525.Az

Türk dünyası üçün ortaq dil - zamanın tələbi


 

Türk dünyası üçün ortaq dil - <b style="color:red">zamanın tələbi</b>

XX əsrin əvvəllərində istər Azərbaycanda, istərsə də türk xalqlarının yaşadığı digər bölgələrdə milli dirçəliş, milli oyanış prosesləri türk xalqlarının birliyi ideyasını da aktuallaşdırdı.

Türk xalqlarının birliyi ideyasında önəmli məsələlərdən biri də ortaq dil məsələsi idi. Uzun müddət Çar Rusiyasının əsarəti altında yaşayan türk xalqları arasında ortaq ünsiyyət dilinin yaradılması məsələsi dövrün zəruri problemlərindən birinə çevrilmişdi. İsmayıl bəy Qaspıralının nəşr etdirdiyi "Tərcüman" qəzeti, Cəlil Məmmədquluzadənin Azərbaycanda çıxardığı "Molla Nəsrəddin" jurnalı təkcə Rusiyanın əsarəti altında olan türk xalqları tərəfindən deyil, həm də imperiyanın sərhədlərindən çox-çox kənarda sevilə-sevilə oxunurdu. Bundan əlavə, XX əsrin əvvəllərində Türkiyə ilə əlaqələrin güclənməsi də ortaq dil ideyasını gündəmə gətirmişdi. Xüsusilə, Türkiyədə təhsil almış Azərbaycan ziyalıları bu ideyanın gerçəkləşməsi uğrunda mübarizəsini qeyd etmək olar.

XX əsrin əvvəllərində həm Türkiyədə, həm də Azərbaycanda milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. Bu hərəkatın ön-cülləri Yusuf Akçura, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp, İbrahim Şinasi, Namiq Kamal, Bəkir Çobanzadə idi.

Əli bəy Hüseynzadə "Həyat" qəzetinin 1905-ci il tarixli 7 saylı buraxılışında nəşr etdirdiyi "Qəzetəmizin dili haqqında bir neçə söz" adlı məqaləsində rus, ərəb və fars sözləri ilə Azərbaycan dilini "çirkləndirənləri" kəskin tənqid edərək bu yersiz alınmaların qarşılığında türk sözlərinin işlənməsinin ortaq dil birliyinə səbəb olacağını göstərirdi. O, türk dilinin Avropa dilləri ilə rəqabət gücündə olduğunu qeyd edirdi.

Ziya Göyalp "Türkçülüyün əsasları" əsərində "Dildə türkçülük" adı altında yazırdı: "Türkiyənin ulusal dili İstanbul türkcəsidir. İstanbulda iki cür türkcə vardır: biri danışıldığı halda yazıla bilməyən İstanbul ləhcəsi, digəri isə yazıldığı halda danışıla bilməyən osmanlı dili... Osmanlı dilini yoxmuş kimi bir kənara ataraq, xalq yazısının qaynağını yaradan türk dilini ulusal dil hesab etmək yetərlidir".

Ziya Göyalp türklər üçün ortaq ədəbi dillə bağlı qeyd edirdi: "Qısacası, İstanbul türkcəsinin ulusal dil olaraq qəbul edilməsinə Avropa mədəniyyəti içində bir türk mədəniyyəti yaradılması üçün çalışılması, bir türk ulusunun doğması təməl olacaqdır. Beləcə, osmanlı, özbək, qıpçaq, qırğız kimi adlar bölgə adları kimi qalacaqdır".

XX yüzilin əvvəllərində ortaq dil birliyi ideyasının tərəfdarlarından biri də Əhməd Cavad idi. O, İ.Qaspıralının Asiyada və Avropada türk-tatarların "milli dilini, məktəbini, milli ədəbiyyatını" anlatmaq arzusunu, bütün türk ləhcələrini birləşdirmək üçün "Tərcüman" qəzeti (1883) nəşr etdiyini, qəzetin "ümumi bir dil, həm də qa-yət açıq bir dil qəbul etdiyini" ayrıca vurğulayırdı. Əhməd Cavada görə, "Tərcüman"ın qəbul etdiyi "Dildə, əməldə, fikirdə birlik!" şüarı "bunun üçündür ki, bu gün dünyadakı bütün türklər yavaş-yavaş bir-birini tanısınlar". Odur ki, şair İ.Qaspıralının xidmətlərini belə qiymətləndirirdi: "İsmayıl mirzə, Allahın əsirgədiyi və sevdiyi millətlərə göndərmiş olduğu peyğəmbərlərə bənzər iş gördü".

