525.Az

Ruhiyyənin qorxulu yuxuları - Telman Orucov yazır


 

Ruhiyyənin qorxulu yuxuları - <b style="color:red">Telman Orucov yazır </b>

Acı taleli qız

(Əvvəli ötən şənbə sayımızda) 

Biz niyə cahil mollaların primitiv moizələrinə qulaq asıb, hər cür ağılsız uydurmalara baş əyib, cəhalətə yuvarlanmalıyıq? XXI əsrdən VII əsrə qayıtmaq istəyi hansı ağıldan, hansı uzaqgörənlikdən xəbər verir? Dünya irəli getdiyi halda, biz xərçəng kimi geriyə addımlamalıyıqmı? İslam dininin mahiyyətini düzgün qiymətləndirməliyik, onu cəhalət  mənbəyinə çevrilənlərə qarşı mübarizə aparmalıyıq.

Südabə Səfərli yenilik, novatorluq carçısı, müjdəçisi idi. Yarasa yeməyə həşərat tapmayanda, baharın gəldiyini bildirən qaranquşları yeməyə cəhd etdiyi kimi, xurafat epidemiyasını yayan adamlar, istər professor, istər tələbə olsun, Südabə xanıma qənim kəsilmək, ən azı onu tərksilah etmək istəyirdilər. Axır ki, öz iyrənc məqsədlərinə nail oldular, onu qəbrə yola saldılar. Bu məsələdə bizim də günahımız az deyildir, həyasızlıq edənlərə qarşı çıxmaqdan çəkindik, şəxsən özümüzü qorumağa çalışdıqda, mövqe qalamıza edilən ağır basqının baş tutmasına yol verdik.

Digər bir aspirant isə postunda Südabə Səfərlinin elm və din arasındakı münasibətə nümunəvi yanaşmasından söhbət açırdı və dəfələrlə qeyd edirdi ki, onları bir-birinə qarşı qoymaq düzgün deyilir. Böyük mütəfəkkir Tomas Akvinas deyirdi ki, ağıl və ürək bir-birinə əks çıxa bilməz, çünki hər ikisi eyni ilahi mənbədən gəlir. Böyük islam alimi İbn Ruşd (Averroes) isə qeyd edirdi ki, onu mövcud olan iki əks həqiqəti özündə ehtiva edən "ikiqat həqiqəti" müdafiə etməkdə ittiham edirlər. Birinə inanc hakim kəsilir, digərini isə ağıl öyrədir. O deyirdi ki, din və elmin fəaliyyət sahələri də müxtəlifdir, din ürəyə, elm isə ağıla müraciət edir.

Onlardan çox-çox əvvəl Aristotel insanların sosial heyvan olması fikrini irəli sürməklə yanaşı, onlara mənsub olan üstünlüyü də görürdü. İnsan mənəvi varlığa çevrildikdən sonra öz təbiətini dəyişir, artıq filosofun özünün adlandırdığı sosial heyvan olmasını da dayandırır. Ona görə də biz adamların, xüsusən gənclərin mənəvi aləmə yiyələnməsinə qayğı göstərməliyik, onların yenicə şumlanmış torpağı andıran beyinlərinə elm, bilik toxumları səpib, onların göyərməsinə, böyüməsinə, məhsul verməsinə şərait yaratmalıyıq. Professor Səfərli anaxronizmə, geriliyə, cəhalətə qarşı amansız mübarizə aparırdı. Onun belə dəlisovluğuna Siseronun Kiçik Katon barədə dediyi sözlər uyğun gəlir: "Katon Romulun əclaflarının vətənində yaşadığını unudub, özünü Platonun ideal dövlətində olan kimi aparır". Ona görə də çoxları Katonu məhkum etməyə cəhd edirdi və nəticədə onun ölümünə bais oldular. Südabə xanım da mühitdən gələn etirazlara məhəl qoymamaqla, səhvə yol verirdi və bu cığırı tərk edə bilmədiyinə görə özünün məhvini yaxınlaşdırmış oldu.

