525.Az

Vətəndaş müharibəsi Myanmanı çökdürür


 

Vətəndaş müharibəsi Myanmanı çökdürür<b style="color:red"></b>

Çin-ABŞ rəqabətinin nəticəsi kimi dəyərləndirilən Myanmadakı hərbi çevrilişdən sonra başlayan vətəndaş müharibəsi onsuz da ağır vəziyyətdə olan ölkə iqtisadiyyatını çökdürür.

Hərbi çevrilişdən ötən müddət ərzində ölkədə baş verən etirazlarda və zorakılıqlarda bir neçə yüz insan, o cümlədən, onlarla azyaşlı həyatını itirsə də, Myanmada sabitlik yaranmır. Ölkə həbsxanaları və müvəqqəti saxlanılma yerləri hərbçilərin həbs etdiyi şəxslərlə dolu olsa da, ölkədə etirazlar dayanmır.

Hərbi çevrilişlə barışmayanlar isə etiraz aksiyalarının formasını dəyişməklə yanaşı, "Federal ordu" yaradılmasına da çalışırlar. Aydın görünür ki, Myanmada sabitliyi bərpa etmək uzun müddət mümkün olmayacaq. Hərbçilər etirazların qarşısını qan tökməklə alsalar da, tətilləri dayandırmaqda acizdirlər. Bir çox müəssisələr fəaliyyətini dayandırıb. Bunun səbəbi isə yalnız hərbi çevrilişə qarşı etiraz forması olaraq keçirilən tətillərlə bağlı deyil. Əksər böyük şirkətlər, xüsusi ilə də əncəbi şirkətlər məhz təhlükəsizlik səbəbindən fəaliyyətini dayandırıb. Hərbçilərin avtomobilləri atəşə tutması nəticəsində Shinhan Bankın cənubi koreyalı əməkdaşının ölümündən sonra əksər əcnəbi şirkətlər fəaliyyətlərini dayandırmaq qərarı verib. İş o yerə çatıb ki, Myanmanın limanlarında yüklərin daşınmasında da ciddi problemlər yaranıb. Tətil səbəbindən yüklər günlərlə boşaldılmır və ya yüklənmir.  Ölkədə bankların fəaliyyəti də iflic vəziyyətindədir. İnsanlar banklardan pullarını çıxarmaqda çətinlik çəkirlər. Xüsusilə də, ABŞ dolları ilə bağlı ciddi problemlər var. Ancaq hər kəs anlayır ki, bu, yalnız başlanğıcdır.

Çünki beynəlxalq münasibətlərdə yaşanan gərginlik Myanmadakı proseslərə də təsir edir. Myanmadakı hərbi çevrilişin Çinin dəstəyilə həyata keçirildiyi məlum idi. İndi isə Rusiya da çevrilişçiləri dəstəkləməyə başlayıb. Hərbi çevrilişçilərin Silahlı Qüvvələr Günü münasibətilə keçirdiyi hərbi paradı müşahidə edən əcnəbi qonaqlar arasında ən yüksək vəzifəli şəxs Rusiyanın Müdafiə nazirinin müavini Aleksandr Fomin olub. Müşahidəçilər bunu Moskvanın hərbi xuntaya dəstəyi kimi şərh edirlər. Belə görünür ki, Rusiya Suriyanın ardınca daha bir ölkədə daxili qarşıdurmanın tərəfinə çevrilmək ərəfəsindədir. Rusiya Myanma ordusunu silahla təchiz edən iki əsas ölkədən biridir. Moskva hərbi xuntanı dəstəkləməklə silah satışını artırmağı düşünür. Rusiya və Çin Myanmada özlərinin maraqlarını həyata keçirməyə çalışdıqları bir zamanda  ölkə vətəndaşları artan zorakılıq və iqtisadi böhrandan canlarını qurtarmaq üçün başqa ölkələrə qaçırlar. Artıq minlərlə adam qonşu ölkələrə, əsasən də Tailanda qaçıb. Müşahidəçilər Myanmada zorakılıqların davam edəcəyi halda qaçqınların sayının bir neçə milyona çatacağı haqda xəbərdarlıq edirlər. Hələlik isə proseslər məhz bu qorxulu ehtimallara doğru inkişaf edir.

 





11.04.2021    çap et  çap et