525.Az

Milli Kitabxananın Özbəkistan kitabxanaları ilə əlaqələri müzakirə edilib


 

Milli Kitabxananın Özbəkistan kitabxanaları ilə əlaqələri müzakirə edilib<b style="color:red"></b>

Aprelin 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru Kərim Tahirov rəhbərlik etdiyi kitabxana haqqında, onun fəaliyyəti barədə ətraflı məlumat verib, pandemiya şəraitində oxucuların sorğularının onlayn qaydada operativ şəkildə ödənildiyini qeyd edib.

Kərim Tahirov iki ölkə arasındakı sıx əlaqələrin kitabxana sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Milli Kitabxanada mütəmadi olaraq keçirilən beynəlxalq sərgi və konfranslarda Özbəkistandan olan nümayəndələr daim böyük məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyildir ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan Beynəlxalq əməkdaşlıq zalında Özbəkistanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə dair bir guşə də vardır. Bu zalda həmin ölkənin milli kitabxanası ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Bütün bunların iki qardaş ölkə arasındakı doğma münasibətdən irəli gəldiyini bildirən Kərim Tahirov yaxın zamanlarda Özbəkistan Milli Kitabxanasında da Azərbaycana dair belə bir guşənin açılacağına ümid etdiyini bildirib.

Azərbaycan ilə Özbəkistanın ortaq mədəniyyətə və ədəbiyyata sahib olduğunu bildirən Əsədcan Xocayev iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab, qəzet və jurnal mübadiləsinin əhəmiyyətindən söz açıb.

Görüş zamanı Əsədcan Xocayev Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında 2008-ci ildə imzalanan əməkdaşlıq haqqında Memorandumun yenilənməsinə ehtiyac olduğunu da qeyd edib.

Bu təklifə müsbət münasibət bildirən Kərim Tahirov diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə "Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı" layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus qiymətli əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya gətirilməsi layihəsini "Nizami Gəncəvi ili" çərçivəsində də davam etdirir. O, Əsədcan Xocayevdən Özbəkistan Milli Kitabxanasında olan Nizami Gəncəvi əlyazmalarının rəqəmsal sürətlərinin Milli Kitabxanaya verilməsinə köməklik göstərməsini xahiş edib. Qonaq böyük məmnuniyyətlə bu məsələdə öz dəstəyini göstərəcəyini vurğulayıb.

Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra Əsədcan Xocayev Milli Kitabxananı ziyarət edib, nadir kitablar və kitabxana muzeyi şöbəsi və beynəlxalq əməkdaşlıq zalı ilə tanış olub.

 





11.04.2021    çap et  çap et