Bunları oxuduqdan sonra Ruhiyyə anladı ki, bu qadın təkcə mənim hamim olmayıb, mənim kimi çox sayda bədbəxt insanlara və ya onların yaxınlarına öz himayə və qayğısını əsirgəməmişdi. Həm də əhatəsində olan hamıya, hər kəsə düzgün yol göstərirdi, güclü vətəndaşlıq hissi təlqin edirdi. Deməli, çoxlarına onun xatirəsi olduqca əzizdir, kütbeyinlərin ittihamları isə heç də bu böyük insan üçün cəza olmayıb, onun mükafatlarının davamı sayılmalıdır.   

Yusif müəllimlə yeni görüş 

Ruhiyyə ağrısı başlayanda, anası ilə birlikdə doğum evinə yollandı. Həkim və tibb bacıları onların avtobusla gəldiklərindən agah olduqda, onlara maraq göstərmədən uzaqlaşdılar. Elə təsəvvür yaranırdı ki, bu tibb müəssisəsinin təmiz dəhlizinə iki həşərat daxil olmuşdur.

Nəhayət, onu dörd çarpayısı olan palataya yerləşdirdilər. Oradakı digər qadınlar da yaşına görə Ruhiyyəyə bənzəməsələr də, kasıblıqlarına görə ondan fərqlənmirdilər. Onlar burada özlərini hindlilərin "şudra" kastasına məxsus olanlar kimi aparırdılar, baxımsızlıqdan və xidmətin yararsızlığından isə şikayət edə bilməzdilər.

Bir neçə gündən sonra onu doğum otağına apardılar və Ruhiyyə qapının üstündəki yazını görəndə yenidən qorxuya düşdü, çünki ona demişdilər ki, genikoloqların məsuliyyətsizliyi nəticəsində doğulan uşaqlar travma alır, sonradan ömürlük əlillərə çevrilirlər. Onun da uşağı belə doğulsa, onun bətnini icarəyə götürənlər uşağı ona qaytara bilərlər və o, ömrü boyu əlil uşaq böyütməli olacaqdı. Bəs aldığı pulu necə geri qaytaracaqdı? Yaxşı deyirlər ki, bəla gəldisə, qapıları geniş aç. Görən, bu otaqda da əməliyyat qaydasında aparılacaqdımı?

Xoşbəxtlikdən, ölkə rəhbərliyinin son vaxtlar həkimlərə, tibb işçilərinə verdiyi yüksək qiymət və əlavə maddi yardım onları çox ruhlandırmışdı. İndi onlar xəstələrə daha yaxşı qayğı göstərir, öz işlərinə fərqli məsuliyyət bəslədiklərini nümayiş etdirirdilər. Bunun müqabilində əhalinin onlara münasibəti müsbət tərəfə dəyişmişdi.

Nəhayət, doğuş çətinliklərlə müşayiət olunsa da, baş tutdu və dünyaya sağlam, normal ölçülərdə olan bir oğlan uşağı gəldi. Ruhiyyə bir ana kimi çox sevinmişdi, hətta tezliklə öz doğma balasından birdəfəlik ayrılacağını da yaddan çıxarmışdı. Həkim otaqdan çıxdı ki, yaxşı xəbər gözləyənləri muştuluqlasın, onlar, yəqin ki, uşağın gələcək valideynləri idi.

İki gündən sonra o, doğum evini tərk etdi, qapıda uşağın bioloji atasının Cipi dayanmışdı. Anası ilə birlikdə Ruhiyyəni evlərinə gətirib qoydular, uşağı bələkdə yeni anası öz qucağına götürdü və Ruhiyyəyə xoş xəbər kimi onu da dedi ki, oğlumuzu yeni mənzilimizə aparacağıq, köhnə mənzil bizə düşməmişdi.