Görkəmli türkoloq alim Tofiq Hacıyev o dövrdə istifadə olunan sözlərin əski Azərbaycan dilində də olduğunu qeyd edərək yazır: "Türk dillərinin diferensiasiyaya başladığı dövrlərdə xatırlatdığımız qəbil sözlər həm Azərbaycan, həm də türk-osmanlı dillərində mövcud olmuşdur. Daha sonralar bu sözlər Azərbaycan dilində arxaikləşmə yoluna düşdüyü halda, türk-osmanlı dilində öz əvvəlki leksik-semantik səlahiyyətlərini saxlayır. XIX əsrdə də, XX əsrin əvvəllərində də bu sözlər türk ədəbi dilində fəal şəkildə işlənirdi".

Ümumiyyətlə, ortaq ədəbi dil hər zaman bir mübahisə mövzusu olmuşdur. Ona qarşı çıxanlarla yanaşı, onu dəstəkləyənlər də vardı. Bu məsələ repressiya illərinin başladığı 1930-cu illərə qədər davam etdirilmişdir.

Sovet İttifaqının qurulmasından sonra bu ideyalar və ideyalardan irəli gələn fəaliyyətlərə ara verilsə də, XX əsrin 90-cı illərində bu hərəkat əvvəlki kimi yenidən geniş vüsət aldı.

Sovet İttifaqının süqutundan sonra İttifaqın tərkibindən çıxan on beş respublika ayrı-ayrı müstəqil dövlət olaraq dünya elmində, siyasətində öz yerini aldı. Rusiya Federasiyası da daxil olmaqla, yeni yaranmış respublikalar təhsildə, elmdə, incəsənətdə, iqtisadiyyatda, ümumiyyətlə, bir çox sahələrdə ümumdünya proseslərinə inteq-rasiya etməyə başladılar. Bu proseslər türksoylu xalqlar üçün yeni imkanların və əlaqələrin yaranmasına səbəb oldu. Ölkələr arasında elm, təhsil, iqtisadi əlaqələr sürətli inkişaf yoluna çıxdı. Belə ki, türk dünyasının mədəniyyət nazirlərinin, incəsənət xadimlərinin, elm adamlarının və tədqiqatçıların, univerisitet rektorlarının iştirakı ilə müxtəlif mövzularda mütəmadi olaraq konfranslar, simpoziumlar təşkil edildi. Bu tədbirlərdə gündəmdə olan əsas məsələ türk xalqları-nın anlaşa biləcəyi ortaq ünsiyyət dili ilə bağlı idi. Keçirilən konfranslarda türkdilli xalqlar arasında vahid əlifbanın, ortaq ünsiyyət dilinin yaradılması mövzuları hər zaman müzakirə obyekti olub.

Bu gün türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən-günə yüksək səviyyəyə çatır. Türk dünyasının önündə həll edilməli bir çox problemlər dayanmaqdadır. Elm, mədəniyyət, sənət, iqtisadiyyat, texnologiya və sair sahələrdə qurulucaq əməkdaşlıqlar üçün əsas şərtlərdən biri və birincisi ortaq ünsiyyət dili və ortaq əlifba məsələsidir.

Ortaq ünsiyyət dili bütün türk xalqları üçün anlaşılan vahid dil vasitəsinin tətbiqi yolu ilə təmin edilə bilər. Eyni dildə danışan insanlar ünsiyyəti, təbii ki, öz ana dillərində qururlar. Ana dilləri fərqli olan və bunun nəticəsində bir-birini başa düşməyən insanlar isə ancaq bildikləri ortaq bir xarici dildə ünsiyyət qurmaq məcbu-riyyəti qarşısında qalırlar. Türk xalqların dilləri bir-birinə çox yaxındır: Türkiyə türkcəsi Azərbaycan türkcəsinə, qazax türkcəsi qırğız türkcəsinə, özbək türkcəsi uyğur türkcəsinə yaxındır. Lakin Türkiyə türkcəsində qazax, türkmən, altay və digər türkdilli xalqların bir-birini başa düşməsi heç də asan deyil.

Türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması günümüzdə çox böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan türk xalqları arasında ümumi ünsiyyət dilinin formalaşdırılması zəruridir. Bunun üçün isə ortaq əlifba, lüğət tərkibi (sözlük), ortaq terminologiya yaradılması, ortaq dərsliklərin hazırlanıb nəşr edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Türk dünyasının dildə, fikirdə, əməldə birliyinin təmin edilməsi zərurətini dilə gətirən İsmayıl bəy Qaspıralının ideyaları bu gün türk dövlətlərinin elmi, mədəni, siyasi və iqtisadi əməkdaşlığı nəticəsində gerçəkləşə bilər. Hazırda bunun üçün olduqca əlverişli şərait yaranmışdır.

