525.Az

Gənc musiqiçidən nazirə müraciət


 

Gənc musiqiçidən nazirə müraciət<b style="color:red"></b>

Gənc musiqiçi, aktyor Vüsal Rzasoy özünün yeni layihəsilə bağlı Mədəniyyət naziri Anar Kərimova açıq müraciət ünvanlayıb.

Onun şəxsi Feysbuk profilində paylaşdığı müraciətdə deyilir:

"Cənab Anar Kərimov!

Mən, Vüsal Vahid oğlu Rzasoy 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda dünyaya gəlmişəm. Azərbaycan Dövlət Neft Akademiyasınının məzunuyam. Hazırda Bakı Musiqi Akademiyasında vokal üzrə təhsil alıram. 2015-ci ildə Litvada əcnəbilərin birlik konsertində, 2016-cı ildə Litvada "Orta əsrlər" rok-folk musiqi və mədəniyyət festivalında, "Latviya Mədəniyyətlərarası Festival"da iştirak etmişəm.

2017-2019-cu illərdə "Pantomima" teatrında aktyor kimi fəaliyyət göstərmişəm.

2020-ci ildən Azərbaycan tarixi, aşıq ədəbiyyatı, el deyimləri, Azərbaycanın yaşadığı faciələri özündə əks etdirən şeirlərə musiqi yazır, ifa edirəm. Paralel olaraq qopuz, balabanda ifa etməyi öyrəndim. İllərlə məşğul olduğum rok musiqisinə Azərbaycan folklorunu, xüsusilə aşıq yaradıcılığı, bayatılar, xalq dastanlarını sintez edərək ifa edirəm. Məqsədim Azərbaycanın aşıq ədəbiyyatını, folklorunu gəncliyə, dünyaya fərqli formada çatdırmaqdır. Həmçinin, Azərbaycanın əsrlərlə yaşadığı faciələri, Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımızın qan yaddaşını real tarixçələrlə, sadə dillə insanların yaddaşında yeniləmək istəyirəm. Düşünürəm ki, xalqın həqiqi yaddaşı məhz el deyimləri, qopuz, aşıq ədəbiyyatı ozan dili, ozan musiqisi ilə çatdırılmalıdır.

Məqsədimi reallaşdırmaq üçün rok qrupun yaradılması, mahnıların yazılması üçün şərait lazımdır. Bu yolda məqsədim, hər hansı maddi gəlir və ya karyera qurmaq deyil. Məqsədim Azərbaycanı, Azərbaycanın tarixini, faciələrini rok-folklor, ozan dilində müasir formada dünyaya çatdırmaqdır.

Sizin bu yolda mənə dəstək olacağınıza ümid edirəm".

 





11.04.2021    çap et  çap et