525.Az

Virusa yoluxmaq təhlükəsi və başqalarını düşünmək mədəniyyəti


 

Virusa yoluxmaq təhlükəsi və başqalarını düşünmək mədəniyyəti<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar 

Elçin Mirzəbəyli, jurnalist:

- Virusa yoluxanların sayı gündən-günə artır. Hər gün sevdiyimiz, tanıdığımız insanları itiririk. Amma yenə də sanki virus yoxmuş, yaxud "mənə heç nə olmaz" arxayınçılığıyla özümüzü və ətrafımızdakı insanları qorumamaqda israrlıyıq.

Bir neçə gündür sosial şəbəkələrdə "açıq havada maska taxmaq tələbi ləğv edilsin" həştəqi ilə kampaniya aparılır. Qoşulanların arasında tanıdığım insanlar da var. Olsun. Problem deyil. Hər kəs mövqeyini ifadə etməkdə azaddır. Maska taxmağı mən də sevmirəm, qadağaları da həmçinin... Qaydalara əməl edirəm, məsuliyyəti davranıram. Amma bu o demək deyil ki, virusa yoluxa və başqalarını yoluxdura bilmərəm. Yaxud məsuliyyətli olduğuma görə, mənim üçün fərdi və fərqli qaydalar müəyyənləşdirilməlidir...

Hər gün qapalı məkanlarda qaydalara əməl etməyən saysız-hesabsız insanla qarşılaşıram. Heç açıq havada belə sosial məsafə gözləmirlər. Maskanı çənədən aşağı salıb, ən yaxşı halda boynunun arxasında tövşəyirlər. İrad bildirirsən, ağız suyu yağış damlaları kimi üzərinə sıçrayır.

Hər kəsin həyatı dəyərlidir. Hətta bircə nəfərin açıq havada yoluxmaq riski varsa, deməli, onu belə bir risk qarşısında qoymamalıyıq.

Ən böyük mədəniyyət başqalarını düşünməkdir.

***

- Dünən İrəvanın David Anaxt küçəsində yerləşən evlərdən birinin balkonunda intihar etmiş, yaxud qətlə yetirilmiş 40 yaşlı qadının cəsədi tapılıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, adı açıqlanmayan qadının cəsədinin yanında, onun Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-leytenantı olan atasına məxsus tapança aşkarlanıb.

Yenə də Ermənistan mətbuatının yazdığına görə, qadının cəsədinin yanından tapılmış tabel silahı polis tərəfindən onun general-leytenant atasına təhvil verilib. Xəbərdən belə anlaşılır ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-leytenantı həmin vaxt İrəvanda olub, yaxud burada yaşayır və fəaliyyət göstərir. General-leytenanta məxsus tabel silahının hadisə yerindən tapılması da bunu sübuta yetirir.

Qənaətimə görə, faktın izlənilməsinə ehtiyac var və bu, bizim üçün də maraq doğura biləcək bəzi məqamların aşkarlanmasına imkan yarada bilər.

Elxan Şahinoğlu, politoloq:

- Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş gözlənildiyindən çox çəkib. Bu səbəbsiz deyil, liderlər xeyli mövzu müzakirə ediblər. Bu sıraya müdafiə sənayesinin, azad iqtisadi ticarət müqaviləsinin, regionda sülh və sabitliyin qorunmasından tutmuş, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılması aiddir. Ancaq böyük ehtimalla əsas mövzu Ukrayna-Rusiya gərginliyi və müharibə ehtimalının artması olub.

Rəcəb Tayyib Ərdoğan Zelenskini qəbul etmədən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon danışığının təşəbbüskarı Kreml sahibi olub. Əslində Vladimir Putin bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün təfərrüatları barədə Ərdoğanı məlumatlandırmaq məqsədilə türkiyəli həmkarına zəng etmişdi. Ancaq Putin fürsətdən istifadə edərək Ərdoğanın Ukrayna ilə bağlı mövqeyini də öyrənməyə çalışıb. Putin Rusiya-Ukrayna gərginliyində Ərdoğanın neytral qalmasını istəyir. Ankara Moskva ilə münasibətlərində yeni gərginlik mövzusunun yaranmasını istəmir, ancaq Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və bu ölkəyə modern hərbi texnika satmaq siyasətindən də imtina edən deyil.

