525.Az

O qədər müqəddəssən ki... - Gülay Tahirlinin şeirləri


 

O qədər müqəddəssən ki... - <b style="color:red">Gülay Tahirlinin şeirləri</b>

Əziz Şuşa,
Gözlərimin getdiyi yolu
Ayaqlarım gedə bilsəydi,
İndi çoxdan sənin qoynunda idim.

Pəncərəmdəki çiçəklər inciyib məndən,
Onlara baxa-baxa xarıbülbülü düşünmüşəm deyə.
Günəşin də qəlbi qırılıb
Sənsiz günlərdə istisində üşümüşəm deyə.

Şuşam, səni sevmək Tanrını sevmək kimidir.
Görmədən vurulmuşam hər qarışına,
Enişinə, yoxuşuna,
Çətir şəlalənin axışına...

Üzeyirin bəstəsini
Sənin qoynunda dinləmək var hələ,
Müqəddəs torpağında yumub gözlərimi
"Xudayar təsnifi"ndə itib batmaq...
Bilirəm, bu dəfə başqa cür danışacaq
Natəvanın qəzəlləri.
Canlanıb dilə gələcək
Vaqifin gözəlləri.

Gəlirik, Şuşam!
Sən həmişə bizimsən - bilirik, Şuşam!
Bilirik, altı qırmızı olan torpağın
Üstü həmişə yaşıl olar!

O qədər müqəddəssən ki,
Ayaqlarımı atıb bir tərəfə,
Ürəyimlə gəzmək istəyirəm torpaqlarında.

***

Səs səsə qarışıb,
Söz sözə qarışıb,
Qarışqalar fillərə, fillər aslanlara,
Balıqlar ağaclara, ağaclar da insanlara...
Bu dünyada hər şey bir-birinə qarışıb.

Göydələnlərlə uçuq-sökük xarabalar
Yanaşı dayanıb.
İçində gecə daşıyan adamla
Gündüz daşıyan adam qol-qola addımlayır.
Səhraların bəxtəvər başına,
Yağış ancaq dənizlərə damlayır!

Tanımıram, atam kimdir, anam kimdir!
Bütün insanlar bir-birinə bənzəyir
Çağasından qocasına kimi...
Alçağından ucasına kimi...

Misraların bəzəyi günəş,
Hamının səcdə etdiyi
O əbədi günəş də
Torpağın altındakı qapqara zülmətə qarışıb.
Günəşə də lənət olsun!

Evim hanı?
Evim yoxdur!
Ev var, amma evim yoxdur!
Hara ayaq basıram,
Ora mənə yad gəlir!
Hara ayaq basıram,
Qulağıma bir lal fəryad gəlir.

Eşq?
O, çox böyük, çox bənzərsiz idi, hə?
Amma eşq də nələrəsə qarışıb,
Hopub buludların, küləklərin canına!

İlahi, sən?
Səni də görə bilmirəm,
Minlərin, milyonların içində, de, harada itib batmısan?
"Təzə gələr bazardan, köhnə düşər nəzərdən".
Yoxsa özünə təzə dünya yaradıb,
Bu qoca dünyanı atmısan?
Biləsən, bu dünyada hər şey
Bir-birinə qarışıb.
O nəhəng şəhərlər, böyük-böyük adamlar da
Bir qara kölgənin içinə sığıblar.
İlahi, gözümdə kiçilib dünya.

***

Gecələrin içindən gündüzlər keçməz,
Gündüzlərin içindən neçə-neçə gecə keçir.
Bu nə gecədir, Tanrı!
Yaratmısan da, sənə nə fərqi, necə keçir?
Yox, ağlamıram.
Göz yaşından bu tərəfə nə varsa, mənimdir.
İçimdə min illərin ağrısı var, ağrımıram,
Qucaqlayıb uyutmuşam
Qəlbimin ən uzaq soyuqluğunda.

İçimdəki keçəl uşaqla
Ağsaçlı qocanın arasındayam.
Güldanımda qərənfil də var,
Təzəcə qönçələmiş piyalələr də.
Gözlərimdə quraqlıq mövsümüdür,
Deyirlər, buralara yaz gəlib, gələr də...

Hisslərimə sonuncu daşı kim atdı,
Haçan atdı, bilmirəm.
Məni daş yuxumdan kim oyatdı,
Niyə oyatdı, bilmirəm.

... Kimə neyləmişdim?!

Həyat axır, mən dayanmışam,
Həyat axır, mən baxıram yuxulu-yuxulu.
Tanrıya nə fərqi, nə gəldi, verir.
Mənə də fərqi yoxdur, nə gəlir, gəlsin.
Çox ola, nəfəsim qırılıb düşəcək çiyinlərimdən.
Düşsün də, nə fərqi?

***

Mən yamyaşıl ağaclar əkmişdim,
Baltaladılar...
Ürəyimdə sevgidən evlər tikmişdim,
Taladılar...
Hara ki su tökmüşdüm,
Yenidən od qaladılar...

Elə dağınığam ki,
Saçımdan duyğularıma qədər,
Düşüncəmdən yuxularıma qədər...

Mən gedə bilərdim,
Getmirəm.
İlim-ilim, ölüm-ölüm
İtə bilərdim,
İtmirəm...

Çətini dayanmaqdır,
Yıxılmağa nə var?
Bir-bir toplayacağam parçalarımı,
Dağılmağa nə var?

Meşələrə ümid yoxdur.
Bundan sonra insansız,
Qupquru çöllərdən göyərəcək mənim ağaclarım.

 





12.04.2021    çap et  çap et