525.Az

Dördüncü Dünya müharibəsi təhlükəsi - Xaqani Cəfərlinin şərhi


 

Dördüncü Dünya müharibəsi təhlükəsi - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Son bir əsr ərzində iki qaynar, bir soyuq müharibə yaşamış bəşəriyyət addım-addım Dördüncü Dünya müharibəsinə yaxınlaşır. Rusiyanın Ukrayna ilə sərhəddə ordu cəmləşdirməsi, hərbi səhra infrastrukturu yaratması bu iki keçmiş Sovet respublikası arasında müharibə təhlükəsinin nə qədər yaxın olduğunu göstərir.

Bu azmış kimi, ABŞ-ın Teodor Ruvelt təyyarə daşıyıcı gəmisinin başçılıq etdiyi zərbə qrupu Cənub Çin dənizinə daxil olub. Rəsmi Vaşinqton bu addımını Çinin dəniz qüvvələrinin Filippinə qarşı təxribatı ilə izah edir. Çinin dəniz qüvvələrinə məxsus 220 döyüş qayığının Filippinə məxsus adaların yaxınlığında cəmləşməsi Pekinin mübahisəli adaları ələ keçirməyə cəhd etməsi kimi dəyərləndirilir. Ümumiyyətlə, Çinin Filippin, Vyetnam, Malayziya, İndoneziya və Tayvan ətrafındakı sularda möhkəmlənmək cəhdini ABŞ müttəfiqlərinin suverenliyinə təhlükə kimi dəyərləndirir. Eyni hal Yaponiya yaxınlığındakı adalar ətrafında da baş verir.

Aydın görünür ki, hər iki bölgədə də müharibə təhlükəsi çox yüksəlib. Vəziyyət o həddə çatıb ki, region ölkələri müharibə başlayacağı halda hansı mövqe tutacaqlarını bəyan etməyə başlayıblar. Bu məqam aydın göstərir ki, dövlət başçıları müharibə təhlükəsini çox yüksək qiymətləndirir və tərəflərə mövqelərinin nədən ibarət olacağı ilə bağlı açıq mətnlə mesaj verirlər.

Siyasi təhlilçilər hesab edirlər ki, Avrasiyanın iki bölgəsində müharibə təhlükəsinin qarşısını yalnız ABŞ-ın qətiyyətli addımı ala bilər. Teodor Ruvelt təyyarə daşıyıcı gəmisinin başçılıq etdiyi zərbə qrupunun Cənub Çin dənizinə daxil olmasını ABŞ-ın müttəfiqlərini qoruyacağı anlamında Vaşinqtonun Pekinə çox açıq mətnli mesajı kimi dəyərləndirən siyasi təhlilçilər Ağ evdən eyni mövqeni Rusiyaya münasibətdə də göstərməsinin zəruriliyini qeyd edirlər. Lakin bu, o qədər də asan deyil. Çin iqtisadi sahədə ABŞ-la rəqabət aparacaq gücə malik olsa da, hərbi sahədə Pekin zəif olduğunun fərqindədir və bu səbəbdən də müharibənin olmasında maraqlı deyil. Ancaq Pekində çox yaxşı anlayırlar ki, Rusiya ilə Ukrayna arasında müharibə olacağı və Cənubi Çin dənizində gərginliyin artacağı halda ABŞ çox ciddi seçim qarşısında qalacaq. Vaşinqton eyni zamanda iki fərqli bölgədə iki müharibənin iştirakçısı olmağı arzu etmir. Doğrudur, Pentaqonun yüksək çinli təmsilçiləri ABŞ-ın iki fərqli bölgədə müharibəyə hazır olduğunu və qələbə qazana biləcəklərini bəyan edirlər. Ancaq Pentaqonda da bunun çox arzuolunmaz və nəhəng resursların itirilməsi demək olacağını etiraf edirlər. Koronavirus pandemiyasının ağır nəticələrinin ardınca iki cəbhədə hərbi əməliyyatları Vaşinqtonun siyasi rəhbərliyi əsla arzulamır.

