525.Az

Naxçıvan Bölməsi cari ilin I rübündəki fəaliyyəti ilə bağlı hesabat verib


 

Naxçıvan Bölməsi cari ilin I rübündəki fəaliyyəti ilə bağlı hesabat verib<b style="color:red"></b> AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

525.az-a verilən məlumata görə, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqatların nəticələrindən bəhs edib. Alim cari ilin göstəriciləri ilə ötən ilin müvafiq dövrünün göstəricilərini müqayisəli təhlil edib.

Sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. Bildirilib ki, hesabat dövründə Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 37 iş 24 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupu tərəfindən davam etdirilib.

Məruzəçi diqqətə çatdırıb ki, cari ilin birinci rübündə bölmə əməkdaşlarının 3 monoqrafiyası, 2 kitabı, 108 elmi məqaləsi, 73 konfrans materialı olmaqla 186 elmi əsəri çap olunub. Əsərlərdən 61-i xaricdə nəşr olunub, bir xəritə tərtib edilib. 9 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb, bunlardan 4-ü Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi məqalələrin 30-u xaricdə olmaqla 97-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr olunub. Naxçıvan Bölməsinin humanitar və ictimai elmlər seriyası üzrə “Elmi əsərlər” jurnalının, həmçinin “Axtarışlar” jurnalının hər birinin bir nömrəsi çapdan çıxıb. Rüb ərzində 281 əsərə istinadlar qeydə alınıb, 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. 2 kitab, 1 monoqrafiya çapa hazırlanıb, 2 kitab, 2 monoqrafiya 236 məqalə çapa təqdim edilib. Hesabat dövrü ərzində AMEA Naxçıvan Bölməsində bir respublika, bir muxtar respublika, 6 bölmə səviyyəli elmi konfrans, 5 tədbir və 5 təqdimat keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlərin davam etdirildiyini, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görüldüyünü söyləyən O.Bağırov bildirib ki, 3189 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, gemorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Məruzədə elmi-kadrların hazırlanması məsələsinə də toxunulub. Qeyd olunub ki, bölmədə doktoranturaya və dissertantura qəbul keçirilmiş, doktorantura yolu ilə elmlər doktoru hazırlığına 2 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına 7 nəfər, elmlər doktoru hazırlığına isə 2 nəfər qəbul olmuş, onların tədqiqat mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib.

Hesabat dövründə AMEA Naxçıvan Bölməsi bir sıra ölkələrdən 20-dən çox elm və təhsil mərkəzi, eləcə də xarici ölkə alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində seminarlar, açıq dərslər, laboratoriya məşğələləri keçirilmiş, elmi dərəcəsi olan əməkdaşlar muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslər aparmışlar.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Bununla yanaşı bölmənin 4 elmi əməkdaşı muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçiblər.

Bölmə əməkdaşlarından akademik İsmayıl Hacıyev “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı və Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanı ilə, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rzayev Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edilmişdir. Əməkdaşlardan dosent Fizzə Məmmədova “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosent  Günel Məmmədova isə Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib.

Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edərək qeyd və təkliflərini bildiriblər.

 





13.04.2021    çap et  çap et