525.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin Qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktorları akademik Vaqif Fərzəliyev, professor Elşad Məmmədov, redaktoru MEK-in biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri Könül Məmmədəlili və Elnur Həsənovdur.
Akademik Fuad Əliyevin həyat və fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1975-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin kitabları, ixtiraları, elmi məqalə və tezisləri, dissertasiyalara elmi rəhbərlik və opponentliyi, konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış və məruzələri, regionun sosial-iqtisadi inkişafında Gəncə Bölməsinin təşkilatçılığı ilə görülən işlər, eləcə də rəhbərlik etdiyi layihələrin təsviri toplanıb.
Kitaba alimin həyat və fəaliyyətinin əsas tarixləri, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında üç dildə qısa oçerk daxil edilib.
Göstəricidə materiallar xronoloji qaydada, əlifba üzrə və çap olunduğu dillərə görə qruplaşdırılıb. Kitabın sonunda göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə soraq-axtarış aparatı tərtib edilib.
Biobiblioqrafik göstərici neft kimyası sahəsində çalışan alim və mütəxəssislər, universitetlərin bakalavr və magistrları, gənc tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.