525.Az

"Fikirləşmək"lə boğuşanda - Niyazi Mehdinin dil üzrə etüdlərindən


 

"Fikirləşmək"lə boğuşanda - <b style="color:red">Niyazi Mehdinin dil üzrə etüdlərindən</b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Bu yazının eklektliyi 

Oxuduğunuz etüd bilmirəm nə dilçi etüddür, nə linqvistik metodla yazılıb, nə fəlsəfidir, nə hansısa fəlsəfi konsepsiydan itlənib. Ancaq deyəsən, eklektikdir, çünki eklektika həftə-becər (yeddi göyərtinin qarışığı?) kimi bir şeydir. Sözün yunanca normal anlamı vardı, seçilmişliyi, sonalamağı bildirirdi. Sonradan fəlsəfiləşəndə ordan-burdan prinsipində türlü fəlsəfələrdən seçilib götürülmüş ideyaları yeni konsepsiya iddiası ilə qarışdırmış əsərləri bildirmişdi. İlk dəfə İsgəndəriyyəli Potamon (miladın 2-ci yüzili) bu sözdən öz məktəbinə ad qoymuşdu. Sonra 19-cu yüzildə eklektisizm bir memarlıq üslubunu bildirdi və ilk postmodern yapı sayıldı. Leninin "yüngül əli" ilə "eklektika" marksist-leninçi fəlsəfədə aşağılayıcı sözə çevrildi: kiminsə fəlsəfi baxışlarını ordan-burdan götürülmüş yamaq-yumaq kimi suçlamaq üçün "eklektika" sözündən istifadə etdilər. Miladın başlanğıcında bir ilginc filosof vardı, İsgəndəriyyəli Filon. Bu ellinləşmiş (yunanlaşmış) yəhudi düşünəri Platonu və İudaizmi gözəl bilirdi. Bir yeniliyi o idi ki, yəhudi dini hikmətləri ilə Platonun dedikləri arasında eynilik tapmışdı. Sonralar bu eyniləşdirmə paradiqmi Kəlamda (İslam sxolastikasında) Qurani-Kərimlə bağlı ağıllı düşüncələrə itələnti verdi. Bax, bu Filonu bütün Sovet fəlsəfə tarixçiləri böyük eklektik adlandırdılar, yəni demək istəyirdilər ki, fəlsəfəsi bir şey deyil, ancaq yenə də fəlsəfəyə və dinə xeyri olmuşdu.

İndi isə öz eklektikama keçim.

Bir alınma sözün alma məntiqsizliyi 

Mən filologiyada oxuyanda dilçi müəllimlərin söylədiyi sevimli deyim vardı: dilimizdə təmiz feillər arasında (yəni düzəltmə sözlərdən yaranmamış feillər arasında) ərəbcədən, farscadan alınma sözlər yoxdur. Yalnız feilləşdirilmiş isimlər və sifətlər alınma ola bilər.

Belə sözlərdən biri "fikirləşmək"dir. Bu sözün bizə gəlməsi qəribədir. "Düşünmək" olan yerdə hansı motivlərlə bizimkilər "fikir" ismini feilləşdirmişdilər? Nəinki feilləşdirmişdilər, hətta çox sevimli, çox yönlü sözə çevirmişdilər? Mən özüm "düşünmək" sözünü sönmə rejimindən çıxarmaq üçün tez-tez işlədirəm. Ancaq necə "fikir vermə/fikir ver", "fikrimə gəldi", "fikir eləmə", "fikirli olmaq" kimi gözəl variantlarda ərəbcədən arındırma işi aparasan?! Burada gözəlliyi öldürmədən əvəzləmə (substitusiya) aparmaq olmaz, yəni "fikir"in yerinə "düşüncə" qoymaq olmaz.

