525.Az

“Onlar anlamırdı ki, Qarabağ bizə torpaqdan daha artıq bir şeydir”


 

“Onlar anlamırdı ki, Qarabağ bizə torpaqdan daha artıq bir şeydir”<b style="color:red"></b>

“Bu, tamamilə yeni Azərbaycandır, Ermənistan bizi yaxşı tanımayıb. Onlar elə hesab edirdilər ki, 1992-ci ilin Azərbaycanı ilə döyüşürlər. Amma Azərbaycan artıq fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir, motivasiya fərqlidir. Onlar düşünürdülər ki, biz unutmuşuq, zaman keçib, hər kəs yorğun olacaq, heç kəs müharibə istəmir”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezidentin sözlərinə görə, bəzən beynəlxalq mediada belə spekulyasiya olub ki, Azərbaycan heç vaxt heç nəyə başlamayacaq, ölkə inkişaf edir, stabilliyə görə heç vaxt risk etmərik, Prezident Əliyev heç vaxt risk etməz:

“Lakin onlar başa düşmürdü bizim içimizdə, qəlbimizdə nələr var. Onlar bilmirdi, anlamırdı ki, Qarabağ bizə torpaqdan daha artıq bir şeydir, bizim üçün şərəfdir, taledir, qandır. Buna görə də biz qəhrəmanlıq göstərdik, cəsarət göstərdik, axıradək getdik və heç kəs bizi dayandıra bilmədi. Bizi dayandırmaq üçün müxtəlif tərəflərdən çox cəhdlər oldu. Lakin biz sonadək getdik”.

Azərbaycanlılar və ermənilər necə qarşılıqlı əlaqə qura bilərlər? Mən düşünürəm ki, bu, xeyli dərəcə istəkdən, siyasətçilərin müdrikliyindən asılı olacaq. Hesab edirəm ki, biz burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə.

“Biz onların niyyətlərinin nə olduğunu bilmirik, bu işlənib hazırlanmayıb. Mən bir neçə dəfə aydın şəkildə bildirdim: Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan Baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir”, deyə Prezident qeyd edib.

Ermənilərin seçkiləri Azərbaycanafobiya, Türkofobiya, qisas hissləri üzərində quracaqlarını vurğulayan Prezident bildirib ki, Azərbaycanın mövqeyi aydındır və biz buna hazırıq. Ağdama və digər şəhərlərə qayıdacaq keçmiş məcburi köçkünlər ermənilərin onların torpaqları ilə, sevdikləri insanların məzarları ilə, dini abidələri ilə nə etdiklərini gözləri ilə görəcəklər. Biz hər birimiz insanıq bizim hər birimizin hissləri var. Biz onları gizlədə, hisslərimizə nəzarət edə bilərik. Lakin bəzi zamanlarda bu çətindir. Mən azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə gedərkən nə hisslər keçirəcəklərini deyə bilmərəm. Əgər Ermənistanın müsbət siqnalı olarsa, əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq.

 





13.04.2021    çap et  çap et