525.Az

Publisistik özbaşınalıq və ya çayxana leksikonu


 

Publisistik özbaşınalıq və ya çayxana leksikonu<b style="color:red"></b> Tənqid ədəbiyyatın canıdır. Hansı əsər ki ədəbi tənqid-təhlil süzgəcinə yaramırsa, haqqında fikir mübadiləsi aparılmırsa, deməli, o mətn özünün bədiilik zirvəsinə qədəm qoya, öz təsdiqini tapa bilməyib. Amma gərək ki, tənqid edən şəxs əsaslı arqumentlərlə çıxış eləsin. Əgər tənqid mətnində səbəb-nəticə əlaqəsi gözlənilmirsə, demək ki, yazıda qərəz var. Ona görə də, dərk eləmək lazımdır ki, geniş mütaliə ədəbi tənqid etmək üçün kifayət deyil. Gərək ki, qanunauyğunluğa bələd olasan. Boş qazanın danqıltısı qulaq batırar...

Məsələnin ədəbi tərəfini qoyaq bir kənara. Tənqid yazmaq bacarığı məsələsindən əvvəl yazı yazmaq bacarağını formalaşdırmaq məqsədə uyğundur. Fərqli üslubla üslubsuzluğu qarışdırmaq olmaz.

Köşələrində guya ki, öz “məzələnmək üslubu” olan, əslində, üslubsuz Orxan Saffari bir yazar kimi ədəbi mühitdə kifayət qədər tanınır. Obyektiv yanaşsam, sözün açığı, Saffarinin xoş təəssürat bağışlayan şeirləri və hekayələri var. Təbii ki, tam püxtələşməmiş üslub ab-havası nisbətən ədəbi nümunələrində də hiss olunur. Amma gəl ki, köşələrini oxuyub bitirəndən sonra gedən vaxta təəssüflənirsən, yazı üslubunun bərbadlığına şahid olursan. Orxan Saffari yazıda səhvvari yön alıb. Publisistik yazının çərçivələrinə sığmayan ifadələr, küçə-çayxana sözləri imkan vermir ki, Orxan Saffarinin cızma-qarasını yazı adlandırasan. Məcbursan ki, onun adının yanındakı yazı sözünü dırnaq işarəsinin içində yazasan. Orxan Saffarinin yazısını oxuyanda bilmirsən ki, oturub linqivistikaya lay-lay çalasan, yoxsa ədəbiyyatşünaslığa. Bir yaradıcı adam haqqında yazı yazırsansa, deməli, orada həm bədiilik var, həm publisistika var. Hətta bəyənilən haldır ki, elmilik də olsun. Mahiyyəti oxucuya çatdırmaq üçün bu yoldan istifadə etmək lazımdır. Yoxsa başdan ayağa “lağ-lağı”dan istifadə etmək bir yazar kimi acizliyin əlamətidir ki, fikri yalnız belə çatdırmağa qadirsən və ya bilə-bilə buna əl atırsan. Qəsdən bu tərzdə yazmaq daha dəhşətdir.

Ötən gün Orxan Saffari Ramiz Rövşən haqqında bir söz yığını düzüb-qoşub. Heç kim heç kimdən tələb edə bilməz ki, filan şairi sevməlisən və ya sevməməlisən. Bu insanın iradi seçimidir. Bu mənada mən də Ramiz Rövşəni sevmədiyi üçün Orxanı ittiham edə bilmərəm, heç buna haqqım da yoxdur. Nəinki Orxanı, heç kimi. Amma yazıda tükürpədici sözlər var.

“Əvvəla-vilvila” ifadəsi ilə (başa düşmürəm ki, bu nədir) yazıya başlayan Saffari yazır: “Yalançını Ramiz Rövşənin “qara paltarlı qadın” şeirindəki qadına möhtac qalsın elə!”.

Bilirsiniz, bu, nə ironiyadır, nə istehza, nə yumor, nə də maraqlı söz oyunu. Bu sözü sanbaldan salmaqdan başqa bir şey deyil.

Yazının ikici mənfi tərəfi odur ki, Orxan Saffari Ramiz Rövşənin yalnız Azərbaycan səviyyəsində şair olduğunu, şeiriyyəti inkişafdan saxladığını, aktuallığını itirəcəyini vurğulayır. Amma yazı başdan ayağa iddiadır və heç nəyin səbəbi dəqiq göstərilmir, ortada arqument yoxdur. Yazının bir hissəsində belə qeyd edir:
“Açığı, bu barədə çox geniş yaza, danışa da bilərəm. Amma indi bunun izahını vermək qədər mənasız heç nə yoxdur”.