"Fikir"in "ləşdirmə" şəkilçisi ilə feilləşdirilməsi mənə qəribə gəlir. Çünki çox süni (qurama) olsa da, yaman doğmalaşıb. Sözsüz, istənilən ərəb-fars isminə "ləşdir"məni artırmaqla onu feilləşdirmək olar. Elə "feilləşdirmək" özü buna bir örnək. Ancaq "feilləşdirmək"lə və ya özümüzün "yaxşılaşdırmaq" sözü ilə "fikirləşmək" arasında zorla sezilən semantik fərq var. "Feilləşmək" feil olmağı, feilə çevrilməyi bildirir. Fikrləşmək isə fikrə çevrilməyi yox, fikir etmək eyləmini bildirir. Nədən bizim türkcə gözəl-göyçək "düşünmək" sözümüz ola-ola morfoloji baxımdan qondarma "fikirləşmək" sözünü qurub sonra da işlədə-işlədə bu qədər varitantlarşdırıb?!

Baxın, görün özümüzün "düşünmək" kəlməsində necə ləzzətli anlamlar, anışmalar gizlənib. Onun kökü "düş" Ortaçağda "us" variantında ağılı bildirirdi. "Huşumdan çıxdı" sözündəki "huş" "düş"dəndir. İndiki Anadolu türkcəsində "us" çevik, vermili fəlsəfi sözə çevrilib. Biz isə Kantdan, Heqeldən yazanda "razum", "rassudok" fərqlərini bildirmək üçün ərəbin "zəka", "təfəkkür" sözlərinin arasında vurnuxuruq və yenə uğurlu variant tapammırıq. 

Hər dönəmdə dilin yeni xalları

Dönəmlər sanki bir-birinin içindən çıxır. 90-cı illər 80-ci illərdən çıxıb və bu qatar həmişə var. Dönəmlərdən sonrakılar öncəkilərdən çıxanda özləri üçün xeyli nəsnə çıxarırlar, ancaq həm də hər dönəm ulusun tarixinə öz yeniliklərini artırır. Bizim indimiz hələ də 80-ci illərdən çıxardığı "Jiquli"dən orda-burda istifadə edir. Ancaq 80-ci illər tində yığışıb tum çırtlayan "cayıllara" öyrəncəkli idi, di gəl o illərin mühitindən ayrılmamış "köhnə kişilər" hələ də saatlarla Ayfonuna baxıb nəyisə oxuyan qız və oğlan siluetinə alışammırlar.

Bax, belənçi yeniliklər dildə özlərinə ad alanda dilə can verirlər. "Selfi" sözü, beləcə, ingiliscənin yetənəklərindəndir. Görün, nə qədər yumor səhnələri, zarafatlar, hətta ideyalar "selfi"nin işlənməsindən doğub.

Çağımızda azəri türkcəsinin ciddi problemi odur ki, yeni olaylar və durumlarla bağlı məsələdə qısır dil təsiri bağışlayır. Sözsüz, reklamlar dil yaradıcılığına öz itələntisini verir. "Snikerləş" reklam çağırışı 20-30 il öncə TV-də səslənə bilməzdi. Sözsüz, indi yazarlar Sovetlərdə ola bilməz məqalə, hekayə adları ilə azəri türkcəsini zənginləşdirirlər. 20-30-cu illər "Göləqarğısancan" (Aqşin Yenisey) ad tipində roman adı olmazdı. Ancaq yenə də dilimizdə çağa qısırlıq güclüdür. Niyə?

Yaxşının kosmosundan

Yaxşılığın çətinliyi

Bir daha bu adi fikri təkrar edim: yaxşı - gərəkli, yararlı olandır. "Yaratmaq" feili də yararlı olanı, yəni nə üçünsə, yaxşı olanları tapmaq, düzəltmək ideyasından törəyib.

