525.Az

Türk Şurasının yüksək vəzifəli şəxsləri Gəncədə


 

Türk Şurasının yüksək vəzifəli şəxsləri Gəncədə <b style="color:red"></b>

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və digər rəsmi şəxsləri Ermənistanın terror cinayətlərinin izləri ilə tanışlıq məqsədilə Gəncə şəhərinə səfər ediblər. Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müşayiət edib.

Nümayəndələr 2020-ci ilin oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.  Onlara  məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini raket və ağır artilleriyadan atəşə tutub.  Qonaqlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Nümayəndələrin nəzərinə çatdırılıb ki, 2020-ci ilin  təkcə 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bildirilib ki, bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb; ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, iri miqyaslı dağıntılar baş verib.

Qonaqlara xüsusi olaraq, izah edilib ki, əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi konkret olaraq, çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Səfərdə iştirak edənlərdən, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray jurnalistlərə açıqlamasında Gəncədə mülki əhaliyə qarşı edilmiş erməni terrorunun "ürək ağrısı" ilə şahidi olduğunu və baş verənlərin təəssüf doğurduğunu bildirib.

"Amma sevindirici odur ki, artıq bu hadisələrə son qoyulub və inkişaf üçün yaxşı perspektivlər mövcuddur.  Macarıstanın Xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Ölkəmizin Azərbaycanla çox sıx strateji əlaqələri mövcuddur. Macarıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün biz Qarabağda da olduq. Ümid edirik ki, Qarabağda başlamış yenidənqurma işləri uğurla başa çatdırılacaq. Nəhayət, bu regionda sülh bərqərar olacaq", - deyə P.Sztaray qeyd edib.

Xatırladaq ki, nümayəndə heyətinin üzvləri Gəncə şəhərindən öncə ermənilər tərəfindən viran edilmiş Ağdamda da olublar.

Z.MURADOV
Gəncə

 





13.04.2021    çap et  çap et