525.Az

Zəngəzur məsələsi və Türk dünyası birliyi - Şərh


 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: "LAP YÜKSƏK DAİRƏLƏRDƏN, AYRI-AYRI ÖLKƏLƏRDƏN DEDİLƏR Kİ, SİZ TÜRK QURŞAĞI YARATMAQ İSTƏYİRSİNİZ?"

Zəngəzur məsələsi və Türk dünyası birliyi - <b style="color:red">Şərh</b>

Aprelin 10-da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsüylə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi.

Bu əhəmiyyətli tədbir təkcə türkdilli ölkələrdə yox, regionda öz maraqları olan bir çox dövlətlər tərəfindən də diqqət mərkəzində idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hələ martın 31-də keçirilən videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı ilə diqqət çəkən Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinin, əməkdaşlığının gücləndirilməsi, inteqrasiyasının dərinləşdirilməsinə yönəlmiş fikirləri türkdilli ölkələrin liderləri tərəfindən böyük rəğbətlə qarşılandı. Türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsini qarşıda duran ən mühüm vəzifə olaraq qeyd edən Azərbaycan Prezidenti bildirdi ki, türk dünyasını birləşdirən Türk Şurası daxilində həmrəyliyin, əməkdaşlığın, inteqrasiyanın güclənməsi bu vəzifənin həyata keçirilməsində mühüm rol oynaya bilər: "Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq". Prezident çıxışında onu da vurğuladı ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur: "Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər".

Sirr deyil ki, Azərbaycan Türk Şurasının güclənməsi, türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində həmişə xüsusi rol oynayıb. Prezident İlham Əliyev bu istiqamətdə ardıcıl səylər göstərib, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafını, daha sıx münasibətlərin qurulmasını, mədəni dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayıb. Artıq Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi də yeni reallıqlar, əməkdaşlıq imkanları yaradıb.

Ümummilli lider Heydər Əliyevin vaxtilə təməlini atdığı, amma başa çatdırmağa ömrün vəfa etmədiyi işləri bu gün onun xələfi, dünya siyasi arenasında böyük rəğbət bəslənilən, nüfuz sahibi olan İlham Əliyev bütün çətinlikləri, maneələri aşaraq həyata keçirməkdədir.

Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi zaman yeni müstəqillik qazanmış ölkəmiz tarixinin ən ağır, ən çətin günlərini yaşayırdı. Bir tərəfdən daxili müharibənin, digər tərəfdən Ermənistanın hücumlarının qarşısını almağa çalışan, böyük qaçqın və məcburi köçkün probleminin həlli ilə məşğul olan Heydər Əliyev, eyni zamanda, nəhəng neft kontraktlarına imza atdı, iqtisadi-sosial cəhətdən boğulan gənc respublikanın xilası üçün nəhəng işlər gördü. Amma bu işlər ölkə daxili ilə məhdudlaşmadı. Ümummilli lider hakimiyyətə gəldiyi ilk gündən türk dünyası ilə əlaqələrin inkişafı üçün mühüm addımlar atdı. Onun türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr böyük tarixi əhəmiyyətə malikdir. 

Ümummilli lider Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Prezidenti seçiləndən sonra başlayır. Heydər Əliyev hələ Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü il iyunun 15-də Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir".

İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində isə Heydər Əliyev demişdi: "İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları var. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir".

Başqa bir maraqlı məqam isə Zəngəzurla bağlıdır. Prezident İlham Əliyev Ulu öndərin daha bir ideyasını reallaşdırmaqdadır. Heydər Əliyevin 2002-ci ilin iyulun 22-də Bakı Mətbuat Klubunun təsisçiləri ilə tarixi  görüşündə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualına cavab olaraq bu mövzu ilə bağlı maraqlı faktlar açıqlamışdı: "1920-ci ildə bu sərhədləri quranda, o vaxtlar Azərbaycanın Moskvada kimi olubdur? İqtidar ermənilərin əlində idi. Azərbaycanın torpağı - Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistana veriblər ki, Ermənistanın İranla sərhədi olsun. Bu, tamamilə süni bir şeydir...

... Serj Sarkisyan 2-3 ay bundan əvvəl deyib ki, Azərbaycanın lap yarısını da bizə versələr, biz Mehrini əlimizdən vermərik. Mən bunları bilirəm. Amma bunları bilərək, mən bunu açıq mətbuatın qarşısında Avropa Şurası Nazirlər Komitəsinin sədrinə, Lüksemburqun Xarici İşlər nazirinə deyirəm ki, siz Ermənistana gedirsiniz. Onlara deyin, qoy Mehrini bizə versinlər, Dağlıq Qarabağı onlara verək. Mən düşündüm ki, onlarda güclü bir reaksiya olacaqdır. Neçə dəfə soruşdum, olmadı.