İndi isə yaxşı olmağın, yararlı etməyin çətinliyindən bir neçə kəlmə. Dünyada yaxşının payını artırmaq çətindir. Dünya qaçıb qabağa gedir, dünən yararlı olan bu gün yararsız olur. Dünyanı haqladığın an üçün yararlını tapmalısan. Ona görə də yararlını tapmaq yaradıcılığı tələb edir. Bir tarixi fakt. İsrail oğulları üçün döyüşkənlik və igidlik uzun sürə yararlı idi və deməli, yaxşı idi. "İsrail" adını, yəni "Tanrının cəngavəri" adını Tövrata görə Allah Yaquba onunla güləşə çıxdığı üçün vermişdi. Deməli, döyüşkənlik ruhu İsrailin adına da yazılıb. Miladın I yüzilində yəhudilər müstəqillikləri üstündə romalılarla savaşanda başçıları qərara gəldi ki, dövlətlərini itirməkdənsə, savaşda bütün yəhudilərin qırılması daha yaxşıdır (yararlıdır). Yanız bir nəfər, - Rəbbi Yohan ben Zakkai bu qərarı pozdu. Yerusəlimi xəlvətcə tərk edib Roma sərkərdəsi Vespasiana təslim oldu. Bu təslimçiliyin əvəzində şərt qoydu ki, romalılar ona yəhudi Akademiyası yaratmağa icazə verəcək. Vespasian imperator olandan sonra ben Zakkaiyə Akademiya açmaq üçün tam şərait yaratdı. Yəhudi Akademiyasından isə diasporalardakı məktəblər çıxdı. Deməli, ben Zakainin hərəkəti Yerusəlimdə qalanlar üçün xəyanət (yaramazlıq) idi. Ancaq yəhudi ulusunun gələcəyi, tarixdən salamat çıxması üçünsə yararlı oldu.

Beləcə, Rəbbi ben Zakai yəhudi diasporunun banisi sayılır. Onun diasporda yaratdığı bilik, təhsilə sevgi mühiti ona gətirib çıxardı ki, dünyaya səpələnmiş yəhudi icmaları dünyaya çoxlu-çoxlu müdriklər, elm adamları verdi.

(Maks Veber İsqəndəriyyəli Filondan çıxış edib yazır ki, yəhudilər ta əskilərdən başqa uluslara baxanda daha erkən orta məktəb tipində təhsil alırdılar: bu zaman onlar sistematik-kazuistik düşüncə və bilik yönlərini mənimsəyirdilər. Bütün bu gələnəyin sonucu idi ki, Yeni çağda  Doğu Avropada yalnız yəhudilər uşaqlıqdan savadlı idilər. Yəhudi ənənəsində kitab müdrikliyinin bu roluna görədir ki, ta əskidən yəhudilər məktəb görməmiş adamları "am qaresa", yəni allahsız adlandırırdılar).

Beləliklə, silahda yenilmiş yəhudilər elm və iqtisadi bacarıq sayəsində bütün ağır sınaqlardan salamat çıxdılar və axırda, öz vətənlərinə qayıdıb balaca İsraili bütün dünyaya tanınan yer etdilər. 

Nəyin yararlı olduğunu tanımağın problemləri 

Yararlı ilə yararlı olmayanın (yaramaz olanın) tanınması çox vaxt çətin olur. Nəyin yararlı olmasını bilmək çətin olduğu üçün də bu dünyada bir xeyli adam öz yaramazlıqlarını yararlı kimi tanıdır, başqa bir xeyli adam isə öz yararlı işlərinin yaramaz olmadığını sübut edənəcən min danlaq qazanır 

Yaxşıların xaosu 

"Yararlı olanlar yaxşıdır" cümləsinin, gördük ki, yaman aydınlığı var. Həndəvərimizdəki yararlı nəsnələrin, yararlı eyləmlərin üstünə "yaxşıdır" sözünü qoyanda bir rahatlıq, aydınlıq qazanırsan. Ancaq "yaxşı" anlayışını dəbərdəndə Xaosun baş itirən, baş gicəlləndirən qarmaqarışıqlığı qarşısında çaşqın durursan. Bir xeyli yaxşı nəsnələr insan üçün tələyə çevrilə bilər. Sonra, bir soru da var, yaxşını tam nisbiləşdirir: "Baxır nəyə görə yaxşıdır?" Bu sual o zaman ağıla gəlib ki, "yaxşı" anlayışında əsl yaxşılarla saxta yaxşıları ayırmaq ideyası ortaya çıxıb. Boyunu vurmaq üçün qilyotin ixtira olunanda, bu cihaz edam əməliyyatı üçün çox yararlı olduğundan çox yaxşı sayılıb - (hər halda cəlladların, hakimlərin gözündə). Ancaq normal adam eşidəndə ki, insan qəssabları qilyotinə yaxşı deyirlər, tükü ürpəşir. Normal adam belə nəsnələri yaxşılıq qiyafəsində görünən alçaq nəsnələr sayır. 