Siyasi təhlilçiləri də narahat edən əsas məsələ budur. Bir çox nüfuzlu təhlilçilər hesab edirlər ki, müharibənin səbəbi də məhz Vaşinqtonun tərəddüdü ola bilər. Hitler Almaniyasının işğalçılıq niyyətlərinin də məhz dövrünün böyük dövlətlərinin tərəddüdünün nəticəsində müharibəyə çevrildiyini qeyd edən təhlilçilər ABŞ-ın qətiyyətli hərəkət etməyəcəyi halda Rusiya ilə Ukrayna arasında savaşın qaçılmaz olacağını qeyd edir, buna görə də rəsmi Vaşinqtonu qətiyyətli davranmağa çağırırlar.

Vaşinqton isə Cənubi Çin dənizində qətiyyətli davrandığı kimi, Ukraynaya münasibətdə eyni qətiyyəti göstərmir. Doğrudur, ABŞ Ukrayna rəsmilərinə Rusiya ilə qarşıdurmada siyasi dəstəklərini ifadə edirlər. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün bölgəyə özünün hərbi qüvvələrini göndərmir. Bu isə belə görünür ki, Rusiyanı hərbi əməliyyatlara başlamağa şirnikləndirir. Rusiya Prezident Administarsiyası rəhbərinin müavini Dmitri Kozak Ukraynanı məhv edəcəkləri ilə hədələyib. Doğrudur, Rusiya rəsmisi bunu Ukraynanın Rusiya vətəndaşlarına zərər verəcəyi halda baş verəcəyini bildirib. Məlum olduğu kimi, Rusiya Ukraynanın separatçı bölgəsinin sakinlərinə vətəndaşlıq verib. Rəsmi Kiyev isə separatçı bölgələr üzərində özünün suverenliyini təmin etmək niyyətindədir. Digər tərəfdən, hər gün separatçı bölgələr tərəfindən Ukrayna ordusuna qarşı təxribatlar həyata keçirilir. Ukrayna ordusunun cəbhə xəttində hər gün itki verməsi artıq rəsmi Kiyevin səbrini daşırmaq üzrədir. Ukrayna müxalifətinin qəti tədbirlər görmək tələbinə hakimiyyət təmsilçiləri də qoşulmağa başlayıblar. Prezident Vladimir Zelenski də müharibə tərəfdarlarına müqavimət göstərməkdə çətinlik çəkir. Doğrudur, Ukrayna prezidenti müharibə tərəfdarı deyil və separatçı bölgələr üzərində nəzarətin bərpasını ölkəsinin NATO-ya üzvlüyündə görür. Amma bu fikrin səslənməsi belə, Moskvada fırtına qoparır. Rusiya rəsmiləri Ukraynanın NATO-ya üzv olmasına yol verməyəcəklərini açıq şəkildə ifadə edirlər.

Hələlik isə Rusiya-Ukrayna sərhəddində gərginliklə pararlel Pekinin xarici siyasəti daha təcavüzkar xarakter alır. Bu iki amil bəşəriyyəti hər ötən gün iki qaynar, bir soyuq müharibənin ardınca dördüncü müharibəyə sürükləyir.

Baş vermə ehtimalı çox yüksək olan Dördüncü Dünya müharibəsinin ölkəmizə də təsir edəcəyi ehtimalı çox yüksəkdir. Əgər hərbi əməliyyatlar başlasa, Azərbaycanın strateji müttəfiqi Türkiyə bu prosesdən kənarda qala bilməyəcək. Doğrudur, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı halda hərbi əməliyyatların qarşısını siyasi vasitələrlə almağa çalışacağını bildirir. Ancaq Türkiyənin üzv olduğu NATO hərbi əməliyyatlara başlasa, Ankara uzun müddət bitərəf qala bilməyəcək. Eyni zamanda, Ukrayna ilə Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsinin də mövcud olduğunu nəzərə alsaq, Ankaranın Kiyevin tərəfindən çıxış etməyə vadar ola biləcəyi nəzərə alınmalıdır. Müharibənin sonunda sərhədlərin dəyişəcəyi ehtimalını da nəzərə alanda, hərbi əməliyyatlara qoşulmaq istəyinin gec-tez bütün bölgə ölkələrini özünün cazibəsinə salacağı ehtimalını xeyli yüksəldir.

 





12.04.2021    çap et  çap et