Əgər sən dediklərini izah edib fikirlərini əsaslandırmırsansa, oxucu ilə oyun oynamaq lazım deyil.   

Orxan Saffari muasir oxucu kütləsini göydən yerə vurmaqla kifayətlənmir, qeyd edir ki, Ramiz Rövşən poeziyasını sevənlər qəflət yuxusundadır. Bu artıq iddia yox, oxucu kütləsinə qarşı birbaşa hörmətsizlikdir. Şeiri sevmək, duymaq zövq, ruh məsələsidir. Ən azı Ramiz Rövşən yaxşı şair kimi xalqa yamanmayıb, xalq özü seçib, oxuyub. Təbii ki, mən də ilahiləşdirməyin əleyhinəyəm. Amma Qətran Təbrizidən El Romana qədər həm nəzmdə, həm nəsrdə hamını cüzi də olsa mütaliə eləmişəm, söz mülkünün kandarını uzaqdan seyr eləmişəm. Amma Ramiz Rövşənin inkişafa kölgə saldığını düşünmürəm və Azərbaycan oxucusunun aldandığını da zənn etmirəm.

Bəzən deyirlər ki, “Sən filankəsin etdiyinin yarısını etməmisən, haqqın yoxdu tənqid etməyə”. Təbii ki, bu absurd yanaşmadır. Orxana belə cavab vermək haqsızlıqdır. Gərək irad bildirəndə də, götür-qoy edəsən.  

Mən günahın yarısını ədəbi tənqidçilərdə görürəm. Onlar kifayət qədər məhsuldar olsalar, əsaslı çıxışlar eləsələr, belə mənasız və yersiz yazılara lüzum qalmaz. Oxucu sanballı ədəbi təhlillərə acdır. Boş mədəyə bu cür zərərli təam yollamaq ziyandır.  

Orxan Saffarinin qulağı deşən, yazıya yaraşmayan ifadələri çoxdur: “Ayın üzünə söyən oğlan”, “Qulağının dibi qızışan”, “İlahi, sən məni yerə itələ”, “Şeirin anasını ağladan dostumuz”, “Ay brat”... Saya-hesaba gəlmir. Ədəbi dilin normaları var. Bu normanı aşan istənilən yazı (bədii əsərlərdən başqa, çünki orada dialekt, varvarizm, vulqarizm işlənə bilər) birmənalı şəkildə qəbul oluna bilməz. Orxan Saffarinin belə “məzələrinə” elə qeyri-ciddi də yanaşmaq lazımdır.  

Ramiz Rövşəni tənqid etdiyi “yazı”da deyir ki, “Özümü intellektual göstərmək olmasın, adam gedib Mayakovski, Brodski kimi şairlərin şeirlərini oxuyandan sonra gəlib Ramiz Rövşən şeirlərini oxuyanda bərk qəribsəyir. Ən azından mən qəribsəyirəm”.

Mənə maraqlıdır ki, Orxan Saffari bu şeirləri hansı dildə oxuyub? Şübhəsizdir ki, tərcümədən. Brodskinin orijinalından xəbəri olmayan insan onun şeirləri ilə hansısa ədəbi müqayisə apara bilməz, naşılıq əlamətidir. Elə doğurdan da, özünü intellektual göstərmək istəyib. Bir də ki, Orxan Saffarinin kimdən xoşu gəlmirsə, onu plagiyat adlandırır, Ramiz Rövşəni də Anna Axmatovanın plagiatı... 

Yenə deyirəm, tənqidində olan problemlər bir yana Orxan Saffari yazısını təkminləşdirməli, sanballı iş ortaya qoymalıdır. Mövzu yoxluğu içərisində günlərini keçirən Orxan Saffari artıq neçənci dəfədir ki, Ramiz Rövşənin bostanına daş atır. Bu enerjini bu şəkildə haçalamaq oxucuya da xəyanətdir, istedada da.  

Orxan ümid edir ki, Azərbaycan oxucusu qəflətdən ayılacaq, mən də ümid edirəm ki, Orxan Saffari həqiqi yazı yazmağı öyrənəcək – publisistikaya kölgə salmayan cümlələr quracaq.
Hə, bir də yaxşı yadıma düşdü, Orxan Saffari, “qətiyyən şübhə etməyiniz” yox, “qətiyyən şübhə etməyin”. Hər bir yazıçı, şair, jurnalist, qələm adamının borcudur ki, dilin saflığını, zənginliyini, semantikasını, qrammatikasını göz bəbəyi kimi qorusun....

 





13.04.2021    çap et  çap et