525.Az

"Bizim Sabir Əsgərov" - Şeir


 

"Bizim Sabir Əsgərov" - <b style="color:red">Şeir </b>

Ot kökü üstə bitər
Belə deyib atalar.
Ancaq kötük üstündə
Bitən palıdlar da var.

Bizim Sabir Əsgərov
Qəhrəman bir igiddi.
Qarabağ cəbhəsinə
O da könüllü getdi.

Qoynunda öz bayrağı,
Ürəyində haqq səsi,
Savaşlara atıldı
Şah Məcidin nəvəsi.

Vətən, yurd məhəbbəti,
Qəlbin içindən gələr.
Ata, baba nəsildən
Soydan, kökündən gələr.

Torpaqların yolunda
Qoydu o öz, canını
Düşmənlərin bu yolda
Çox axıtdı qanını.


Cəbhədə döyüşlərin
Qızğın getdiyi zaman
Qəlpəylə yaralandı
Bizim Sabir qəhrəman.

Göydə uçan güllələr
Sağdan soldan ötüşür.
Allah, bu vurhavurda
Ayaqmı yada düşür?!

Qanı axıb getsə də,
Ağrı-acı bilinmir.
Yenə gedir irəli
Qisas hissi silinmir.

O, düşmənin üstünə
Yaraq-yasaqla gedir
Bir ayağı yaralı
Bir tək ayaqla gedir.

Ara sakitləşincə
Yetişirlər köməyə.
Komandir: "Yaralısan,
Arxaya çəkil deyə".

Bu yandan da kömək var -
Yetişənlər həkimdi.
Soruşurlar torpaqda
Qan izləri kimindi?

Sabirin səsi gəlir:
"O mənim qan izimdi!
Qoy bütün dünya görsün,
Bu torpaqlar bizimdi".

Qəlpə yaraları var
Ayağında, qolunda.
Leytenant yaralanıb
Cəbrayılın yolunda.

Bu cəsur döyüşçüyə
Özün kömək ol, Allah!
Bu, əfsanə kimidi,
Sanki dastandı, vallah.

Sabirə xəbər gəlib:
Parlaq qələbə çaldıq!
Cəbrayıl azad oldu,
İgid, gözlərin aydın.

Qarabağ azad oldu,
Bir şey bilirəm ancaq:
Sabir kimi oğullar
Böyük Turan quracaq.

Çingiz DALĞIN

 





13.04.2021    çap et  çap et