Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.
Konfransın açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik İradə Hüseynova, "Baker Hughes" şirkətinin Rusiya və Xəzər regionunda neft yataqları xidmətləri üzrə vitse-prezidenti Tommy Kassem, "Kinetics Technology" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Niccolo Heilpern, bp şirkətinin baş geoloqu Arzu Cavadova, "SOCAR Polymer" MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi, BANM-in məzunu Bəxtiyar Allahverdiyev, "Halliburton" şirkətinin vitse-prezidenti Kolton Tomas çıxış edib.
Tədbirdə "Microsoft-Azərbaycan", "Schneider Electric", "bp", "Bahar Energy Operating Company Limited" şirkətlərinin, AMEA-nın İdarəetmə Sistemləri, Aşqarlar Kimyası, Şərqşünaslıq, Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat institutlarının rəhbər şəxsləri, eləcə də Azərbaycan Texniki Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun rektorları və Fransız-Azərbaycan Universitetinin (UFAZ) icraçı direktoru da iştirak edib. Ümumilikdə, onlayn tədbirə 1000-ə yaxın iştirakçı qoşulub.
Media mənsublarının da qatıldığı konfrans öz işini ayrı-ayrı bölmələr üzrə 13-28 aprel tarixləri arasında davam etdirəcək.
Konfransı giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-də keçirildiyini vurğulayıb. E.Qasımov bildirib ki, 9 illik müddəti əhatə edən konfransın keçirilməsinin əsas məqsədinin tələbələrdə elmə, elmi tədqiqat işlərinə maraq yaratmaq və bu sahədə onlar arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.
SEVİNC