəki doqquzmərtəbədə kirayə yaşayırdıq. Ev yiyəsinin bir balaca şkafı var idi. Şkaf köhnə kitablarla dolu idi. Kitabların hamısı kiril əlifbasındaydı. 3 ya 4-cü sinifdə oxuyurdum. Evdə dedim ki, mütləq mən bu kiril hərflərini öyrənməliyəm. Babama vərəq, qələm verdim ki, mənim üçün hərfləri yaz. Xəstəliyinə görə babamın yaddaşında problemlər var idi. Qələmi aldı əlinə, hərfləri yadına sala bilmədi. Onun pərt olmağı məni sındırdı. İndi də yadıma düşəndə özümü bağışlaya bilmirəm ki, niyə ona dedim, hərfləri yaz. Bu hadisə də mənim üçün bir ayrı travmadır. Nəysə...

Bir yol tapıb kiril qrafikasını öyrəndim və həmin köhnə kitabların içərisindən Məmməd Arazın kitabını tapdım. Elə 4-5 günün içərisində şeirləri oxuyub bitirdim. Təbii ki, misraların dərinliyini illər keçdikcə dərk elədim. Məmməd Arazı da belə sevmişdim...

İbrahim Əbilov adına mədəniyyət mərkəzinə gedirdim - "Vurğun" poeziya dərnəyinə. Mədəniyyət mərkəzinin o vaxtki bədii rəhbəri Mirəhməd Əsgərovun orada kiçik, amma zəngin kitabxanası var idi. Rəfdən Rəsul Rzanın, Nigar Rəfibəylinin, Əli Kərimin kitablarını götürdüm. Oxudum, oxudum, oxudum... Oxuduqca böyüdüm, dərk etdim, yaşadım. Bu üç söz sənətkarını da belə sevmişdim...

Bir gün Azərbaycan Televiziyasında gözəl sənətkar Həsən Əblucun qiraətində Rəsul Rzanın "Unutmayın" şeirini efirə verdilər. Bu şeiri kitabdan oxumuşdum, eşidəndən sonra tapıb bir də oxudum. Həsən Əblucun ifasını internetdə tapdım və dəfələrlə qulaq asdım: möhtəşəm səsləndirmə idi. Şeir əzbərimə həkk olundu.

O şeiri tez-tez sinifdə, tədbirlərdə deyirdim. Bir fizika müəllimimiz var idi. Çox soyuqqanlı, son dərəcə ciddi adam idi. Mən də fizikanı yaxşı oxumurdum, məlum məsələdir ki, humanitar fənlərə yönəlmişdim. Necə oldusa, bu fizika müəllimimiz dedi ki, “Nadir, bir şeir de”. Rəsul Rzanın "Unutmayın" şeirini dedim. Həcmcə böyük və çox təsirli şeirdir. Deyib bitirəndən sonra gördüm ki, müəllimin gözlərindən yaş gəlir. Bu şeiri uşaqların arasında tez-tez deyirdim, amma bu dəfə onlar da kövrəlmişdi.

Müəllim dedi, “Nadir, nə qədər ki sizə dərs deyirəm, sənə yalnız "əla" qiymət yazacam”. Rəsul Rzanın bu şeiri məni aşağı qiymətdən çox xilas edib, təkcə fizika deyildi. Məktəbdən məzun olanda son dəfə sinif otağımıza yığışdıq. Sinif yoldaşlarım xahiş elədi ki, son dəfə sinifdə o şeiri de. Dedim və bu dəfə özüm də çox kövrəlmişdim...

Bu günlərdə sevimli şairim Rəsul Rzanın vəfatının 40 illiyi tamam olurdu. Aprelin 1-də səhər tezdən baş redaktorumuz Rəşad Məcid mesaj yazdı ki, saat 11-də Fəxri Xiyabanda Xalq şairi Rəsul Rzanı yad edəcəyik...

Gedib şəkillər çəkməli, xəbər hazırlamalıydım. İki qızılgül alıb Fəxri Xiyabana yollandım. Xalq yazıçısı Anar, Rəşad Məcid, Azər Turan, Səlim Babullaoğlu, İlqar Fəhmi, Sayman Aruz, Anar müəllimin nəvələri - Anar Rzayev, Rəsul Rzayev orada idilər. Anı şəkillər vasitəsi ilə əbədiləşdirirdim. Onu da qeyd edim ki, bir gün öncə "Rəsul Rzaya ithaf" adlı şeirimi öz Feysbuk hesabımda paylaşmışdım. Ani olaraq Rəşad müəllim məni yaxına dəvət edib oradakılara tanıtdı və dedi ki, Rəsul Rzadan bir şeir de, sonra öz şeirini də deyərsən. Rəsul Rzanın həmin "Unutmayın" şeirini əzbərdən dedim, ardınca öz şeirimi telefondan oxudum. Xoş reaksiyalar aldım.