Ruhiyyənin qorxulu yuxuları 

Ruhiyyə öz problemləri barədə təkcə gün ərzində, ayıq olanda düşünmürdü, başına gələnlər yuxuda da onu rahat buraxmırdı, ondan hesab tələb edirdi. Axı o, özünün bataqlıqda yaşadığı günlərdən bir ildən çox idi ki, aralanmışdı, onları xatırlamaq belə istəmirdi, onun havası ciyərlərini də elə bil ki, sıradan çıxarmışdı. İndi də yuxular onun təmiz hava almasına qısqanclıq edib, onu keçmişə qaytarmaq, xatirələrinin dəhşətini bir daha yada saldırmaq istəyirdi ki, sən özünü nə qədər təmiz hesab etsən də, üstündəki qalın qara ləkə hələ də qalmaqdadır, onu ən iti şeylə qaşımaqla da yoxa çıxartmaq mümkün deyildir. O ləkə qəbirə qədər səni təqib edəcək, xoş günlərinə də zəhər qatacaqdır. Ruhiyyə buna görə də yuxuya getməkdən də qorxurdu. Çünki yuxuda keçmişi ona daha amansız qaydada xatırladılırdı, vaxtilə olmuş hadisələri hətta bir qədər şişirdilmiş şəkildə yada salırdı. Ümumiyyətlə, dərin, sağlam yuxuya həsrət idi, əvvəlcə bunu hamiləliyi ilə, ondan necə üzüləşəcəyi barədə onu əzən düşüncələri ilə izah edirdi. Artıq hamiləlik arxada qalmışdı, yuxu görmələr isə onun rahatlığını tamamilə pozmuşdu. Nədənsə həyatında nadir hallarda da olsa baş verən xoş dəqiqələrin heç biri yuxusuna girmirdi, onun təhqir olunduğu, dəhşətlərlə üzləşdiyi mənzərələr isə təkrar olunmaqla, virtual qaydada daha sərt şəkildə cərəyan edirdi. Yuxudan ayılanda o, qorxudan ölə bilərdi. Ona görə də qızın yuxusu qəhətə çəkilmişdi, tez-tez oyanır və bu vaxt sakitləşmək əvəzinə, yuxuda gördüklərinin davamı kimi özünün və peşə yoldaşlarının başına gələnlər və yuxuda cərəyan edən daha eybəcər hadisələr sonrakı düşüncələrində onu təqib etməyə başlayırdı.

Son günlərdə gördüyü bir yuxu gerçəklik kimi onu çox qorxutmuşdu. Bir iri bədənli, bahalı geyimdə olan pəzəvəng kişi ilə tanıdığı otellərin birinə gəlmişdi və kişi əylənmək üçün orada otaq götürdü. Deyəsən, o, kefli idi, danışığında əlaqə yox idi, elə bir səbəb olmadan tez-tez gülürdü. Ruhiyyə belə şeylərə adət etmişdi, hər cür nakəs adamlarla da görüşmüş, onlara ürəyində ikrah bəsləməsindən asılı olmayaraq, öz peşə xidmətini göstərməyə məcbur olmuşdu. Bu kişi harasa tələsirmiş kimi onunla yaxınlıq etdi və hirsli qaydada çarpayını tərk edib, mızıldana-mızıldana paltarını geyinməyə başladı. Ruhiyyə diqqət verib, onun sözlərini anlamağa çalışdı. Kişi söylənirdi:

- Xərc çəkib, bahalı otaq tutmuşam, kefimi açmaq istədiyim halda, bu səfeh qız da məni əyləndirməyi bacarmadı. Özünü elə aparır ki, guya mən bunun əriyəm, yaxınlıq etdikdə ləzzətə-filana fikir vermirəm. Sən öz peşənə də hörmət etmirsən, sənətindən də başın çıxmır, səninlə yaxınlıq məni qətiyyən qane etmədi, əksinə, qanımı qaraltdı. Yaxşı, pornoqrafik internet kanallarına baxmırsanmı? Niyə ləzzətli priyomları öyrənmirsən? Heç olmasa "Kamasutra"dan bəzi şeyləri öyrənə bilərdin.

