525.Az

Özünüməşğulluq proqramı baramaçılığa da sirayət edəcək


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ VƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİKLƏRİ BU YÖNDƏ BİRGƏ LAYİHƏYƏ START VERİRLƏR

Özünüməşğulluq proqramı baramaçılığa da sirayət edəcək<b style="color:red"></b>

Ölkəmizdə aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır.

Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, özünüməşğulluq proqramı davamlı şəkildə həyata keçirilməkdədir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Ailələr özlərnin təqdim etdikləri biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.

Özünüməşğulluq proqramına dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi  və Kənd Təsərrüfatı nazirlikləri  "Baramaçılığın inkişafına dəstək" layihəsinə başlayırlar. 

İlkin mərhələdə 20 nəfər kümçünün cəlb olunacağı layihə baramaçılıq üçün əlverişli olan 4 pilot rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkiri) əhatə edir. 

"Layihə iştirakçılarına dair tələblərə baramaçılığa istək və bu sahədə təcrübənin olması, kümxana salınıb istehsalçıya təhvil verildikdən sonra baramaya düzgün  qulluq etmə bacarığının olması, sahibkar tərəfindən podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılması kimi məsələlər daxildir", - deyə  Kənd Təsaərrüfatı Nazirliyinin layihə ilə bağlı bildirişində qeyd olunur.

Həmçinin bildirilir ki, layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürüləcək. Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük veriləcək.

Proqrama müraciət etmək istəyənlər yerlərdəki Ərazi Məşğulluq Mərkəzlərinə aprelin 25-dək müraciət etməlidirlər. Layihə üzrə müraciət edən şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçiriləcək və sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu ilə təmin olunacaqlar.

Z.MURADOV
Gəncə

 





14.04.2021    çap et  çap et