Bunu sakit keçirdilər. Amma nə oldu? Bizim müxalifət qəzetlərində 5-6 məqalə getdi ki, Heydər Əliyev Dağlıq Qarabağı Ermənistana vermək istəyir. Əziz dostlarım, siz də bilin, bütün Azərbaycan milləti də bilsin. Mən bu danışıqları apararkən bəzən insanları divara dirəmək üçün, bəzən diplomatik oyunlarla, gedişlərlə bir şeyə nail olmaq üçün belə söz deyə bilərəm. Amma demək, hələ bunu etmək deyildir.

Mən dedim ki, Mehrini versinlər, biz də Dağlıq Qarabağı onlara verək. Bu o demək deyil ki, onlar o dəqiqə Mehrini verdilər, mən də Dağlıq Qarabağı onlara verdim... Olarmı? Olmaz!

Ancaq mən sizə bir şeyi də deyim. Bilirsiniz ki, vaxtilə torpaq dəyişikliyi haqqında söhbət olubdur. Saxarov buraya gələndə söhbət olubdur ki, Mehri Azərbaycana verilsin, Laçından da Ermənistana dəhliz verilsin, bu məsələ qurtarsın. Azərbaycan bununla razılaşmayıbdır. Bunu mənə Türkiyədə rəhmətlik Özal deyibdir, Süleyman Dəmirəl deyibdir... Bu məsələ o vaxt qalxıbdır, onlar da bunu deyiblər. Deyə bilmərəm ki, ermənilər son olaraq bununla razılaşa bilərdilər. Amma hər halda, belə bir əhval-ruhiyyə var idi. Amma bu işə tam müxalif çıxan tərəf Azərbaycan olubdur.

Mehrinin Azərbaycan üçün nə qədər əhəmiyyəti var, bunu bilirsiniz. Mən sizinlə açıq danışacağam. Bir dəfə belə söhbət oldu. Sonra lap yüksək dairələrdən, ayrı-ayrı ölkələrdən dedilər ki, siz türk qurşağı yaratmaq istəyirsiniz? Dedim türk qurşağı nədir? Dedilər ki, Türkiyə, Naxçıvan gəlib birbaşa Azərbaycana birləşir, oradan da Orta Asiyaya gedir. Dedim türk qurşağı kimə qarşıdır? Dedilər ki, görmürsünüz kimə qarşıdır? Amma mən də uşaq deyiləm. Bilirəm ki, bu həqiqətdir. Başa düşürsünüz?!"

Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirib. Məhz onun "Bir millət, iki dövlət" deyimi bu gün münasibətlərimizin əsasını təşkil edir.  Ümummilli liderin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan ilə, həmin türk regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri Sovet dövründə sıx olub, sovet dövlətinin süqutundan sonra isə yeni milli-ideoloji məzmun kəsb edib.

Başqa bir maraqlı məqam. 1994-cü ilin martında Çinə rəsmi səfərdən Bakıya qayıdan Heydər Əliyev Almatıda dayanır və Nursultan Nazarbayevlə görüşür. Mərhum Prezident həmin görüşdə bildirir: "Əvvəlcə qeyd etmək istəyirəm ki, mən özüm Almatıda dayanmağı xüsusi olaraq planlaşdırdım ki, məhz Nursultan Abişeviçlə görüşə bilim. Başqa sözlə, söhbət təkcə texniki ehtiyacdan deyil, həm də mənim Nursultan Abişeviçlə görüşmək, danışmaq arzumdan gedir... Biz onunla çoxdan dostuq. İndi üzərimizə böyük məsuliyyət götürdüyümüz bir vaxtda, əsrlərlə dostluq etmiş xalqlarımızın taleyi üçün böyük məsuliyyət daşıdığımız bir vaxtda şübhəsiz ki, görüşlərimiz, fikir mübadiləsi aparmağımız tələb olunur".

Ulu öndər Heydər Əliyevin başlatdığı daha bir işi - Türkmənistanla Xəzərin  karbohidrogen resurslarına dair sazişin imzalanması da İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün oldu. Bu il 21 yanvar tarixində Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Prezidenti İlham Əliyev bu sənədi tarixi sənəd adlandırıb, xalqlarımızı daha da yaxınlaşdıracağını, həm Türkmənistana, həm də Azərbaycana xeyir gətirəcəyini vurğulayıb.

Heydər Əliyevin ümumtürk həmrəyliyinin yaradılması ideyası bu gün də yaşayır və onun gerçəkləşməsi istiqamətində əməli addımlar atılır. Bu həmrəyliyin, əməkdaşlığın yeni ruhla davam etdirilməsində Prezident İlham Əliyev mühüm rol oynayır. Heç şübhəsiz, bu birliyin möhkəmləndiriməsi türk dövlətlərinin dünyada nüfuzunun, rolunun daha da artmasına və inkişafına səbəb olacaq.

Pərvanə SULTANOVA

 





14.04.2021    çap et  çap et