O, sözünü kəsib, Ruhiyyədən pozğun qaydaların birində yaxınlıq etməsini tələb etdikdə, qız fağır-fağır dedi ki, mən elə şeyləri bilmirəm, bacarmıram.

Kişi daha da hirsləndi:

- Bəs nəyi bacarırsan, sən özünü kasıb evlərin döşəməsinə sərilmiş həsir kimi aparırsan, nə ehtirasın hiss olunur, nə də adamı coşduran bir hərəkət edirsən. Sənin sifətinin cizgiləri bu əməliyyatdan əvvəlki dövr üçün lazım idi, sonra isə sənin peşə hazırlığın özünü büruzə verməlidir. Bu yaxınlarda mən bir Çin filminə tamaşa etdim, 1920-ci illərin Şanxayında baş verən hadisələrdən bəhs edirdi. Orada fahişəxanadakı qız elə oyunlar göstərirdi ki, onu seks akrobatikası adlandırmaq olardı. Axı sizin müştərilər xərc çəkmirlər ki, kobud bir skamyanın üstündə otursunlar. Onsuz da nəyisə demək artıqdır, ona görə də sənə heç bir haqq düşmür, otağın pulunu əvvəlcədən verdiyimə də heyifsilənirəm. Ömrümdə birinci dəfədir ki, belə səfeh vəziyyətə düşdüm. Bu da mənə bir dərs olar.

O, paltarlarını geyinib çıxıb getdi. Otaqdan çıxmamışdan əvvəl özünü ziyalı adam kimi göstərmək üçün daha uca səslə dedi:

- Heç vaxt bilməməyini özünə qalxan eləmə. Qədim romalıların yaxşı bir zərb-məsəli var: "Ignoratia non est argumentum" - bizim dildə "Bilməmək səbəb ola bilməz". Yoxsa qanmazlar dünyaya ağalıq edərdi. Mənim kimilər buna heç vaxt imkan verməyəcəkdir.

 Ruhiyyə bu əclafın kobudluğunun yaratdığı əsəbilikdən, heyrətə gəlmişdi, hərəkət də edə bilmirdi, elə bil ki, donmuşdu. Sutenyor ondan pul tələb edəcəkdi, baş verənləri söyləsə də, inanmayacaqdı. O, öz gününə, bu peşənin yolçusu olduğuna hönkür-hönkür ağlayanda yuxudan ayıldı. Onu soyuq tər basmışdı. O, düşünməyə başladı ki, niyə belə pis yuxular onu rahat buraxmaq istəmir, bəlkə, iyrənc keçmişinə görə ondan qisas almağa çalışır. Axı onlar müdafiəsiz məxluqlar idi, ona görə də müştərinin hər cür şıltaqlığına, kobudluğuna, təhqirlərinə dözməli idilər. Məgər başqa qızların başına belə işlər gəlmirmi?

Ruhiyyənin yadına bir çox cavan tacik qızının başına gələn daha bir müdhiş əhvalat düşdü. Sutenyor bu gözəl qızı xarici əlaqələrindən istifadə edib, Bakıya gətirmişdi və onun hesabına yaxşı pul qazanacağına ümid bəsləyirdi. Müştərilərdən birinə qızı göstərdikdə o, sevinclə təklifi qəbul etdi və qızı özü il bahalı maşınında apardı. Onlar kişinin tanıdığı otelə gəldilər, o, bir butulka fransız şampanı, bir qutu şokolad və meyvə sifariş verdi. Otağa girəndə süfrə yaxşı bəzənmişdi. Kişi ona müraciət edərək soruşdu:

- Nədən başlayaq, əsas məsələdən, yoxsa nəşələnmək üçün bir az şampan içək.

Qız gözlərini döyüb, heç nə demədi. Kişi bir qədər acıqlı şəkildə təkrar etdi:

- Niyə cavab vermirsən, lalsan?  Adın nədir?

- Bilmiram.

Qızın Azərbaycan dilində bildiyi üç-dörd sözdən biri bu idi.

Müştəri dedi:

- İndi bilərsən.

(Ardı var)

 





12.04.2021    çap et  çap et