No description available. 

"Nadir Rzalı üçün həmin günün mahiyyəti hansı ölçüdə idi" sualı barədə uzun-uzun fikirləşirəm. Amma sözə sığdırmağa çətinlik çəkirəm. Hətta elə sehirlənmişdim ki, yanlış avtobusa minmişdim. Əslində, avtobusda olsam da, elə bil orada qalmışdım - o məzarın yanında, şeir dediyim yerdə...

Bəlkə də mənim dediklərim oradakı ədəbiyyat adamları üçün heç də xüsusi bir çıxış deyildi, nəzakətən, könlümü xoş eləməkçün bir ağızdan "sağ ol!" demişdilər.  Mənə çox vaxt deyirlər ki, sən erkən böyümüsən, heç demək olmaz bu yaşdasan, bu, mənim özümə də xoş gəlir. Amma orada o şeiri deyəndə, elə bil, balaca uşağa çevrildim. Həmin an 20 yaşında, özünü, mətnini təsdiqləməyə çalışan gəncə qayıtdım, eqom sakitləşdi. Birinci ona görə ki, orada olan qələm adamlarının - Anar müəllimin, digər yazarların hər birindən sevə-sevə oxuduğum bədii yaradıcılıq nümunələri var. Yəni mətninə sevgi ilə yanaşdığım insanların qarşısında bu yaşımda şeir deyirdim. İkinci məsələ odur ki, Rəsul Rzaya olan sevgim və onun şeirini məzarı önündə deməyim mənə mənəvi dinclik bəxş elədi, sevindirdi.

Səmimi deyirəm ki, harada olmağıma baxmadan, mən öz yazdığım nəyisə səsləndirəndə xoşbəxt oluram. Bu, yaşca böyük yaradıcılara, təbii ki, adi görünəcək, amma mən bu yaşımda belə hiss edirəm, belə ab-havadayam. Adamın ürəyinə özü qədər kim bələd ola bilər ki?! Bir az məsxərəylə yanaşanlar, yaxud başqa mənfəətlərdən söhbət açanlar da olacaq. Olsun, nə olacaq ki?! Fikrət Qoca demiş:

"Dedilər: Vəzni pozdu.
O, bir şeir də yazdı.
Dedilər: Şeirinin bəzəyi azdı,
O, bir şeir də yazdı.
Dedilər: Dayazdı.
O, bir şeir də yazdı...
Yazdı, yazdı, yazdı.
Amma öz aramızdı,
O vaxt sözümüzə baxsaydı,
İndi Rəsul Rzamız olmazdı".

Ömür vəfalı olsa, 30-40 il sonra bu xatirəni haradasa yenidən çap elətdirəndə,  yəqin ki, bu cümləni də əlavə edəcəm: "Bu da bir xatirə idi, yazmışdım ki, yazının yaddaşında qalsın".

Rəsul Rzanı - sevimli şairimi dərin hörmət və sevgi ilə anıram.

***

Rəsul RZA

UNUTMAYIN

Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə, getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi -
sadə, yaxşı...
Mən anamın südü kimi,
atamın öyüdü kimi,
sevdim bu torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.
Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən, sağlığımda çox gülmüşəm.
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan.
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağım da.
Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...
Vətən torpağı genişdir, qəlbim kimi
Demirəm, Göyçayda basdırın məni,
Ancaq ki, riyakar gözlərdən uzaq,
aparın, bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın...

1947

***

Nadir RZALI

RƏSUL RZAYA İTHAF

Bir çinar ömrü yaşadı -
minbudaq çinar,
torpaqdan yaranmış, qələmə bürünmüş,
çinarı qələmindən cücərmiş,
budağı sözüylə böyümüş.

Bir kişi ömrü yaşadı çinar kimi,
əyilməz, məğrur, bir az da həzin.
Kölgəsinə yığıldı
bütün yaşıllıqlar
bütün təbiət...
Ləpiri həkk oldu torpağa dərindən dərin...

Bir Nigar ömrü yaşadı qoşa qanadlı,
şeirinin şəhdi, sözünün canı.
Doğulandan taleyi bir yazılanlar
üçcə ay həsrət çəkdilər.
Bir məhəbbət dastanı,
vəfa borcu, sevgi məbədi...

İndi ona salxım söyüdlər ağlar,
"Ana qaz" ağı deyər,
indi bütün rənglər dumanlanıbdı.
Şeirinin oduna neçə sevgililər yanıbdı...
Hələ köhnəlməyib
ədəbiyyatın düyünü-dağı,
şeirimizin yeni nəfəsi,
poeziyanın təzə çağı...

2021

 





11.04.2021    çap et  çap et