525.Az

Dirilərin ölülərə "memento mori" baxışı - El Roman yazır


 

Dirilərin ölülərə "memento mori" baxışı - <b style="color:red">El Roman yazır </b>

XIX əsrdə fotoaparatın kəşfi və sonradan onun sürətlə yayılması, paranormal hadisələri də özü ilə birlikdə gətirdi. Mənzərə, küçə, müharibə şəkilləri bir kənara, artıq ölülərin də şəkli çəkilməyə başlanıldı.

Adı "memento mori", yəni "ölümü xatırla" olaraq bilinən bu qəribə adət, hələ XIX əsrdə öz yaxınlarını itirən insanlar tərəfindən ölən şəxslə birlikdə son bir xatirə saxlamaq üçün çəkilirdi. İnsanlar ölünü təmizləyib bəzədikdən sonra canlı  insan kimi onun şəkillərini çəkirdilər. Təbii olaraq, nəticədə bir-birindən ürküdücü şəkillər ortaya çıxmış olurdu.

Qeyd etdiyim kimi, bu ənənə də ilk dəfə məhz fotoaparatın kəşfi ilə ortaya çıxıb. Həmin əsrdə müharibələr və dünyada bir çox epidemiyaların yayılması, ölüm hallarının da artmasına gətirib çıxardı. Bir vaxtlar ölülərlə xatirələrini əbədiləşdirmək üçün rəssamlardan istifadə edən insanlar, yeni kəşfdən sonra rəssamlara ehtiyac duymadılar. Onlar bu ənənəni daha asan yolla davam etdirməyi üstün tutdular.  Şəkil çəkdirərkən ölü birinin ayaq üstə necə dayandığı sualını düşünənlər də ola bilər. Belə ki, şəkillərdə ayaq üstə dayanan ölülər, xüsusi mexaniki bir cihaz vasitəsilə onurğa, boyun və əl nahiyəsindən sabitlənərək dik şəkildə tutulurdu. Gözlərini açıq saxlamaq və üzlərinə digər emosional ifadələri vermək üçün isə, dodaq və göz hissələrində yapışqandan istifadə olunurdu.

XIX əsrdə çəkilmiş bu şəkillər, hər nə qədər qorxu filmlərindən alınmışa bənzəsə də, əslində, tamamilə həqiqəti əks etdirir və məsələni qat-qat tükürpədici bir hala salır. Lakin yeni yüzillikdə bundan daha da qorxuncu özünü göstərdi. XXI əsrdə selfi çəkimlərinin populyar olması ilə birlikdə, insanların ölülərlə şəkil çəkdirməsi halı, sözün əsl mənasında geniş vüsət alaraq, əvvəlki əsrlərə nisbətən daha çox yayılmağa başlayıb. İnsanlar ölən yaxınları ilə selfi çəkir, onu müxtəlif sosial şəbəkələrdə paylaşırlar. Üstəlik, şəklə başlıq kimi öz fikirlərini də çəkinmədən, rahat bir şəkildə yaza bilirlər. Təəssüf ki, hətta məzarlıqda belə ölən şəxslə ailəvi şəkil çəkdirənlər var.

Adama bir tərəfdən də maraqlı gəlir ki, şəkli çəkən şəxslər onu harada və kimə göstərmək üçün çəkirlər? Bu mövzudakı ana məqsədin tam olaraq nədən ibarət olduğu müəmmalı, bir o qədər də qaranlıq mövzudur.

Boş yerə deməyiblər ki, ölülərdən yox, dirilərdən qorxun... 

 

 





11.04.2021    çap et  çap et