ABŞ hərbi gəmiləri Qara dənizə yaxınlaşmaq üzrədirlər. ABŞ hərbi gəmilərinin boğazlardan Qaradənizə girişinə icazə verib-verməmək Türkiyənin əlindədir. Çətin seçimdir. Ankara tərəzinin bir gözünə Rusiyanı, o birisinə Amerika ilə Ukraynanı qoyduqda ikincinin ağır gəldiyi aşkardır. Ancaq Ankara icazənin verilməsinin və nəticədə Rusiya ilə münasibətlərdə soyuqluğun artması qarşılığında Amerikanın Türkiyə siyasətinin müsbətə doğru dəyişməsinə ümid edə bilərmi? Çətin. 

Mirsəməd Cəfərli, aparıcı:

- Bircə bu qalmışdı, onu da elədilər. Bir çox ölkələr səyahət üçün bağlıdır, bir sıra ölkələr də öz vətandaşlarını xaricə buraxmır. Ona görə də, Almaniya Arxeologiya İnstitutu  bir kompüter şirkəti ilə birgə xüsusi proqram hazırlayıblar - onun vasitəsilə evindən çıxmadan dünyaya səyahət etmək olacaq.

Hələlik Livanda, günümüzədək gəlib çatmış qədim Baalbək şəhərinə getmək olar.

Bu şəhərdə antik dövrün möhtəşəm tikililəri, məbəd ancamblı qorunur.

Komputerin ekranından bütün detalları incələmək mümkündür.

Deyirlər ki, hər şeyi o qədər diqqətlə işləyiblər ki, özünü sanki həmin yerdə hiss edirsən.

3D renderlər, mənzərə görüntüləri üstəgəl audio bələdçi - və sən pulsuz olaraq artıq Livandasan, qədim Roma abidələrinə tamaşa edirsən.

Siz nə düşünürsünüz, belə səyahət heç real gəzintini əvəz edərmi....

Səyahətdə yaşadığın hissləri belə virtual şəkildə yaşamaq mümkündürmü?

Əlbəttə ki, yox!

Bir də, Səyahət sizə nə üçün vacibdir?

Nəyə görə yaşadığınız yerdən kənara yollanırsınız? 

Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru: 

- Bizim mətbuat qarşı tərəfdə bizimlə bağlı radikal deyilən hər bir fikri dərhal manşetə çıxarıb ona beynəlxalq diqqəti cəlb edən kimi qarşı tərəf də bizim populist siyasətçilərin nifrət doğuran fikirlərini toplayıb onunla öz cəmiyyətlərini kökləyirlər. Eyni zamanda, BMT-nin strukturlarına hesabat hazırlayanda Azərbaycanda səslənən həmin o populist fikirlər ölkəmizə qarşı istifadə olunur.

Vaxtilə mən Qarabağda olanda şahidi olmuşdum ki, onların xarici siyasət idarəsinin ən çox fikirlərini izlədiyi adamlar bizdə qarşı tərəf haqqında radikal və nifrət yaradan fikir söyləyən insanlar idi. Sonra da biz beynəlxalq təşkilatların Azərbaycanda qarşı tərəfə "nifrət"ini göstərən hesabatlarında məhz həmin adamların sitatlarını görürdük.

Yazdım ki, biləsiniz. 

Xaqani Səfəroğlu, jurnalist:

- Sülhməramlıların komandanı Rüstəm Muradov əsəbi halda Bakıya hərbi əsir dalınca getmədiyini bildirib. O, xəbəri yayan Ermənistan rəhbərliyini təxribatda ittiham edib.  Amma Bakıya gəldiyini, bunun adi işgüzar səfər olduğunu vurğulayıb.

Ciddi hadisədir. Muradovun Bakıya "əhval-ruhiyyə"ni öyənməyə gəlməsindən İrəvan faydalanmağa çalışıb.

Paşinyan Müdafiə Nazirliyini dünəndən bəri mühasirədə saxlayan etirazçıların qəzəbini sülhməramlılara yönəltməklə "hərbi əsir" mövzusunu Putinin boynuna qoymağa cəhd edir.

Bakı hələ ki Muradovun dünənki səfərini nə təsdiq, nə də təkzib edib.

Azərbaycan Şirakdan gələn terrorçuları "hərbi əsir" saymadığını bir daha bəyan edib və bununla da Noyabr sazişinin maddələrini masaya müzakirəyə çıxarıb.

"İskəndər"lə bağlı biabırçılıqdan sonra Moskvanın növbəti dəfə "söz yiyəsi" kimi çıxış etmək cəhdi İrəvanın "təyyarə" təxribatı ilə üzləşib.

Belə görünür ki, Paşinyan tələsir. İyunda seçkidir və aprelin axırında o istefa verməlidir. Seçkiyə qədər "hərbi əsir" məsələsi həll edilməsə seçkidə bu onun üçün ciddi başağırısı olacaq.