Türk dünyasında, alimlər arasında ortaq ünsiyyət dilinin hansı türkcə olacağı, formalaşdırılması mövzularında bu gün üçün bir vahid (qəbul edilən) bir fikir yoxdur. "ortaq türkcə", "ortaq dil", "ortaq ədəbi dil", "ortaq türk yazı dili", "ortaq ünsiyyət dili", "ortaq türkcə" kimi terminlərlə ifadə edilən və hər kəsin fərqli anlayışlar  kimi qəbul etdiyi yanaşmaları aşağıdakı şəkildə qruplaşdıra bilərik:

1. Türk dillərinin bugünkü quruluşuna görə ortaq bir ünsiyyət dilin yaradılmasının mümkünsüzlüyü.

2. Bütün türk dillərini əhatə edə biləcək, hər dildən müəyyən ortaq xüsusiyyətlər götürülməklə ortaq bir türkcənin yaradılması.

3. Eyni qrupa mənsub türk dillərinin öz daxilində ortaq bir dil müəyyənləşdirmələri (Oğuz qrupunun ortaq dili, qıpçaq qrupunun ortaq dili və s.).

4. Türk dünyasında ortaq ünsiyyət dili kimi Türkiyə türkcəsinin istifadə edilməsi.

Ortaq ünsiyyət məsələsi əlbəttə, bu gün ən aktual məsələlərdən biridir. Ancaq əfsuslar olsun, cəmiyyətimiz tərəfindən bu məsələ bəzən yanlış ifadə olunduğu üçün hətta bəzən elə yanlış fikirlər eşidirik ki... Cəmiyyətdə belə bir yanlış təsəvvür var ki, ortaq ünsiyyət dili, ortaq türkcə dedikdə Türkiyə türkcəsini nəzərdə tuturuq. Ümumiyyətlə, yaradılacaq ortaq dilə hansısa bir türkdilli ölkənin dilinin hegemonluğu və ya üstünlüyü aspektindən baxmaq olmaz. Türk dünyasında ortaq ünsiyyəti həyata keçirəcək bu dil (ortaq dil) bütün türk dillərinin ortaq xüsusiyyətlərini özündə daşıyacaq. Düşüncələrə aşılanmalıdır ki, yaradılmasını istədiyimiz ortaq ünsiyyət dili (Ortaq Türkcə) türkdilli ölkələr arasında ancaq və ancaq ünsiyyətin təmin edilməsi üçün nəzərdə tutulur. Burda müstəqil qrammatikaya sahib bir dilin yaradılması nəzərdə tutulmur.

Sevindirici haldır ki, bu gün türk dünyasında ortaq ünsiyyəti dili funksiyasını Türkiyə türkcəsi öz üzərinə götürüb. Bunun isə bir çox səbəbləri var: Türkiyə Cümhuriyyətinin əhalisinin sayı, iqtisadi-siyasi gücü, türkdilli ölkələrlə olan elmi, ədəbi, mədəni əlaqələri və s.

Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə türkcəsinin bu gün türk dünyasında ortaq dil statusu qazanması digər türk dillərindən üstün olması kimi qəbul edilməməlidir. Təmiz, saf türkcə prizmasından baxsaq, bu gün Azərbaycan dili, Krım tatarcası, qazax türkcəsi və digər türkcələr istər söz ehtiyatının zənginliyi, istərsə də qrammatik quruluşu və əlifbası baxımından ortaq dil olma potensialına sahibdirlər. Burda əsas diqqət edilməli məqam Türkiyənin bu gün türk dövlət və topluluqları ilə bütün sahələrdə olan əlaqələridir ki, Türkiyə Cümhuriyyəti bu münasibətləri çox böyük həssaslıqla və yüksək səviyyədə həyata keçirir. Əslində, ortaq dil məsələsindəki qarışıqlıqdan da uzaq durulmalıdır. Onsuz da bu zamanla öz-özlüyündə həllini tapacaqdır.

Ortaq ünsiyyət dilinin formalaşdırılması artıq günümüzün türk dünyası üçün tələbədir. Bu, bir zərurətdir. Türk dünyasının bir-biri ilə ünsiyyəti üçün mütləq bir ortaq dilə ehtiyacı var. Bu gün türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən-günə daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün türk xalqları arasında əlçatan və səmərəli ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi olduqca zəruridir ki, bu da öz növbəsində, türkdilli dövlətlərin və cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaqdır.

 





11.04.2021    çap et  çap et