Yaxşı və uğur məsələsi 

Ancaq XX yüzil irəli sənaye ölkələri "yaxşı" haqqında bu əxlaqi idealizmə qarşı operasional naqqallığı (naxallığı?!), üzlülüyü qoyub və buna görə də bazar iqtisadiyyatına, sənaye gəlişməsinə uyarlı insan psixolojisini, xasiyyətini törədib, Bu, Batı, Qərb ölkələrində geniş yayılmış uğur fəlsəfəsidir. Uğur fəlsəfəsi aydırır ki, çağdaş insanın əsas pafosu, yəni varlığını bürümüş istək, canatım uğur olmalıdır. Uğur qazanmağın göstəriciləri də var: şəxsi avtomobilin markası, övrətin gözəlliyi, appartamanın böyüklüyü, təsir dairəsinin genişliyi, aylıq gəlir və s. Bu mədəniyyətdə "sən uğursuz adamsan" cümləsi (ya başqası sənə deyəndə, ya özün özünə deyəndə) ən böyük fəlakət sayılır. Bu cümlə ilə qadınlar kişilərini atırlar. Bu cümlə ilə uşaqlar ataya sayğı, sevgi göstərməmələrinə əsas tapırlar (gələnəksəl cəmiyyətlər həmin cümləni bilməzdilər).

Bəs uğurlu kimdir? Hər şeydən yararlanmağı bacaran. Batının uğurlu adamı dünyanı böyük bir bazar kimi görür. Burada hamı satılıb-alınan maldır, tavardır. Malı tez alınan etmək üçün reklama, jıq-jıq kağıza, gözəl qutuya bükməyə gərəklər var. Sən də uğurlu olmaq istəyirsənsə, özünü ürək alan, ağız sulayan "qutuya" qoymağı bacarmalısan. Və sonucda tənbəllik enerjili adam "qutusuna" girir, insan şənlik gülüşünə bürünmək üçün dişlərinin ağappaq görünməməsini özünə dərd edir.

Şərlə Xeyirin əbədi tanqosu 

Fəlsəfələr və öyrətilər var ki, Xeyiri Şərin, Şəri də Xeyirin tərs üzü sayır. Ta əskidən sual olub ki, Yaxşının, Xeyirin müəllifi Allahdırsa, bəs Yamanın müəllifi kimdir? Bu, çox gərgin sorudur. Əski gələnək Yamanı İblislə bağlayır. Ancaq o zaman belə çıxır ki, Allahın qüdrətinə bürünmüş gerçəkliyə həmin qüdrətdən qıraqda duran İblis həmlələr edir. Bəzi ilahiyyatşünaslar, filosoflar Allahın qüdrətini belə zəiflətmək istəməyiblər. Ona görə də deyiblər ki, Şər də Allahın qüdrətinin içindədir. Yəhudilərin Kabbalasında Şərin, Yamanın Allah iradəsi ilə bağladılması, görün, necə edilir: Allahın Məhkəməsi onun bir sifətini açır. Yəni Allah həm də məhkəməyə çəkəndir. Məhkəmə isə ola bilər o zaman, nə zaman ki, Xeyirlə Şərin dramı var. Şərsiz nə məhkəmə?!

Beləcə, İblis dünya dramını yaratmaq üçün Allahın bir təzahürü olur. Bunu yəhudilərdə Kabbala söyləyib. Ancaq xristianlarda yepiskop Markionun yaratdığı bir cərəyan olub. Həmin cərəyan da çox əcaib şəkildə İblislə Tanrını əlaqələndirmişdi. Oxşar prinsipi biz yezidi kürdlərdə də görürük. Yezidilik, əslində, İslam çərçivəsində formalaşıb. Onun əsas dini ideyası budur ki, Allah-təala İblisi bağışlayıb. Bundan sonra İblis də o biri Yaxşı mələklərdən biri olub. Yezidilər, bax, bu bağışlanmış Yaxşı mələyi üstün tuturlar, güman ki, onu Allahın güclü təcəllisi sayıb ona sitayiş edirlər. Belə bir situasiya qıraqda duranlarda elə təsəvvür yaradır ki, yezidilər Şər müəllifi İblislə Allahı əvəz edirlər. Buradan da yezidilərə ikrah yaranır

 





12.04.2021    çap et  çap et