Bakı isə vəziyyəti çox gözəl tutaraq Noyabr sazişinin maddələrinin yerinə yetirilməsini istəyir. Əsas məsələ erməni hərbçilərinin Qarabağdan çıxarılması, Laçında sərhədin qapılarının müəyyən olunması və Mehi keçidini tezləşdirməkdir.

Bunun üçün Paşinyan "bulanıq suda balıq tutmağa" cəhd edir və belə təxribatla Moskva ilə gərgin situasiya yaradaraq onu Bakıya təzyiq elementinə çevirməyə can atır.

Bakı isə "boş təyyarələr" yola salır.

Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı:

- Köhnə Nəsimi bazarının yanında "Ağ çiçəyim" dükanından bir dəstə gül aldım. Çıxmaq istəyəndə gülçü məni saxladı və cavan işçilərdən birinə "yan otaqdan Sabir bəyə bir dənə də Xarı bülbül gətir. Bu da bizim hədiyyəmiz olsun" dedi.

Dibçəkdə əkilmiş Xarı bülbül aldığım gül dəstəsini kölgədə qoydu...

Yadıma 35 il öncə yazdığım kitabımdan bir cümlə düşdü:"Millətimin ruhuna heyranam!" 35 ildə çox döyüldük, söyüldük, böhtanlara tuş olduq, müharibə hər birimizin həyatına yaralar vurdu, lakin o ruhu sındıra bilmədi... Gülçünün hədiyyə etdiyi və gül dükanına qələbəmizin nişanəsi kimi gəlib çıxmış Xarı bülbül o ruhun bəhrəsidir... 

Rufik İsmayılov, jurnalist:

- AzTV-də jurnalist Yunis Orucovun minatəmizləyənlərin işi ilə bağlı hazırladığı araşdırmaya baxdım. Hərbi mütəxəssislərin qənaətinə görə, 1 kvadratkilometr ərazini mina və sursat qalıqlarından təmizləmək üçün təxminən 20 min manat vəsait tələb olunur. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilər 10 min kvadratkilometrdən çoxdur, bu zaman biz ən azı 200 milyon manat vəsait xərcləməliyik. İnsan resursu, texnika və sair amillər də nəzərə alınarsa, bizə illərlə vaxt lazım olacaq ki, o torpaqlarda rahat, təhlükəsiz gəzə, yaşaya bilək. Səbirli olmağımız gərək. İndi ən çətin və məsuliyyətli işi Ordumuzun mühəndis və istehkam bölükləri, onlara dəstək olan əcnəbi mütəxəssislər, ANAMA-nın əməkdaşları görürlər. Onların hər hansı bir səhvi veə diqqətsizliyi həm öz həyatlarını, həm də gələcəkdə hansısa mülki şəxsin həyatını təhlükəyə ata bilər, faciə yaşanar. Allah xalqımızı qorusun! 

Elçin Alıoğlu, jurnalist:

- Xankəndi, Xocalı, Xocavənd və hələlik tam nəzarətimizdə olmayan digər ərazilər... O ərazilərdə qarabağlı ermənlərin xuntası meydan sulayır, tiqranoidlər nədənsə danışırlar, nələrisə bəyan edirlər, hansısa sənədlər imzalayırlar və ilaxır. "Axı nə qədər davam edəcək?" Ən çox eşitdiyim suallardan biridir.

Cavab verirəm: maksimum 3 il.

Bu sözlərimi unutmayın. Qarabağ problemini dərhal yox, iki mərhələdən ibarət proses əsnasında çözür Azərbaycan. Və çözəcək də.

Rusiyalı sülhməramlılarla banderloqlarsa nə isə tikirlər. Qoy, tiksinlər.

Bizə qalacaq. Tam əmin olun.

Şahbaz Xuduoğlu, naşir:

- Yardımlıda zibil atmağa yer yoxdur. Kim hara gəldi zibili atır. Çay kənarında yaşayanlar çayla axıdır. Kəndlərin ətrafında olan dərələr zibilxananı əvəz edir.

Orda yaşayanlar bunu çox təbii qəbul edir. Çünki Alternativ yoxdur.

Yardımlıda zibil idarəsi var, amma onun təkcə bir Qaz 53 maşını, 2 nəfər fəhləsi var. Onların da gücü mərkəzin zibilini təmizləməyə yetir.

"Təmiz şəhər" ideyası çox bəyənilir. Bunu "təmiz rayon", "təmiz kənd", "təmiz qəsəbə" etmək olmazmı?

 





13.04.2021    çap et  çap et